Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 10:40:00
MİQ imtahanı zamanı oğurluq hallarının da şahidi oldum” - AzEdu.az-ın ən yaxşı “onluq”undan III yazı  

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti  məqalənin müəllifi  Kəlbəcər Rayon 33 saylı məktəbin kimya müəllimi Reyhanə İsgəndərovadır: 

“Son illər təhsilimizdə nailiyyətlər üçün edilən  cəhd danılmazdır. Əsas məsələ isə budur: buna nə dərəcədə nail oluruq? 2011 ci ildən müəllimlərin işə qəbulunun test imtahanıyla keçirilməsi şəffaflığın göstəricisidir. Təhsil Nazirliyi imtahanı keçirir, vakansiyaları təqdim edir və  sonra namizədlər nəticəyə uyğun vakansiyalar üzrə yerləşdirilir. Müqayisə edək: digər nazirliklərin keçirdiyi işəqəbul müsabiqələrində imtahan verən dövlət qulluqçuları imtahandan keçdiyi təqdirdə belə, dərhal yerləşdirmə aparılmır və onlar bir müddət ehtiyatda saxlanılır, bu proses bəzən bir neçə ay da çəkə bilir. Amma  bu, MİQ imtahanının təqdirəlayiq tərəfidir, əsas məsələ  prosesdəki çatışmazlıqlardır. Bu da namizədlərdə fikir ayrılığı formalaşdırır. Təhsil Nazirliyi ilə müəllimləri qarşı-qarşıya qoyur. Təbii ki, hər tərəf özlüyündə doğrudur. Mən də MİQ imtahanlarında  iştirak edən bir müəllim olaraq, oradakı əksikliklərdən və “niyə sonda müəllimlər Təhsil Nazirliyi ilə üz üzə qalır?,  “sosial şəbəkələrdə bu barədə  bağırtıcı statuslar yazılır?” kimi məsələləri  qeyd edib, probləmlərə uyğun təkliflər irəli sürməyə çalışacağam.

 Bildiyimiz kimi,  test imtahanı 40 ixtisas,10 kurikulum və 10 məntiq sualından ibarətdir. Kurikulumu metodika, məntiqi məntiq, ixtisası isə ixtisas müəllimi hazırlayır. Bəs, bunun üçünü bir müəllimdən tələb etmək nə dərəcədə düzgündür?  Kurikulumu haradasa, başa düşmək olar, metodikadı, yəni, “müəllim mövzunu hansı üsullarla mənimsətməlidi?”, “dərsi hansı metodla keçməlidir?”  kimi məsələləri öyrənir. Bəs, bu məntiqsiz məntiq nəyə lazımdı?! Bunları o halda müsbət hal kimi götürmək olardı ki, kurikulum və məntiqdən müəyyən bir əlaqəli kitab nəzərdə tutulsun!  Hansı ki,  imtahanın proqramını tam əhatə etsin! Yoxsa,  bu prosesdən işbazlar istifadə edib,  hərəsi bir kitab çıxarır!

Mən imtahan prosesinə müşahidəçi kimi kənardan baxdığımda, oğurluq hallarının da şahidi oldum. Bildiyimiz kimi, imtahanlar müəyyən bir fənn üzrə bir neçə gün və müxtəlif saatlarda keçirilirdi. Bu halda suallar ya imtahan keçirilən binanın önündə ya da sosial şəbəkələrdə namizədlər tərəfindən yayılırdı. Deməyək ki, təkrarən düşmə ehtimallı bir-iki sual ola bilər. Unutmayaq ki,  bir faiz fərqi belə rəqiblə vakansiya seçimində həlledici rol oynayır. Bunun üçün təklif edirəm ki, imtahanlar fənn bölgüsü əsasında bölgələrdə keçirilsin. Əgər buna maliyyə və vaxt itkisi çox lazımsa, ən azından, Bakıda stadionlar var,  bir neçəsində keçirilə bilər. İllah, onlar konsert keçirmək üçün nəzərdə tutulmayıb ki!  Belə olan halda heç sual sayının çoxluğuna da ehtiyac olmaz. Sadəcə,  hər fəndən iki variant olsa, kifayət edər. Sualların yayılma halı da aradan qalxar.

Digər, bir məsələ: imtahanın yekununda, hətta ballar şəxsi səhifəyə gəldikdə, yaxşı olardı ki, suallar və  doğru cavabları  da yayımlansın. Beləcə, namizəd nədə səhf etdiyini bilmiş olsun. Həm bu sualların gizli qalması, onlarda inamsızlıq yaradır. Bu da TN adına mənfidir, deyə düşünürəm. Bu qədər şəffaflıqda belə inamsızlıq yaradacaq halların aradan qaldırılması üçün:

M-üəllimlərin İ-stəkləri Q-orunmalıdır, deyə düşünürəm!