https://modern.az/ #
2022-12-08 11:53:00
“Məlumatlı olmaq, hələ heç də savadlı olmaq demək deyil...”-Nadir İsrafilov

 

“Kitablar həyatım, təcrübələrim isə müəllimimdir.”

 

Ötən həftə sosial şəbəkələrdə tanınmış bir televiziya və radio aparıçısının paytaxt  məktəblərinin birində müəllim və şagirdlərlə görüşü zamanı dediyi “Müasir gənclik daha məlumatlıdır” sözləri istər-istəməz diqqətimi cəlb etdi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən "Məktəbdə...” layihəsi çərçivəsində təşkil olunan bu kimi görüşlər yeniyetmə və gənclərdə mənəvi-əxlaqi dəyərlərə hörmət, onlara ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etmək və digər maraq doğuran məsələlərin həlli və eyni zamanda təcrübə mübadiləsi baxımından son dərəcə faydalıdır. Ən başlıcası isə məktəblilərin ayrı-ayrı ziyalılarla bilavasitə canlı təması onların  sosial şəbəkələrdən asılılığının müəyyən dərəcədə aradan qaldırılması probleminin həllinə də təsirsiz ötüşmür.

 

Sözüm heç də onda deyil və müasir gəncliyin  daha məlumatlı olması da hər hansı bir mübahisə obyekti ola bilməz. Bəli, istəsək də istəməsək də qəbul etmək, zorundayıq ki, müasir gənclik bizlərlə - yaşlı və orta nəslin nümayəndələri ilə müqayisədə daha çevik və daha məlumatlıdır. Çünki, onların sərəncamında bizim dövrümüzdən fərqli olaraq, daha çox texnoloji resurslar, informasiya daşıyıcıları var. Lakin, gəlin aydınlaşdırmağa çalışaq və baxaq görək ki, məlumatlı olmaq daha önəmlidir, yoxsa savadlı olmaq və ya digər bilikli, səriştəli, istedadlı, intellektual və təhsil leksikonumuzda olan digər bu kimi kateqoriyalar...

 

Belə bir nəticə hasil olacaq ki, məlumatlı, bilikli, səriştəli, istedadlı, intellektual olmaq, hələ heç də savadlı olmaq demək deyil. Maraqlı burasıdır ki, kütləvi ədəbiyyatda savad əsasən insanın oxu və yazı bacarıqlarına yiyələnmək səviyyəsi kimi xarakteriza olunur. Yəni, hər hansı bir xalqın savadlılıq indeksi savadlıların sayı ilə ümumi əhalinin sayı arasındakı nisbətlə ölçülür. Məsələn, deyək ki, bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır və ya dünyada hələ də əsas savadlılıq bacarıqlarına malik olmayan ən azı 773 milyon yetkin insan üçün bu problem aktual olaraq qalmaqdadır.

 

Elə isə, bu kateqoriyaların hər birinin məzmun və mahiyyətini ayrı-ayrılıqda nəzərdən keçirək. Məlumatlılıq nədir? Müəyyən sahələr üzrə müxtəlif informasiya daşıyıcılarından müvafiq informasiyalara yiyələnmək. Bəs bilik? Bilik insanın  real vəziyyətə faktlar və rasional dəlillərlə əsaslandırılmış inamdır. Başqa sözlə, bir şəxsin (və ya bir qrup şəxsin) biliyi problemi həll etməyə imkan verən məlumatlara sahib olmasıdır. Səriştə isə adətən bir işə bələdlik, bir işi bacarma, təcrübə, bacarıq kimi qəbul olunur. Məsələn, bağ işlərində səriştəm yoxdur. İstedada isə adətən uğur əldə etmək imkanı verə bilən fitri qabiliyyət, bir şeyi tez mənimsəmə bacarığı kimi izahlar verilir. O ki, qaldı intellektuala buna ən uğurlu tərifi amerikalı linqvist, filosof, tarixçi və politoloq Noam Çomski verib:n“Sadəni mürəkkəbləşdirmək intellektualın sevimli oyunudur: nə qədər anlaşılmaz olsa, bir o qədər yaxşıdır.” Bunu  “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Breyn Rinq” kimi intellektual oyunlarda görür və bilavasitə şahidi oluruq.

