Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 10:00:00
“MİQ adına kölgə salan nöqsanlar var, məsələn, vakansiyalar gizlədilir” - AzEdu.az-ın ən yaxşı “onluq”undan V yazı  

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti  məqalənin müəllifi Bərdə rayonu Kürdborakı kənd tam orta məktəbin Kimya müəllimi Elşən Məmmədovdur: 

Son zamanların ən çox müzakirə olunan mövzularından biri müəllimlərin işə qəbul üzrə müsabiqəsidir. Müəllimlərin işə qəbulu müsabiqəsi yetərincə səs–küylü  və müxtəlif təbəqəyə aid  insanların müzakirə etdiyi, maraqlandığı, müxtəlif mülahizələr söylədiyi, kiminin alqışladığı, kiminin qarğışladığı, kiminin evinə gözləmədiyi , ummadığı halda sevinc gətirən , kimilərinin isə işlək dəyirmanını qurudan oldu. İnqilabi səs- küyünün içərisində müsabiqə ilə bağlı odlu–alovlu, tənqidi yazılar da, minlərlə insanın şəffaf işlə təminatını göstərən təqdir dolu məqalələr da oldu.  Heç bir iş müzakirəsiz ötüşmür. Eyni zamanda, heç bir iş problemsiz və qüsursuz da olmur. Sözsüz ki, müəllimlərin işə qəbulu müsabiqəsi də ilbəil təkmilləşərək daha stabil və oturuşmuş qaydalarla keçiriləcək.

Müsabiqə hazırda  dörd mərhələdə təşkil edilir: Birinci mərhələdə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, ikinci mərhələ test imtahanı , üçüncü mərhələ vakant yerlərin seçilməsi , dördüncü mərhələ isə müsahibədir.

Ən böyük müzakirə və iradlar müsabiqənin iki mərhələsində - test və müsahibədə-cəmlənib. Hazırkı müsabiqə şərtlərinə görə,  ixtisası üzrə vakant yer seçmək hüququ qazanan namizəd test mərhələsində 90 dəqiqə müddətində 40 ixtisas sualı, 10 kurikulum, 10 isə məntiq tapşırığı yerinə yetirməlidir. Sözsüz ki , belə test üsulu ilə keçirilən müsabiqə şəffaflığı ilə təqdir qazansa da, gedişat zamanı aşkara çıxarılan qüsurlar yetərincə cansıxıcıdır . Bu cür xırda nöqsanlar isə Təhsil Nazirliyinin gördüyü böyük işlərə kölgə salır.

 İllər öncə nə müəllim olmaq istəyən vardı, nə də müəllim olmaq belə asan idi. Bu gün artıq hər il müəllim olmaq istəyən şəxslər  daha da artır, heç kimə  minnət etmədən imtahanını uğurla verib müəllim adını qazanır. Belə bir deyim var: "Keçmişini unutma, amma keçmişlə də yaşama!”  Bəli , nəyin səhv, nəyin doğru olduğunu müzakirə etməyəcəm, sadəcə, illər əvvəl necə müəllim olurdun, onu unutma! Ancaq bu gün müəllim olmaq üçün imtahan veririk, “şəffaf şəkildə keçirilir” deyib də, hər şeyə  kortəbii alqış da tuta bilmərik. MİQ  müsabiqəsi şəffaf şəkildə keçirilməsinə bu yolla işə qəbul olub müəllim adını qazanan  Bərdənin Kürdboraki kənd tam orta məktəbinin kimya müəllimi Elşən Məmmədov kimi   əlbəttə ki, sözüm ola bilməz!  İstər Təhsil Nazirliyinin, istər Təhsil İşçilərininin Peşəkar İnkişaf İnsititu imtahanların daha operativ, şəffaf şəkildə keçirilməsi üçün daima səy göstərirlər. Bunlar təqdirəlayiqdir. Lakin hər gözəlin eybi olduğu kimi, biz müəllimlərin diliylə desək  “MİQ imtahanlarının” da  ürəyimizcə olmayan məqamları var.

