https://www.zirve.edu.az/
14.03.2018 04:30
Buranın şagirdləri 600-dən az bal toplamağı ayıb sayırlar - Diyanet liseyindən REPORTAJ

Şagirdlərinin fənn olimpiadalarında yüksək nəticə göstərməsinə, 2017-ci il üzrə ən uğurlu məktəb seçilməsinə, 700 bal toplayan məzunların sayı ilə rekord qırdığına görə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi diqqətimizi çəkdi.

AzEDU.az-ın növbəti reportaj üçün buranı seçməsinin digər səbəbi isə valideyn və şagirdlərin liseyə böyük marağıdır.

Liseyin tarixi

Lisey 1994-cü il avqustun 3-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 502 saylı əmri ilə Bakı Dövlət Universitetinin nəzdində dünyəvi təhsil müəssisəsi kimi yaradılıb. Təsisçisi millət vəkili cənab Təyyar Altıkulaçdır. O, 1986-cı ildə sədrlikdən uzaqlaşıb.

Liseydə təhsil pulsuzdur. Bütün xərcləri - müəllim-işçi maaşları, təmir işləri, vergi, yeməkxana, təhsil haqları, cari xərclər və s. - Türkiyə Diyanət Vəqfi təşkilatı təmin edir. Bu,  dini xeyriyyə təşkilatıdır.

Hazırda liseydə 6-11-ci siniflərdə 559-u oğlan, 268-i qız olmaqla 823 şagird təhsil alır. Onların təhsil və tərbiyəsi ilə 112 müəllim məşğul olur. Liseyin müdiri Kadir Bektaşoğlundan başqa bütün şagird və müəllim kollektivi Azərbaycan vətəndaşlarıdır.

1.JPG

Uğurları

Lisey 24 il ərzində uğurlu göstəriciləri ilə diqqət çəkir. Belə ki, 2001-2017-ci illər ərzində ali məktəblərə qəbul imatahanlarında 23 şagird ölkə birincisi olub. 17 nəfər 700 bal toplayıb. Lisey məzunlarından 532 nəfər (45%)  600-dən çox bal toplayıb, 82 nəfər qızıl medala, 73 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Elə bu yaxınlarda 6-7-ci siniflər arasında keçirilən fənn olimpiyadalarında da liseyin şagirdləri 9 qızıl, 6 gümüş, 9 bürünc medalla fərqlənməyi bacarıblar. Sonuncu ilin qəbul imtahanlarında isə 78 nəfər 600-dən yuxarı, 3 nəfər 700 bal toplayıb. Liseyin bu günədək 16 buraxılışı və 1190 məzunu olub.

2.jpg

3.jpg

700 bal toplamış məzunların hazırkı vəziyyəti

Küçəni dönərkən uzaqda Türkiyə və Azərbaycan bayraqlarını gördükdə  artıq istədiyimiz ünvanı tapdığımıza əmin olduq.  Həyətə daxil olub mühafizəçiyə liseyin direktoru Kadir Bektaşoğlu ilə görüşmək istədiyimizi bildirdik. Bir neçə dəqiqə gözləməyimizi xahiş etdi.

Bu arada liseyin həyətinə göz gəzdirdik. İlk diqqətimizi çəkən isə quşlar üçün ağacda asılmış evcik oldu. Binanın girişdə liseyin adının yanından asılmış qardaş ölkələrin bayraqları da gözümüzdən qaçmadı. Dərs vaxtı olduğundan həyətdə şagirdlər gözə dəymirdi.

Sonra mühafizəçi ilə içəri daxil olduq. Bizi müdir köməkçisi Ülviyyə Naibova qarşılayıb, liseyin rəhbəri Kadir Bektaşoğlunun otağına apardı. O, bizi səmimiyyətlə qarşıladı.  Mart ayının 9-u olduğuna görə, bizi keçmiş bayram münasibətilə təbrik edib, gül hədiyyə etdi.

4.jpg

Kadir Bektaşoğlu söhbətinə lisey haqqında qısa məlumat verməklə başladı. Daha sonra, bizi 700 bal toplamış məzunların hazırkı durumu ilə bağlı bilgiləndirdi. Aydın oldu ki, onların əksəriyyəti əcnəbi ölkələrdə təhsil və karyeralarını davam etdirirlər. Bir neçəsi isə müxtəlif universitetlərin idarə heyətində çalışır. Hətta bəzilərinin xaricdə təhsilini başa vurub ölkəmizə qayıtdığını da qeyd etdi.

