https://modern.az/
2022-08-10 16:25:00
Riyaziyyatı xüsusi metodlarla öyrədən müəllim-“Öz fərdi məktəbimi quracağam”-MÜSAHİBƏ-FOTOLAR

                    

 

“Mən dərslərimi  ən yeni və müasir metodlarla keçirəm. Bunu digər ölkə müəllimlərindən araşdırıb, axtarıb, öyrənib tədbiq edirəm. Şagirdə şəxsiyyət kimi yanaşmaq və qarşılıqlı hörmət mənim üçün ən əsas məqamlardan biridir. Dərsi izah edərkən özümü onların yerinə qoyuram. Diqqətlərini  dərsə cəmləmək üçün öz xüsusi metodlarımdan istifadə edirəm. Riyaziyyatın həyatla əlaqəli olduğuna dair nümunələr göstərirəm. Bu onların riyaziyyat fənninə olan marağını artırır. Tənəffüsdə onlarla söhbətlər aparır, məsləhətlər verir, səmimi olmağa çalışıram.  Boş zamanlarını səmərəli keçirmələri üçün məsləhətlər verirəm. Dərsdən sonra isə şagirdlərimlə vaxt keçirir, özümü inkişaf üçün axtarış edir, dil biliklərimi inkişaf etdirirəm”.

 

 

Bu yazılanların yəqin ki, hər hansı sıradan bir müəllim üçün o qədər də çətin bir iş olmadığını düşündünüz. “Hər bir müəllim özünü şagirdlərin yerinə qoya, onların anlayacağı üsulda yeni metodlardan yararlana bilər” qənaətinə gəldiniz. Amma burada bilmədiyimiz daha bir amma var. Müsahibimiz, yuxarıdakı sözlərin müəllifi, gənc müəllim Aysel Babayeva sıradan məktəbdə yox, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbində  Riyaziyyat kimi çətin fənni tədris edir. Oradakı şagirdlərlə işləməyin tam başqa çətinlikləri var. Lakin Aysel xanım oradakı gərgin fəaliyyətlə  yanaşı, istər repetitor, istərsə də olimpiada təlimçisi kimi böyük uğurlar qazanıb.  

 

 

2014-cü ildə İNFOMATRİX-ROMANİA beynəlxalq olimpiadasında bürünc medal qazanıb.  2019-cu ildə Qazaxıstanda keçirilən beynəlxalq İNFOMATRİX-ASİA olimpiadasında layihə rəhbəri olduğu komandanın üzvləri yüksək nəticələr əldə edib. (Eyvazlı Yusif və Dəmirçiyev Nicat-hər ikisi bürünc medal). Hazırladığı gənclərdən bir neçəsi ölkə üzrə buraxılış imtahanlarında və Respublika Fənn Olimpiadalarında yüksək nəticə qazanıblar. Özü isə AzEdu Təhsil Portalı və Milli Məclisin Mədəniyyət Komitəsinin ortaq layihəsi olan “İlin Gənc Müəllimi-2021”-in finalçılarından olub.

 

 

Amma gənc müəllimin əsas uğuru bunlar  deyil: o, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə çalışmaqla, cəmiyyətin həssas kəsimi olan yeniyetmələrə Riyaziyyat kimi çətin fənni sevdirə bilib. Necə? Yaxşısı budur, özünü dinləyək və söhbətimizin bu yerində müsahibəyə keçək:

 

-Aysel xanım, Riyaziyyata baxışınız  yaradıcı və elmi müstəvidədir. Bu predmeti daha geniş miqyasda inkişaf etdirməyi düşünürsüz. Bəs, necə oldu ki, belə hədəfləriniz ola-ola məhz hazırda işlədiyiniz məktəbi seçməli oldunuz?

 

 

-Əvvəlcə  Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirdim. İkinci təhsilimi yenə də   BDU-da  riyaziyyat müəllimliyi ixtisası üzrə aldım. ADA universitetində də bir müddət oxudum və deyim ki, oradakı müəllimlərdən çox şeylər öyrəndim.

 

17 yaşımdan abituriyent hazırlığı  ilə məşğulam. Amma hər zaman demişəm: bu işi maddi qazanc naminə yox, özünü inkişaf etdirmək və gələcəkdə  tanınmış riyaziyyatçı olmaq məqsədilə etmişəm. Bu gün də eyni  fikirdəyəm. Riyaziyyat müəllimliyini seçməyimdə də bu istək-yəni, tanınmış riyaziyyatçı kimi formalaşmaq əsas rol oynadı.

