https://modern.az/
2022-09-13 13:37:00
 120 -150 manata işləyən 4500-ə yaxın müəllimin taleyinə nə zaman aydınlıq gələcək?- ÇAĞIRIŞ

 

 

Dövlət nümunəli təhsil sənədi olmayan, MİQ - dən kənar işə qəbul olunan, DQ-yə buraxılmayan, müəllimləriin taleyinə nəhayət aydınlıq gətirilməlidir.

 

Artıq, müəllimlərin sertifikasiyanın müsahibə mərhələsi başlayıb. Bu ilin avqustunda start verdiyimiz və ilkin nəticələr əldə etdiyimiz sertifikasiya ilə əlaqədar istər ərəfədə, istərsə də gedişat prosesində “Təhsilimizin ən aparıcı elementi müəllimlərdir”; “Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir”; “Qarşımızdakı 5 tədris ili ərzində müəllimlərin hər biri sertifikasiyaya cəlb olunacaq”; “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”;“Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”; “Sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar”; “Biz müəllimlərin yanındayıq” və s. bu kimi xoş və ümidverici sözlər eşitmək yəqin ki, təhsilimizin inkişafında, təhsilalanın və təhsil verənin mənafeyində maraqlı olan hər bir kəsə xoş əhval bəxş etməmiş deyil.

Bununla belə, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ - dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimin narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir.

 

Bəs, bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək?  Bəlkə, fürsət varkən, daha 5 il gözləməyib, növbəti olaraq bu kateqoriyadan olan müəllimlərin sertifikasıyasını ertələyərək bu məsələyə birdəfəlik əncam çəkək...? Elə olmasın ki, sabah ya o birisi gün “repetitor müəllim”, “bunker repetitoru” ilə yanaşı, pedaqoji leksikonumuza “6 saatlıq müəllim”, “Müəllimin üçdə biri” kimi yeni terminlər daxil olsun. Ümumiyyətlə “4-5 saat dərsi olan müəllimlər” nə deməkdir? Əgər o müəllimdirsə, niyə heç olmasa minimum 1 stavka-18 saat dərs yükü ilə təmin olunmamalıdır? Yox, əgər müəllim deyilsə, onun məktədə nə işi var? Belə olduğu halda, 4-5 saat dərs deyən müəllimin tutduğu məsul postda 4-5 saat baş girləyən məmurla nə fərqi olacaq?

Məsələ ilə bağlı kiçik bir xatırlatma yerinə düşər ki, hələ diaqnostik qiymətləndirmənin yekunlaşması ərəfəsində yazılı mediada və sosial şəbəkələrdə Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə attestasiyanınmı, yoxsa sertifikasiyanın keçiriləcəyi barədə mübahisə doğuran ziddiyyətli fikirlər geniş yer almışdı. Sonradan belə bir rəsmi açıqlama verildi ki, müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Həmin işçi qrupa müvafiq tapşırıqlar verilib: "Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya, ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyi. Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək.
 
Nəhayət, "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı qüvvəyə minmiş oldu. Nazirin də bəyan etdiyi kimi "Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilərlər. Əgər pandemiya imkan versə, sertifikasiyanı keçirmək istəyirik. "
 
Yəqin, çoxları onu da xatırlamamış deyillər ki, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutulmuşdu. Ən başlıcası isə Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 2.2. maddəsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilməli və onlara bu barədə məlumat verilməli idi. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.
 
Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Həmin Sərəncama müvafiq olaraq Təhsil nazirinin 7 oktyabr 2016-cı il tarixli 723 №-li əmri ilə  "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”na əsasən isə diaqhostik qiymətləndirmənin məqsədi nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi kimi müəyyənləşdirildi.
 
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.
 
Buna baxmayaraq qiymətləndirmənin gedışatı prosesində "Qaydalar”a zidd olaraq müxtəlif versiyalar irəli sürüldü ki, bu da bir müddət müəyyən etiraz və narazılıqlarla müşayət olundu.  Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcəyi, ibtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyərək, ancaq yığma dərslər veriləcəyi kimi əsassız və dolaşıq açıqlamalar təhsil ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı, baxmayaraq ki, bu kimi ideyaların bəzilərnə müəyyən aydınlıq gətirildi, bir çoxuna isə sonradan fərqli təkziblər verildi.

 

Məqsədim heç də mütamadi olaraq dəyişikliklərə məruz qalan qaydalardakı boşluqlara və rəsmi açıqlamalarda olan ziddiyyətlərə diqqəti cəlb etmək deyil. Bu gün müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin sertifikasiya qaydalarına müvafiq icra edildiyi halda yerlərdə müəllimlərin dərs yükünün bölüşdürülməsi zamanı mövcud qaydlarda nəzərdə tutulan digər tələblərlə yanaşı dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyi də nəzərə alınmasına, nəhayət ki, bu məsələyə də bir aydınlıq gətirilməsinə yönəltməkdir. 

6-8 saat dərs yüklü 15-20 illik təcrübəyə malik kifayət qədər müəllimlərimiz var. Əgər, “Təhsilimizin ən aparıcı elementi müəllimlərdir”sə, “Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir”sə, “Süni şəkildə müəllimlərin dərs saatını aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”sə, 5-10 saata işləyən müəllimlərin statusu hələ ki onların əlindən alınmayıbsa, “Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir”sə, niyə bu məsələni də bir öhdəlik kimi qəbul edib, qaydalarda müvafiq dəyişikliklər edilməsi barədə hökumət qarşısında məsələ qaldırmayaq…? Əgər, həqiqətən də “Biz müəllimlərin yanındayıq”sa, onda, onları bu dərəcədə mənəvi “terrora” məruz qoymaq nə deməkdir? Və yaxud bir mənalı şəkildə etiraf ediriksə “Müəllimin heç olmasa, 18 saat dərsi olmalıdır ki, normal maaş ala bilsin”, elə isə mane olan nədir...?

Yox, əgər “Zəif müəllim müasir tələblərə cavab verən şagird hazırlaya bilməz”sə, "İbtidai sözünü "p" ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır"sa, “Müəllim sözünü “məllim”, qrup sözünü “qurup” kimi yazanlarla bağlı problem yaşayırıq”sa, “Mus-mus deyincə birdəfəlik – Mustafa de”mək bu qədərmi çətindir? Hesab edirəm ki, bir stavkanın 3/1-i ilə işləyən müəllimlərin intizarına və iztirabına son qoyulmalı, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ - dən kənar işə qəbul olunan, DQ-yə buraxılmayan, müəllimləriin taleyinə nəhayət aydınlıq gətirilməlidir.

 

NADİR İSRAFİLOV

Ümumtəhsil məsələləri üzrə mütəxəssis