O, liseyin uğurlarının səbəbini təhsil, tərbiyədəki intizam və ciddiyyətlə izah etdi.

5.jpg

“Ölkəmizdə belə məktəblərin sayı artırılmalıdır”

Qəbul qaydaları haqqında danışarkən bildirdi ki,  qəbul test üsulu ilədir:

“Bura 5-ci və 8-ci sinfi bitirən şagirdlər müraciət edə bilərlər. Maksimum 120 şagird götürə bilirik. 8-ci sinfi bitirənlərdən isə hər ixtisas qrupu üzrə 5-6 şagirdə Diyanət liseyində oxuma şansı veririk.  Amma heç bir elan verməməyimizə baxmayaraq, imtahanlarda 1500-ə yaxın şagird iştirak edir. Məhdud sayda şagird qəbul etsək də, əminəm ki, 1500 imtahan iştirakçısı arasından təxminən 300 nəfər yüksək nailiyyət əldə edəcək gücdə olan uşaqlardır. Buna görə də ölkəmizdə belə məktəblərin sayı artırılmalıdır”.

Kadir müəllimlə söhbət zamanı liseyin yataqxanasının olmadığı, bölgələrdən gələn şagirdlərin yaxın qohumlarının evində və ya kirayə qaldıqları məlum oldu.

O, müəllimlərin işə qəbulu məsələsinə də aydınlıq gətirdi:

“112 müəllimimiz var. 80-ə yaxını liseyin rəsmi işçisidir. Digərləri isə universitetlərdə, başqa orta təhsil müəssisələrində dərs deyən müəllimlərdir. Hər ilin sonunda  müəllimlərin işə qəbul imtahanı olur. Bizə göndərilən CV-lərə baxıb, bir həftə ərzində uyğun olanları imtahana çağırırıq”.

Şagirdlərin ən çox hansı fəndən çətinlik çəkdiklərini soruşanda liseyin rəhbəri dedi ki, onlar ən çox riyazi fənlərdən çətinlik çəkirlər:

“Bu, aşağı siniflərdə riyazi fənlərin tədrisindən qaynaqlanan problemdir. Orada yaxşı müəllim rol oynayır. Mən Azərbaycandakı şagirdlərin humanitar deyil, riyazi fənlərdə daha çox istedadlı olduqlarını düşünürəm”.

İslam tarixi tədris olunan lisey

Liseyin tədris proqramındakı əsas fərqli cəhət burada əxlaq, mənəviyyat və İslam tarixinin tədris olunmasıdır. Həmçinin xarici dil kimi ərəb dili də keçirilir. Qanunvericilikdə dinlə bağlı fənlərin tədrisi nəzərdə tutulmadığına görə bu halın nə dərəcədə doğru olduğunu aydınlaşdıra bilmədik.

Sonra müdir köməkçisi Ülviyyə Naibova bizi liseyin olimpiadada yer tutmuş şagirdləri ilə tanış etdi. Auditoriyaya daxil olub eyni formalı müxtəlif yaşlarda şagirdləri gördük. Onlar həvəslə suallarımızı cavablandırdılar. Otağa daxil olan kimi aşağı sinif şagirdlərindən biri, onun şəklini çəkdiyimizi görüb dedi: “Eynəyimi çıxarsam yaxşıdır, yoxsa taxsam?”

6.JPG

Bakı Türk Liseyinin 11C sinif şagirdi Maya Əhmədzadə 7 ildir, burada təhsil aldığını bildirdi. Onun sözlərinə görə, bura çoxunun fikrincə, Azərbaycanda ən yaxşı liseylərdən biridir:

“Əvvəlki məktəbimlə müqayisədə görürəm ki, intizam, təhsil, tələbkarlıq yüksək səviyyədədir. Üçüncü ixtisas qrupuna hazırlaşıram. Hüquqşünas olmaq istəyirəm. Bu, məktəblə əlaqəli deyil, öz seçimimdir”.

