Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 11:09:26
MİQ  “yetirməsi”nin ucqar dağ kəndində əzablı müəllimlik həyatı – “Gecə üstümdə siçanlar gəzirdi” – VIII Yazı

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti  məqalənin müəllifi ucqar kəndlərin birində ingilis dili müəllimi işləyən Adil Xantəmirovdur. Adil müəllimin yazısında MİQ-lə bağlı detallar ilk növbədə az görünə bilər. Oxucu, bu yazıda çox şəraitsiz bir yerdə, ucqar dağ kəndində min bir çətinliklə dərs keçən müəllimin taleyiniu görəcəklər.  Amma bu yazıda MİQ amili kənarda deyil. I turdan kəsilən müəllim məcbur qalıb, müsabiqə mərhələsinə qatılır və…

“Ayə, harıya gedersən, ayə? Anan bilirmi ucqar kəndə gedersən, ayə?

2009-cu ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurandan sonra bir il işsiz qaldım. Həmin il nənəmin artıq 82 yaşı vardı və nənəm tək olduğu üçün onun yanında yaşamağa başladım. Nənəmin pensiyasının hesabına həmin bir ili birtəhər başa vurdum. Müəllim olmaq istəmirdim, özümə daha yaxşı həyat tərzi təmin etmək üçün hər bir gənc kimi mən də yüksək arzularla yaşayırdım. Lakin acı reallıq, iş tapmaq çətinliyi məni məcbur etdi ki, öz ixtisasım üzrə işləyim. Nənəm 83 yaşında bu dünyadan köçəndən sonra artıq başa düşdüm ki, hər nə olursa olsun, özümə bir iş tapmalıyam. Beləliklə, başqa yol olmadığı üçün məcbur olub 2011-ci ilə "Müəllimlərin İşə Qəbulu" müsabiqəsində iştirak etdim. Birinci turdan üzüqara çıxdım, ikinci turda boş qalan yerlər üçün özümü sınadım və məni kəndə göndərdilər. Daha doğrusu, kəndi özüm seçmişdim. Nazirlikdən də sağ olsunlar, məni həmin kəndə qəbul etdilər. Kənd haqqında heç bir məlumatım yox idi. O zamanlar bir kənd haqqında məlumat toplamaq çox çətin məsələ idi, imkanlar az idi. Hər şeyi kor-koranə qəbul edirdim.

Müəyyən olunmuş vaxtda əvvəlcə Rayon Təhsil Şöbəsinə yollandım. Orada həmin kəndə işləməyə hazır olan bir müəllim də var idi - Tarix müəllimi... Elə oradaca tanış olduq. Təhsil şöbəsinin nümayəndələrindən biri bizə bildirdi ki, gedib məktəbi də görmək lazımdır. Bizə izah etdilər ki, həmin kənd məktəbini görmək üçün bazara getməlisiz, avtobuslar dayanan ərazidə bir “UAZ” görəcəksiz, həmin maşın sizi kəndə aparacaq, hər adama görə gediş haqqı 5 manatdı. Bu, əvvəlcə bizə qəribə görünmədi. “UAZ”ı tapandan sonra yola düzəldik. Sürücü giriş sözünə yaxşı başlamadı - hə, cavanlar, 6 saatlıq yolumuz var - deyən kimi bir-birimizin gözünə baxdıq. Baxışlarımızdan anladıq ki, bizi yaxşı bir şey gözləmir. Yol boyu biz nə qədər kiçik kəndlər gördük. Hərəsi bir dağın başında. Gah dağa qalxırdıq, gah enirdik. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir yerdə insan yaşayarmış. Sən demə, insanlar haralarda məskən salırmış. Yol bitmək bilmirdi, əgər ona yol demək mümkündürsə...

Doğurdan da, 6 saata yaxın yol gedib həmin kəndə çatdıq. Xoşbəxtlikdən kənddə toy var idi. Bizə dedilər ki, direktor həmin toydadı. Direktoru görməyə toya yollandıq. Əgər əvvəldən bilsəydik ki, hara gedib çıxacağıq, əynimizdəki kostyumun əvəzinə hətta nimdaş paltar da geyinməyə hazır idik. Kənd çox hündürlükdə yerləşirdi. Biz soyuqdan tir-tir əsirdik. Direktora xəbər verdilər ki, kəndə iki cavan müəllim gəlib. Direktor bizi gülərüzlə qarşıladı, qısaca ordan-burdan danışıb bizi yeməyə dəvət etdi. Kəndin camaatı bizə qəribə tərzdə tamaşa edirdi, sanki yadplanetli görmüşdülər. Məlumdur ki, kənddə direktorun hörməti-izzəti böyük olur. Bizə toyun yeməyindən dadmağa dəvət elədi. Necə lazımdısa, qulluq elədilər. Direktor bizim üşüməyimizi görüb qızınmaq üçün yaxşı bir təklif elədi;dərhal araq gətirdilər. Yaxşıca yedik, içdik. Xeyli açılışdıq, özümüzü daha rahat hiss etməyə başladıq. Toyun sonuna yaxın direktor bizə gecələmək üçün müəllimlərin birindən xahiş etdi ki, öz yanında yer eləsin. Getdik həmin evə. Sən demə, bu gənc müəllim də gəlmədir. Sumqayıtdan təyinatla gəlib işləyir, evdə tək yaşayırmış. Evin taxta döşəməsi yox idi, palçıqdan hazırlanmış bərk döşəmə bizi lap qorxutdu. Yatmağa bir çarpayı olduğu üçün məcbur olub döşəyi yerə eninə sərdik, üç nəfərə o döşəyə uzandıq. Bədənimiz döşəkdə, ayaqlarımız isə döşəkdən kənarda yatmağa məcbur olduq.

