Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 15:14:00
Necə etmək olar ki, tələbə özünü xoşbəxt hiss etsin?-Faydalı və praktiki üsullar

 

Universitet həyatında özünü xoşbəxt görməyən tələbənin təhsildə öyrənmə qabiliyyəti də aşağı olar. Bəs necə etmək olar ki, tələbə özünü xoşbəxt hiss etsin?

 

Bu işdə təkcə tələbə deyil, universitetin rəhbərliyi, fakultə dekanları, tədris şöbəsi və bütün müəllimlər maraqlı olmalıdırlar. Prosesin düzgün gedişi qeyd olunanların hər biri üçün müsbət nəticə bəxş edəcəyi güzgü kimi aydındır. Bəzən sadalanan subyektlər tələbənin dərsdən kənar fəaliyyətini qiymətləndirmir, onun ancaq dərsə davamiyyətinə və verilən tapşırıqlara hazırlıqlı olmağına üstünlük verir. Dərsə maraq göstərməyən tələbənin istəkləri, problemləri öyrənilmədiyi halda ondan hər hansı bir gözlənti almaq ümidverici deyildir.

 

Gənclərlə iş üzrə Avropa xartiyasında qeyd olunur ki, demokratik bir cəmiyyət gənclərin səsinə və iştirakına ehtiyac duyur. Bu rolu yerinə yetirmək üçün gənclərin öz gündəmlərini müzakirə edə biləcəkləri bir yerə ehtiyacları var. Universitetlər də gənclərin yetişdirilməsində öz məsuliyyətlərini dərk edərək tələbələrin öz yoldaşları ilə birlikdə maraqlarını və istedadlarını, həm də gələcəklə bağlı ideyalarını araşdıra, ifadə edə və inkişaf etdirə biləcəkləri bir mərkəz yaratmalıdırlar. Bu mərkəzdə onlar üçün rahat şərait və səmimi münasibətlər olmalıdır. Bu iş yalnız tələbələrin xoşbəxtliyi üçün deyil, həm də universitet üçün bir öyrənmə prosesidir.

 

Yaradılmış mərkəzdə ehtiyac duyulan resurslarla təmin olunmaqla yanaşı mütəmadi olaraq maliyyə ayrılmalıdır. Bu işdə təkcə bir şöbə deyil, demək olar ki, bütün kafedralar, dekanlıqlar, sosial media mərkəzi, kitabxana və digərləri məsuliyyətli yanaşmalıdırlar. Bütün bu tərəflər arasında dialoq qurulmalı, işin təşkili müzakirə olunmalı, məqsəd və hədəflər müəyyən olunmalı, sonda vahid strateji plan hazırlanmalıdır. Universitet əməkdaşlarından əlavə bu işə təlimçilər, məşqçilər, bədii rəhbər və digərləri dəvət olunmalıdır.

 

 Ola bilsin ki ailədə istənilən ehtiyaclarla təmin olunan gənc ancaq ev və təhsil ocağı arasında get-gəl imkanına malik olar və ya müəyyən çətin şəraitində yaşayan tələbənin həyata keçirə bilmədiyi arzuları ona rahatlıq verməz. Belə tələbələrə tədris cəlbedici görünməyə bilər. Bəzən də bu tip tələbələr narazı yaşadığı şəraitdən çıxış yolunu “qurd kimi” oxumaqda görər. Lakin bu cür tələbələr dərsdən kənar heç bir görüş və gəzintilərdə iştirak etməz, günlərini yalnız kitabxanalarda keçirər. Üçüncü tip tələbədən biz ürəkaçan tədris göstəricisi izləsək də bu tip gəncin şəxsiyyətinin formalaşmasında qüsurlar özünü mütləq göstərəcək. Hansı ki gələcək iş həyatında ünsiyyət problemi, komandada işləyə bilməmək, özünü təqdim edə bilməmək və s. kimi uğursuzluqlar onu daim təqib edəcək.

 

 

Qeyd olunan nəticələrlə rastlaşmamaq, universitet həyatını daha rəngarəng keçirmək, kampusu doğma məkana keçirməyin əsas həlli yollarından başlıcası tələbələrlə sosial işin qurulmasıdır. Gənclərin sosial fəaliyyətinin düzgün istiqamətləndirilməsi, həm əyləncəli, həm də faydalı aktivitələrə cəlb olunması onların həyatının görünən dərəcədə dəyişməsinə səbəb olacaq.

 

Universitetlərdə sosial işi necə qurmaq olar, məqsədimiz nədir, gözləntilərimiz nədir?

 

Öncə məqsədimiz barədə yazaq. Sosial işin qurulmasında məqsəd: tələbələrin motivasiyası, tədrisə künüllü cəlb olunması, boş vaxtlarının səmərəli keçirilməsi, faydalı və əyləncəli işlərə qoşulması, komanda hissinin və ünsiyyət bacarıqlarının formalaşdırılması, fərdin şəxsi keyfiyyətlərinin və bacarıqlarının üzə çıxarılması, zərərli vərdişlərdən uzaq tutulması, ən əsası isə dəyərli vətəndaş kimi yetişdirilməsidir.

 

Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Qanununda da qeyd olunur ki, gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.  

Gözləntilərimiz nədir?