Maya deyir ki, liseyə qəbulda 24-cü yeri tutaraq keçib:

“Gözlədiyim nəticəni əldə etmədim, amma neçənci olaraq qəbul olmaq o qədər də vacib deyil. 7-ci sinifdə oxuyanda bir günlük əvvəlki məktəbimə baş çəkdim. Müəllim uşaqlardan birini dərsə çıxardı. Uşaq bir cümlə dedi, onu da kitabdan görmüşdü. Mən də gözlədim müəllim izah edəcək ki, oxumaq lazımdır. Müəllim dərsi uşaqlara üzündən oxutdururdu, uşaqlar yatırdı, heç kim qulaq asmırdı. Yəni nizamsızlıq var idi. Ona görə də digər məktəblərdə uşaqlar hazırlığa gedirlər, çünki məktəbdə boşluq olur. Bütün məktəbləri deyə bilmərəm, amma mən gördüklərimdə belədir”.

Liseyi “Xəmsə”, “Breyn-rinq” və “Nə? Harada? Nə zaman?” yarışmalarda təmsil edərək Azərbaycan birincisi olmuş komandanın üzvlərindən biri 5-ci sinifdən liseydə oxuduğunu, bura qəbul üçün repetitor yanına getdiyini bildirdi:

“Əslində, liseyə valideynlərimin istəyi ilə qəbul olmuşam. Seçim imkanım olsaydı, yenə buranı seçərdim. Birinci ixtisas qrupuna hazırlaşıram. Universitetə qəbul üçün əlavə müəllim yanına getmirəm”.

7.jpg

Liseyin uşaqları daim fənn olimpiadalarında iştirak edib yüksək nəticələr əldə edirlər. Belə şagirdlərdən biri 11-ci sinifdə oxuyan Məleykədir. O, 10-cu sinifdə coğrafiyadan olimpiadaya qatılıb və ikinci yeri tutaraq gümüş medal qazanıb. Onun fikrincə, bu onun gələcək həyatına da təsir edəcək.

Məryəm Atakişiyeva 9-cu sinifdə Azərbaycan dili və ədəbiyyat fənnindən olimpiadaya qatılaraq  üçüncü yeri tutub: “Digər məktəblərin şagirdlərindən fərqimiz heç bir hazırlığa, təkrara ehtiyac olmadan finala qədər irəliləməyimizdir. Bu il də qatıldım. İlk mərhələni keçmişəm. Ümid edirəm ki, finalda da uğur qazanacağam”.

8.JPG

Siniflərdə 24-28 uşaq olur. Onların səlis danışığının, fikirlərini aydın ifadə etmələrinin şahidi olduq. Nitqlə bağlı hansısa fənnin keçirildiyini öyrəndikdə məlum oldu ki, belə bir dərs tədris olunmur:

“Bütün fənlər normal keçirildiyinə görə uşaqların özünüifadə bacarıqları yaxşıdır. Kitab oxumağa həvəsləri çoxdur”.

11-si sinif şagirdləriylə söhbətdə hiss etdik ki, çoxu xaricdə təhsil almağa meyllidir. Bunu belə əsaslandırdılar ki, oradakı yenilikləri, Avropa təhsil sistemini öyrənib, Azərbaycana qayıdıb tətbiq etmək istəyirlər.

Uşaqlardan liseyə hansı kitabçalardan, nə qədər müddətə hazırlaşmağın kifayət olduğunu da öyrəndik.

6-cı sinifdə oxuyan Seyfullayeva Ayla bildirdi ki, qəbul üçün Diyanət liseyinin öz test toplusundan istifadə edib.

Onların sözlərinə görə 4 ay hazırlıq kifayət edir, amma 1-ci sinifdən yaxşı oxumaq lazımdır.

Kənardan qida gətirmək qadağandır

Uşaqlarla görüşdən sonra liseyin yeməkxanasına baş çəkdik. Nəzarətçisi hazırda burada olmadığından Ülviyyə xanımdan qiymətlərlə maraqlandıq. Məlum oldu ki,  isti yeməklərin qiyməti 60 qəpik - 1 manat arasında dəyişir. Məsələn, 60 qəpiyə makaron yemək mümkündür. Həmçinin, onu da öyrəndik ki, kənardan qida gətirilməsinə icazə verilmir.

9.JPG

Aşağı mərtəbəyə enərkən dərslərin müddəti ilə bağlı da məlumat aldıq. O bildirdi ki, dərs 40 dəqiqə davam edir. Tənəffüs 5 və ya  10 dəqiqə olur.

Kitabxanaya gedəndə futbol meydançası diqqətimizi çəkdi. Həmin vaxt uşaqların bəziləri futbol oynayır, digərləri isə idman dərsi olduğuna görə stadiona tələsirdilər.