Birinci növbədə test imtahanında hansı sualı səhv və ya doğru yazdığımızı bilməməyimizdən danışaq. Səhv və ya düzgün sualların bilinməməsi  imtahanın nüfuzuna kölgə salır və bəzi qaraqışqırıqçıların əlinə fürsət verir. Qəbul imtahanı ilə MİQ imtahanını eyniləşdirərək səhv cavabların bilinməməsini normal saymaq olmaz. Axı biz öyrədənlərik. Əslində, səhv  olan, lakin doğru həll etdiyimizi düşündüyümüz bir sualı şagirdlərimizə də səhv öyrədə bilərik.  Eyni zamanda, eyni ixtisasların ayrı –ayrı günlərdə imtahan verməsi, üstəlik sonrakı günlər imtahan verənlərin əvvəlki günlərdə istifadə olunan test tapşırıqlarını əldə edə bilməsi də böyük qüsurlardandır. Etiraf edək ki,burda xırda da olsa namizədin hüquqları pozulur və birinci imtahana girənlə , sonuncu imtahana girənin arasında artıq fərq olur. Birinci imtahana girən namizəd sanki 1-0 geridən başlayır. Buna görə də  eyni ixtisas fənlərinin eyni gündə imtahanının təşkilinə mütləq qaydada baxılmalıdır. Əgər heç cür eyni günə yerləşdirmək imkanı yoxdursa, onda səviyyəcə eyni olan , lakin müxtəlif test tapşırıqlarından istifadə etmək olar.

Məntiq testlərinin bu imtahana salınması da fikrimcə, yersizdir. Onun əvəzinə ixtisas suallarının sayını 10 ədəd artırmaq və bu sualları daha da qəlizləşdirmək olar. Məlumdur ki, hər bir fənn üzrə məntiqi təfəkkürü ölçən suallar var . Bu suallardan istifadə riyazi məntiq testi yerinə daha effektiv olar. . Kurikulum suallarına gəldikdə isə faktoloji testlərdənsə müəllimin metodiki bacarıqlarını üzə çıxarmağa kömək edən sualların salınması daha məqsədə uyğundur. Fikrimcə, müəllimin fənninə yaxın digər fənlərə münasibətini və biliyini ölçmək üçün inteqrativ suallardan istifadə olunması namizədin fənlərarası inteqrasiya qabiliyyətini müəyyənləşdirməyə də kömək edəcək.

 Müəllimlərin işəqəbulunda müzakirələri və narazılıqların bir qismi də sualların əvvəldən təqdim olunması ilə bağlıdır.   Suallar nə qədər çox olsa belə əvvəlcədən verilməsi gülməlidir, lakin istifadə olunan ədəbiyyatı siyahı şəklində təqdim etmək olar.  Xüsusi qabiliyyət tələb edən fənlərdə isə test imtahanı ilə yanaşı qabiliyyət imtahanının götürülməsi vacibdir. Belə ki , bu namizədlərin test imtahanından qabaq qabiliyyət imtahanı vermələri labüddür. Test imtahanından sonra toplanan balın bir il ərzində   qüvvədə qalması isə qətiyyən yolverilməzdir. Hər il test tapşırıqlarının yenilənməsi və çətinləşməsini nəzərə alaraq bu metoddan istifadə ləğv olunmalıdır. Vakant yer seçərək imtina edən namizədlər minimum bir il ərzində müsabiqəyə buraxılmamalıdır. Müsabiqədə vakant yer seçimi 8 –dən  3- ə endirilsə kor təbii yer seçimlərinin qarşısı alınmış olar. Test mərhələsində univerisiteti qırmızı diplomla qurtarmış namizədlərə 1 bal əlavə olunması , maksimum nəticə göstərmiş namizədlərin isə müsahibə mərhələsindən azad olunması yaxşı olardı.

Sonda bir məqamı qeyd edim ki, ən çox narahatlığımız olan vakansiyalarla bağlıdır; birincici, gizlədilən vakansiylar...  Tutaq ki, bu qədər məktəbdə bütün fənləri vakanasiyaları aşkara çıxarmaq   İnsan Resurslarında bu işlə əlaqəli  şəxslərin  gücü yetmir. Kimisə qınamaq fikrim yoxdur. Hamımın iki əli, iki gözü var, buna təbii ki,  güc çatdırmaq olmaz. Lakin danılmaz faktlar var ki, bəzən əvvəlcə  5 saat vakansiya verilir, ancaq sonra bilirsən ki, məktəbdə 10 saat dərs var. Bəs 5 əlavə dərs necə yarandı, qarğamı gətirdi , möhtərəm direktorun seyfindənmi çıxdı  bilmirəm.

Yaxşı olardı ki, vakansiyaların toplanmasına  Təhsil Nazirliyi özü nəzarət edərdi. 2018- ci ildə müəllimlərin müddətli işə qəbulunun Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nə qədər sevindirici oldusa, vakansiyaların gizlədilməsinin aşkara çıxarılması da bir o qədər alqış alacaq. Məndən bu qədər!  Yazmağıma  yazdım, son sözü təbii rəsmilər deyəcək.