Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 13:57:00
Regional idarələr veteran müəllimlər üçün zəruri addımlar atmalıdır- TƏKLİF

 

“Əvvəllər dərslərdə sadəcə məğlubiyyət tariximizi, ərazilərimizin işğalını danışırdıq. Bütün bunları danışdıqdan sonra bir zabit döyüşlərin getdiyi müddətdə kimi sinif otaqlarında oturaraq o şagirdlərin gözlərinə baxa bilməzdim”.

 

27 Sentyabr- həm kədər,hüzn, həm də qürur, vətən torpaqları uğrunda haqq mübarizəsinin başlandığı gündür.

 

44 günlük müharibədə qanları ilə tarix yazan şəhidlərin, canlarını torpağın bütövlüyü uğrunda heçə sayan qorxmaz döyüşçülərin arasında ölkənin təhsil işçiləri də yer alıb.

 

Onlardan biri də “Ədalət” qəzetinin əməkdaşı, Xızı rayon Türkoba kənd ümumi orta məktəbinin tarix müəllimi, tanınmış şair Emin Piridir.

 

Qəhrəman müəllim AzEdu.az-a açıqlamasında 44 günlük savaşın başladığı o tarixi günün xatirəsinə necə həkk olunmasından söz açıb:

 

“2020-ci ilin 27 Sentyabrında səhər həs kəs kimi oyanıb internetin, əsasən sosial şəbəkələrin işləmədiyini gördük. Televiziya kanalları vasitəsilə müharibənin başladığını öyrənmişdim. O gün ürəyimə darıxma gəldi. Hələ prezident xalqa müraciət etməmişdi. Deputat Aqil Abbas səhər mənə zəng edib müharibənin başladığını və təcili işə gəlməli olduğumu, bəzi yazıların yazılmalı olduğunu bildirdi. Beləliklə işə yollandım. Səhəri gün-28 Sentyabrda məlum olduğu kimi qismən səfərbərlik elan edildi və mən ehtiyatda olan zabit kimi xidmətə çağırıldım”.

 

No description available.

 

Emin Piri həm tarix müəllimi, həm də ehtiyatda olan zabit kimi müharibədə iştirakından qürurlandığını bildirib:

 

“27 Sentyabr mənim üçün anım günündən daha böyük mahiyyətə mənsubdur. Bu gün milli qürur, şərəf, vətən torpağının azadlıq günüdür. Bu tarixi 8 Noyabrdan daha dərin, mənayüklü hesab edirəm. Müharibə elə bir şeydir ki, əzizlərinin, çiyin-çiyinə döyüşdüyün insanların ölümünə şahid olursan. Sentyabrın 28-i xidmətə yollanmazdan öncə təhsil işçisi olaraq çalışdığım məktəbin direktor və kollektivi ilə görüşüb halallaşdım. Bir tarix müəllimi kimi isə bununla qürur duyuram. Əvvəllər dərslərdə sadəcə məğlubiyyət tariximizi, ərazilərimizin işğalını danışırdıq. Bütün bunları danışdıqdan sonra bir zabit döyüşlərin getdiyi müddətdə kimi sinif otaqlarında oturaraq o şagirdlərin gözlərinə baxa bilməzdim. Bilirəm ki, hər kəs bu haqq savaşında iştirak etmək istəyərdi. Amma mən iştirak etməsəm, bir zabit kimi özümü rahat hiss etməzdim. Çox şükür ki, bizə bunu yaşamaq nəsib oldu”.

 

O, müharibədən sonra 44 günlük savaşın iştirakçısı olan təhsil işçiləri ilə bağlı görülən və həyata keçirilməsi azru olunan işlərdən danışıb:

 

“Müharibə iştirakçısı olan təhsil işçilərinə ölkə rəhbərliyi tərəfindən xüsusi qayğı göstərilir. Xüsusilə işlə təmin olunma məsələsilə, həmçinin bacarıqlı olanların önə çıxarılması ilə bağlı tapşırıqlar verilir. Lakin artıq Regional Təhsil İdarələri yaradılıb ki, burada məsuliyyət daha çox onların üzərinə düşür. Məsələn, mənim çalışdığım məktəb Abşeron-Xızı Təhsil İdarəsinin tabeliyindədir. Bu təhsil idarələri müharibə iştirakçısı olan təcrübəli təhsil işçilərini daha irəli apara bilərlər. Məsələn, Vətən müharibəsi iştirakçısı olan bir müəllimin direktor, yaxud direktor müavini təyin olması kimi addımlar atıla bilər. Ölkə rəhbərinin diqqət və qayğısı, müharibə iştirakçıları ilə bağlı səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlardan sonra təhsil idarələrinin bu kimi addımlar atmaması onların səmimiyyətini şübhə altına qoyur. Təhsildə stajı olan, ictimai nüfuza malik, bacarıqlı şəxslərin önə çəkilməsi arzuolunandır. Bu istiqamətdə müəyyən addımların atılması isə Regional Təhsil İdarələrindən asılıdır. Yalnız bundan sonra həmin idarələrin səmimiyyətinə inanmaq mümkündür”.

 

“Müharibədə şəhidlik zirvəsinə ucalan təhsil işçiləri arasında tarix müəllimləri də olub. Həmin müəllimlər özləri tarix yazdılar. Öz keçdikləri tarixi özləri yazmış oldular. Bir ölkənin ən böyük səngəri məktəbləri, postları isə parta arxalarıdır. Ölkənin gələcəyi məktəb səngərini necə qorumağımıza bağlıdır”-deyə, müəllim qeyd edib.