Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-09 09:54:00
Direktor namizədlər müsahibədə ən çox nələrdə səhv edirlər?-VACİB TÖVSİYƏLƏR

 

 

Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir. Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.

 

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsində iştirak edən namizədlər hansı məqamlara diqqət etməlidir?  Müsahibə zamanı namizədlər daha çox hansı səhvlərə yol verir?

 

 

Təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında, müsahibə mərhələsi zamanı namizədlərin səmimi olmasının vacibliyini vurğulayıb:

 

“Sualları müsahibə komissiyasının xoşuna gəlsin deyə yox, düşündükləri şəkildə cavablandırmalıdırlar. Müsahibədə iştirak edəcək  namizədlərə ən böyük tövsiyəm o olar ki, təhsilin idarə olunması ilə bağlı kitablar oxusunlar. Sadəcə qanunvericilik aktlarını öyrənib təhsili idarə etmək qeyri- mümkündür. Müsahibə mərhələsi zamanı idarəçilik bacarıqlarını ortaya qoymalıdırlar. Direktor vəzifəsi üzrə müsahibədə geniş dünyagörüşə malik olan müəllimlər iştirak etməlidir”.

 

Ekspert namizədlərin müsahibə mərhələsində çətinlik çəkməsinin səbəbindən danışdı:

 

“Direktorluq üzrə müsahibədə iştirak edənlərin ən böyük səhvi odur ki, şəxsi inkişafla bağlı ədəbiyyat və dərs vəsaitləri oxumurlar. Sualları düşündükləri formada deyil komissiya heyətinə xoş görünsün deyə cavablandırırlar”.

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında direktor olmaq istəyən namizəd müsahibəyə getmədən öncə öz niyətinin və məqsədinin nə olduğunu düşünməlidir deyə vurğulayıb:

 

“Özünə güvəni olan şəxslər müsahibədə iştirak etməlidir. Müsahibədən öncə məktəbdə idarəçilik sistemini necə quracağı barədə özündə fikir formalaşdırmalıdır. İdarəetmənin incəliklərini nəzəri olsa belə bilməldirilər. Bir direktor namizədi  bu peşəyə niyə gəldiyini, nə gözləntilərinin olduğunu dərk etməlidir. Nəzəri və praktiki suallara hazır olmalıdı,özünə güvənməyi bacarmalıdır. Bu onların müsahibədən keçməsinə kömək olacaq”.

 

Müsahibə iştirakçıları özünü müdafiə mövqeyinə çox tez keçirlər:

 

“Suallara reaktiv cavab verməyə çalışırlar. Müsahibə mərhələsində həyəcanlanıb fikirlərini düzgün ifadə edə bilməyən müəllimlər görürük. Namizədlər özünə güvənməyi bacarmalıdır. Qanunvericilik ilə bağlı sual verildikdə bilmədiyini bildirən var, bilmirəm sözü yerinə, hazırda xatırlamadım, lakin bunu öyrənmək mənin üçün çox sadədir desə daha ürək açıcı olar”-deyə,mütəxəssis qeyd edib.