 

Tələbələrlə sosial işin qurulması günümüzdə universitetlərin atacağı vacib addımlardan biridir. Bu gün tədris ocağına gələn tələbəni orada axıra kimi saxlamaq üçün motivasiya edici tədbirlər görmək lazımdır. Tələbələrin ideyalarının gerçəkləşdirilməsi, layihələrdə iştirakı, istedad və bacarıqlarına uyğun klub və mərkəzlərdə birləşdirilməsi sosial işin funksiyalarına aiddir. Bu tip tədbirlərdə iştirakçı olan gənc özünü daha inamlı, yararlı hiss edər, kampusda tez-tez olmağa meyl göstərər. Özünü təhsil aldığı universitetdə xoşbəxt hiss edən tələbə ətrafındakı gənclərin də burada təhsil almasına təşviq edər. Beləliklə, həm təhsilalan məmnun qalar, həm də təhsil verən müəssisə özünün gələcək müştərilərini də qazanmış olar.

 

Universitetdə sosial işi necə qurmaq olar?

 

Universitetdə sosial işi qurmağın bir sıra üsulları vardır. Burada subyekt kimi nizam-intizamlı tələbə ilə yanaşı, çətintərbiyə olunan və qaydaları mənimsəməyən tələbə və sağlamlıq məhdudiyyətli şəxslər də iştirak etməlidir.

 

Gənclərlə iş zamanı bəzi prinsiplər mütləq qorunmalıdır:

 

könüllülük, gənclərin fəal iştirakı, bərabərlik, inkluzivlik, dözümlülük və sərbəstlik.

 

Klublar necə yaradılmalı?

 

Tələbələrin bacarıq və qabiliyyətlərinə uyğun formalaşdırılan klublar mütləq onların istəkləri əsasında yaradılmalıdır. Bu, iki proses əsasında həyata keçirilə bilər. Ya mərkəz tələbələrdən sorğu apararaq yaratmalı, ya da azı on nəfər tələbənin müraciəti əsasında formalaşmalıdır. Hər iki hal mümkündür.

Tələbələrlə aparılan sorğunun üç üsulu vardır: kağız anket vasitəsilə, onlayn platformalar üzərindən və təhsilverənlərin müşahidəsi əsasında.

 

Birinci üsul ilkin qəbul zamanı qeydiyyata gələn tələbələrə kağız-anketlərin doldurulması təklifi ilə mümkündür. Bu üsulun yaxşı tərəfi odur ki, tələbələrin hər biri bu sorğuları mükəmməl şəkildə doldurmağa can atacaqlar. Mənfi tərəfi də odur ki, uyğun bacarığı və ya istedadı olmadığı halda belə, onlar üçün hər hansı bir imtiyaz yaradacağını düşünərək bütün xanaları doldurmağa çalışmaqlarıdır.

 

İkinci üsul onlayn platformalar üzərindən aparılan sorğulardır. Burada bütün kurslar iştirak edə bilər. Kağız daşıyıcılardan daha sürətli yolla nəticələri görmək imkanı ilə yanaşı bu üsul zamanı tələbə indiyə kimi iştirak etdiyi hər hansı bir tədbirin (müsabiqə, yarış, olimpiada) şəkillərini, internet keçidini və ya qazandığı mükafatların şəklini (diplom, medal) proqrama yükləyə bilər. Burada mərkəz daha asanlıqla öz istedadlarını müəyyən edə bilər. Üsulun digər üstün tərəfi odur ki, bütün tələbələrdə mobil telefon olduğu üçün asanlıqla hər biri iştirak edə bilər.

 

Üçüncü üsul daha gec və qeyri-müəyyən zamanda baş tutsa da onun da müsbət tərəfləri vardır. Tələbəni ən yaxşı dərs verən müəllimi və tələbə yoldaşı tanıdığı üçün onların yaxın ünsiyyəti və müşahidəsi əsasında üstün bacarıq və istedadlarını müəyyən etmək ən doğru yol olacaqdır. Bu üsul tədris ilinin istənilən anında baş tuta bilər və tələbə mərkəzdə gedən proseslərə qoşula bilər. Bu üsulun doğrultduğu nəticə daha keyfiyyətli olsa da onu gözləmək auditoriyadankənar proseslərin işini ləngidə bilər. Buna görə də yuxarıda qeyd olunan birinci üsulu tədris ilinin başlanğıcında yeni qəbul olunanlarla, ikinci üsulu isə digər yuxarı kurs tələbələri ilə aparmaqla prosesi sürətləndirmək mümkündür.

 

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun prinsipləri, icra qaydaları, gənclər təşkilatlarının qurulması, könüllülərin cəlb olunması və s. ilə tanış olduqda bu işin dövlətimizin bu günü və gələcəyi baxımından da nə qədər vacib məsələ olduğu aydın görünür. Odur ki, gənclərlə çalışan orta ümumtəhsil məktəbləri, musiqi məktəbləri, gənclər evləri, eləcə də ali təhsil müəssisələri gənclərlə sosial işin təşkilində fəal iştirak etməli və gələcəyə sağlam ruhlu və bacarıqlı vətəndaşların yetişdirilməsində həmrəy olmalıdırlar.

 

 

Qərbi Kaspi Universitetinin

Auditoriyadankənar işlər üzrə şöbəsinin müdiri

Tarix və fəlsəfə kafedrasının müəllimi t.ü.f.d. Günay Həsənova