11.JPG

10 (2).JPG

Maraqlı məqam o idi ki, meydançanın kənarında qəza çıxışı var. Çox yerdə bu məqamın unudulduğunu nəzərə alsaq, liseyin öz şagirdlərinə nə qədər diqqət yetirdiyi məlum olar.

12.JPG

Məktəbin texniki təchizatı ilə tanış olmaq məqsədilə kompüter otağına yollandıq. Burada şagirdlər kompüterlərdən sərbəst şəkildə istifadə edirdilər. Ülviyyə müəllimə bildirdi ki, informatika dərsləri kompüter otağında keçirilir: “Uşaqların istifadə bacarıqları yaxşıdır. Praktiki olaraq müəllim hər dəfə onların biliklərini yoxlayır”.

Onun dediyinə görə, Türkiyə universitetlərinə sənəd verən şagirdlər internet klublarda yox, elə bu otaqda rahatlıqla qeydiyyatdan keçirlər. Uşaqların çox olması da bunu təsdiqləyirdi.

13.JPG

Dəhlizdə hərəkət edərkən liseyin tariximizə nə qədər dəyər verdiyini təsdiqləyən xəritələr, qədim türk hökmdarlarının, ədəbiyyat nümayəndələrinin, türk və islam dünyasının alimlərinin şəkilləri nəzərimizdən qaçmadı. Bunlardan əlavə divarlarda  şagirdlərin uğurlarını göstərən şəkillərdən ibarət lövhələr var idi.

Kitabxanasında “Qurani-Kərim”lər olan lisey

Baş çəkdiyimiz növbəti məkan isə kitabxana oldu. Kitabxanaçı Pərvanə Məmmədəliyeva buranın iş saatları barədə məlumat verdi. 08:30-da başlayan dərslər 3-ə 20 dəqiqə qalmış bitsə də, kitabxana saat 5-ə qədər fəaliyyət göstərir. Dərs prosesi isə birnövbəlidir.

14.JPG

O bildirdi ki, uşaqlar çox aktiv, oxumağı sevəndirlər: “Qədir müəllim o qədər sərbəstlik verib ki, boş dərslərdə gəlib istədikləri kitabı götürürlər. İstəsələr, aparıb evdə də oxuya bilərlər”.

Burada bədii, dini, müxtəlif fənn kitabları vardı. Əsas gözümüzə dəyən isə Milli Azərbaycan Atlası və Qurani-Kərim oldu.

16.JPG

Uşaqların dini kitablara marağı olub-olmadığını soruşduqda isə Pərvanə xanım dedi ki, hətta şagirdlərə ərəb dili də keçirilir.

Dərs prosesi ilə tanış olmaq üçün auditoriyalardan birinə baş çəkdik. Məlum oldu ki, bütün otaqlar elektron lövhə ilə təchiz olunub. Sinifdə oğlanların sayının çoxluğu da gözümüzdən qaçmadı. Ülviyyə müəllimə bildirdi ki, qızların da sayı artmaqdadır.

Sinif rəhbəri vurğuladı ki, bu sinfin göstəriciləri 100%-dir. Ən güclü siniflərdən biridir. Müdir köməkçisi sınaqda 500-ü keçənlərdən əllərini qaldırmalarını xahiş etdikdə şagirdlərin reaksiyası qəribə oldu. Ülviyyə xanım “yaxşı, inciməyin, 600 balı keçənlər əlini qaldırsın” deyib, səhvini düzəltdi. Bu vaxt sinfin yarısından çoxu əllərini qaldırdı.

17.JPG

 Ötən ilin minimal qəbul nəticəsi ilə maraqlananda məlum oldu ki, 8-ci sinfə qəbulda keçid balı təxmini 75-80-dən çox olub. Maksimal göstərici  isə 100-dür.

Yüksək təhsil verən müəssisəyə şagird axınını və yerlərin məhdudluğunu nəzərə alaraq,  respublikada belə məktəblərin sayının artmasına ehtiyac olduğunu düşünürük. Həmçinin onların sayını artırmaqla kifayətlənməyib savadlı kadrların təhsilə cəlb olunmasını da diqqətdə saxlamaq lazımdır.

Lamiyə Süleymanlı

Əsmər Qabil

IMG_8263.JPG

IMG_8250.JPG

IMG_8245.JPGIMG_8224.JPG

IMG_8202.JPG

IMG_8174.JPG

IMG_8172.JPG

IMG_8168.JPG

IMG_8108.JPG