Səhər oyanıb yemək üçün bizi başqa bir müəllimin yanına apardılar. Bizə kəndin qəribə həyat tərzi haqqında danışmağa başladılar. Gözümüz qorxmağa başladı. Hara gəldiyimizə görə it kimi peşman olmuşduq. Nəhayət, bizi məktəbə apardılar. Məktəbi görəndə nənəmin mal tövləsi yadıma düşdü. Onun inəkləri necə sağdığı gözümün önündə canlandı. Sağ olsunlar, əziz nənəmi mənə xatırlatdılar. Məktəb ən pessimist adamın təsəvvürünə gələ bilməyəcək vəziyyətdə idi. Kənd müəllimləri bizdən həqiqəti gizlətmədilər. Bizi hansı çətinliklərin gözlədiyini səmimi şəkildə dedilər. Elə bircə qış ayında kənddən heç yerə çıxışın olmaması bizim oradan baş götürüb qaçmağımız üçün ən böyük səbəb oldu. Elə gəldiyimiz “UAZ”la geriyə, Təhsil Şöbəsinə qayıtdıq. Şöbədən xahiş etdik ki, bizi daha münasib bir kəndə göndərsinlər. Beləliklə, hər ikimiz üçün eyni kənddə vakant yer olmadığı üçün bizi ayırmağa məcbur oldular. Məni başqa kəndə, tarix müəllimini isə ayrı kəndə göndərdilər. Məni göndərdikləri kənd sərfəli idi. Təbiəti gözəl idi, rayon mərkəzindən çox da uzaqda yerləşmirdi. Yenə də məni direktor qarşıladı. Məni görən kimi çox təəccübləndi. Mənə bildirdi ki, sənin yerinə başqasını göndərməli idilər, məni səhvən göndəriblər. Hər halda qonaq idim, evinə dəvət elədi. Nədənsə kənd direktorları həm də yeyib-içən olurlar. Süfrə açdı, çəkmə araqdan stolun üstünə qoydu. Direktorla maraqlı söhbətimiz alındı. Gecə yatdım, səhər tezdən məni kənd avtobusu ilə yola saldı. Yenidən Təhsil Şöbəsinə qayıtdım. Yalnışlığın olduğunu bildirdim.

Bundan sonra məni daha bir başqa kəndə göndərdilər. Bu kənd ikinci göndərildiyim kənddən də yaxşı idi. Hətta rayon mərkəzinə daha yaxın idi. Bu məktəbin direktoru qəlbimə daha yaxın göründü. Hiss edirdim ki, məni kənddə saxlamaq üçün əlindən gələni edirdi. Amma bir problemi həll etmək çətin oldu. Kənd əhli mənə kirayə ev vermirdi. Bildirdilər ki, biz oğlanlara ev vermirik. Çıxılmaz vəziyyətdə qalmışdım. Nəhayət, bir neçə müəllimin köməyi ilə mənə evdə tək yaşayan, gözləri çox zəif olan, əliəsalı bir qarının evində qalmağa imkanı yarandı.

Başıma gələnlərinin bir qismini çox qısa şəkildə qeyd edəcəm. Kənddə qaz yox idi. Evlər odunla qızdırılırdı. Odun doğramağı, onu sobada necə yandırmağı öyrəndim. Bəzən, külək sobadan çıxan tüstünü evin içinə qaytarırdı. Soyuq qış ayında tüstüdən xilas olmaq üçün qapı və pəncərəni açmalı olurdum, otaq soyuyurdu, tüstü yox olandan sonra yenidən otağın qızmasını gözləməli olurdum. Evdə digər otaqlar kilidlə bağlı olduğu üçün paltarlarımı qaldığım otaqda saxlamağa məcbur olurdum. Tüstü isə paltarların üstünə hopurdu. Gəl, indi belə vəziyyətdə məktəbə get.

Evdə siçanlar çox idi. Kökünü kəsə bilmirdim. Ağlıma gəlmirdi ki, bir pişik atım evə. Gecə yatıb səhər oyananda çörəyi deşik-deşik edirdilər, meyvələri məhv edirdilər. Mübarizə apara bilməyəndə əsəbləşirdim. Heç nə yeyə bilmirdim. Siçanlar mənə düşmən kəsilmişdilər. Onlara görə isə mən mehriban idim. Hətta o qədər sırtıqlaşmışdılar ki, yatdığım yerdə də üstümdə gəzirdilər.

Suyu vedrə ilə küçədən daşımalı olurdum. Həmin il qış sərt keçdi. -20 dərəcə şaxta düşmüşdü. Sular donmuşdu. Həmin günü məktəbə gedəndə əl-üzümü qar suyunda yumağa məcbur oldum və s.

P.S Həyətin hasarı demək olar ki, yox vəziyyətdə idi. Bir gün bir it uçuq hasardan aşıb mənə pənah gətirdi. Hələ tam böyüməmişdi. Dişi it idi. Ona yazığım gəldi. Əvvəlcə qorxurdu, yaxına gəlmirdi. Mən ona yavaş-yavaş isti münasibət göstərdim. Biz dostlaşdıq. İt böyüdü, yetişdi. Yaz ayında, qanın qaynayan vaxtlarında səhər oyananda təsadüfən pəncərədən həyətə boylandım. Həyətdə bir neçə zırpı erkək it gördüm. Onlar Bobikin (itimin) ətrafında dövrə vururdular, onu iyləyirdilər. Bobiki çağırdım, səsimi eşitdi. Dərhal mənə tərəf qaçdı. Onda anladım ki, itin insana sadiqliyi itin ən ali prinsipidir.