 

Göründüyü kimi ən sadə və primitiv izah savada verilib: Oxu və yazı bacarıqlarına yiyələnmək, yəni yazı-pozunu bilirsənsə - savadlısan. Halbuki, bu təməl daşı olan “yazı-pozu” bacarığına mükəmməl yiyələnməklə insanın gələcək inkişafına geniş yol açılır. Bu təməl əsasında kitaba, yazıya, onun vasitəsi ilə klassik və müasir ədəbiyyata, tarixi yazılı mənbələrə, arxiv sənədlərinə, bir sözlə insan zəkası ilə ərsəyə gələn bütün elmi-kütləvi mənbəələrə çıxış əldə edilir. Yazıb-oxumağı hamı bilən müasir cəmiyyətlərdə yazı-pozunun qrammatikasına,  müəyyən edilmiş normalarına düzgün əməl edilməsinə xüsusi diqqət yetirilir. Müasir dünyanın böyük mütəfəkkirlərindən sayılan Umberto Eko deyirdi:“Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edin bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər.”

 

Bəli,təcrübə, həyat məktəbinin bizə öyrətmiş olduğu ən önəmli dərsləridir. Biz bir vaxtlar 1ci sinif üçün nəzərdə tutulan “Hüsnxətt dəftəri” vasitəsi ilə hərflərin düzgün yazılışını öyrəndik. İlk vaxtlar imla, sonralar ifadə, daha sonra inşa yazmaqla qrammatika qaydalarına yiyələndik. İstər orta, istərsə də ali məktəblərin yazılı imtahanlarından üzüağ çıxmaq üçün dünya və Azərbaycan klassikləri və müasirləri oxumaqla dünya və Azərbaycan tarixi və ədəbiyyatının xəzinəsinə bələd olduq. İndi, “baxmayaraq ki, məzunlar 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir...’’

 

Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənin vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya, metodologiyanın onilliklərdən, yüzilliklərdən bəri toplanmış potensialına əsaslanır, təkamül yolu ilə inkişafı tərciyə edir. Nə qədər acı olsa da, bir həqiqəti etiraf etmək zorundayıq ki, getdikcə müasir texologiyaların əsirinə çevrilərək virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki cəhətdən, həm də mənəvi tərəfdən nəsə bir cılızlaşma prosesi müşahidə edilir. Yəqin ki, bu da səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə də sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.

 

Biz kitab oxuduq, oxumaq yolu ilə təhsil aldıq, boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə və nüfuza sahibləndik. Nə oxuduqsa, kitabdan, dərslikdən, qəzet və jurnallardan oxuduq, nə öyrəndiksə məktəb və ailə tərbiyəsidən öyrəndik. Bizi məktəb və ailə mühiti yetşdirdi. O zamanlar kompüterin, sosial şəbəkənin nə olduğunu belə bilmirdik. Dərsliyə etalon kimi baxırdıq. Dərsliklərə düşməyən materiallar müəlimlərimiz tərəfindən dərsi müasir həyatla əlaqələndirmək metodu ilə bizə çatdırılırdı. Yəni, nə öyrədirdilərsə, imtahanda onu da tələb edirdilər. Kimsə etiraz edə bilər ki, dövr dəyişib, dəyərlər başqalaşıb, qlobalaşma dövründə, yeni texnologiyalar və innovasiyalar əsrində yaşayırıq.

 

Yaşayaq, ancaq dövrün tələblərinə uyğun tələblər qoyaq. Məsələn, əgər orta məktəblərdə məntiq keçilmirsə, imtahanlara məntiqlə bağlı sualar salınması hansı məntiqdən irəli gəlir? Və yaxud orta məktəblərin 9-cu siniflərinə imtahan kimi salınmış esseni tələm-tələsik ləğv etdiksə, məktəb dırektorlarının işə qəbulu zamanı esse imtahanı nə məqsədə xidmət edir və s və i.a. Suallar çoxdur. Hələ ki, toxunduğumuz mövzu ilə bağlı vəzifəmiz odur ki, məktəblilərin sosial şəbəkələrdən asılılığının müəyyən dərəcədə azaldıb, minimuma endirək, irəliyə gedərkən arada bir arxaya da üz çevirək.

 

Bu yazını nədən qələmə aldım...? Sadəcə, ona görə ki, qədim Roma ritorika məktəbini təsis etmiş Avreli Avqustinin bir sözü yadıma düşdü:  “Kitablar həyatım, təcrübələrim isə müəllimimdir.”

 

Nadir İsrafilov

Təhsil üzrə mütəxəssis