 

Hazırda işlədiyim Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbini seçməyimdə bir neçə səbəb olub. Bu məktəbdən mənə təklif gələndə az qala, hamı dedi ki, oranı seçmə, əks-halda çox əziyyətlərə qatlaşmalı  olacaqsan. Lakin mən fikrimdən daşınmadın, o məktəbə getdim və gördüyüm ilk təəssüratlardan  çox kövrəldim. Düşündüm ki, bu uşaqları yarı yolda qoya bilmərəm. İlk vaxtlar çox çətin idi. Demək olar, bir həftə belə  keçdi. Amma sonra öz-özümə dedim ki, artıq toparlanmalıyam! Çünki buradakıların onlara göstərdiyim sevgi və diqqətə nə dərəcədə ehtiyacı olduğunu görürdüm. Hər adamdan bu sevgini görmürdülər. Bunlar öz yerində, həm də mən özüm onlardan çox şeylər öyrənir,  sanki həyati ibrət dərsləri alırdım... Sağlamlıq imkanları məhdud olsa da, həqiqətən, bəzən elə sözlər deyirlər ki, insan özü onlardan çox şeylər öyrənmiş olurdu. O sözlər mənə sanki  həyat dərsi olurdu. Artıq iki ildir ki, orada çalışıram, bu müdət ərzində özümdə həddindən çox dəyişiklər hiss edirəm. Ötənilki mənlə builki mən arasında çox fərqlər var. Ruhən həyatda çox şeylər yaşamış kimiyəm. Ora hər bir müəllim üçün bir həyat təcrübəsidir. Müəllimlik həqiqətən də ən çox burada öz əsl mahiyyətini əks etdirir.

 

 

-Aysel müəllim, xüsusi bacarıq tələb edən tədris müəssisəsində ilk olaraq hansı fərqli metodlardan yararlanmağa çalışdınız?

 

 

-Orada bəzi şagirdləri passiv dinləyici halında idilər. Ən çox da görmə imkanları zəif  uşaqlar bu problemi yaşayırdılar. İlk məqsədim onları passiv dinləyici halından çıxarıb bütün sinfi dərsə cəlb etmək oldu. Onun da fərqində idim ki,  riyaziyyat kimi çətin fənnin tədrisində bütün sinfi eyni anda dərsə cəlb etmək mümkün olmayacaq. Amma fikrimdə qəti idim. Uşaqlar isə ilk dərslərdə məni qəbul etmək istəmirdilər. Həssas qrupa aid uşaqlar idilər və köhnə müəllimlərinə alışmışdılar. Bu zaman düşündüm ki, bəs mən burada nə etməliyəm? Onlarla daha da yaxın olmağa, tənəffüsdə birlikdə vaxt keçirməyə başladım. Demək olar, bütün tənəffüsləri  onlarla birlikdə keçirirdim. Hələ bu azmış kimi dərsdən sonra da əlavə olaraq onlarla qalar, dərslərində yardımçı olar, nömrələrini götürüb evə gedəndən  sonra əlaqə saxlayıb maraqlanardım. Bir sözlə, əlimdən nə gəlirdisə etdim. Yuxarı siniflərdə oxuyan elə şagirdlər var idi ki, adicə vurma cədvəlini belə bilmirdilər. Onlara da uyğun tapşırıqlar verirdim ki, boş qalmasınlar. Çünki birdən-birə inteqral öyrənə bilməzdilər. Məqsədim, onların sadəcə, passiv dinləyici halından çıxması idi. Bunu bacardım. Amma elələri də var idi ki, heç vurma cədvəlini də bilmirdilər. Təbii ki, bu, müəyyən səbəblərdə bağlı idi.  Onlar üçün başqa seçim edəsi oldum: bədii kitablar aldım və razılaşdıq ki, oxuduğunuz əsərləri sonradan  mənə danışacaqsınız. İnanın, sonradan  bu uşaqların arasında elələri oldu ki, onlar bədii kitablarsız qala bilmədilər. Boş vaxtı olan kimi bədii kitab oxudular. Eləsi var ki, oxumaqla yanaşı, üstəlik hekayə də yazır. İstədim onun istedadını üzə çıxarım. Amma yazdıqlarını utandığı üçün mənə göstərmədi. Hekayələrini oxuyan sinif yoldaşları isə deyir ki, müəllim, həqiqətən, çox gözəl yazır. Ümid edirəm ki, öz yazıları ilə məni də tezliklə tanış edəcək. Çünki onun qabiliyyətinin üzə çıxmasını çox istəyirəm. Təsəvvür edin ki,  ailə üzvlərindən heç kimsəsi yoxdu. Evləri yanıb, ata-anası, qardaş-bacısı  hadisə zamanı vəfat edib. Özünün də gözləri cəmi bircə faiz görür. Amma yazır, sinif yoldaşlarının dediklərinə görə də çox gözəl hekayələr yazır... Təbii ki, belə şagirdi üzə çıxarmağı çox istəyərəm...

 

HAŞİYƏ

 

“Söhbətin bu yerində bir problemi də deyim ki, görmə qabiliyyəti məhdud uşaqlar üçün dərsi öyrənməkdən ötrü xüsusi planşetlərin olması çox vacibdir.  Təəssüf ki, bu kimi vəsaitlər hazırda yoxdur, şagirdlər isə  lövhəni demək olar ki,  görə bilmirlər. Bu barədə  bir neçə dəfə danışmışsam da, laqeyd münasibət görmüşəm.

 

Digər bir problem isə vaxt azlığıdır. Bu problem  imkan vermir ki, hamı ilə fərdi qaydada məşğul olum. Məsələn, eyni sinifdə görmə qabiliyyəti normal və aşağı olan şagirdlər varsa, onlar üçün material dəftərlərinə ayrı-ayrı ölçülü şriftlərlə yazılmalıdır. Bu və bu kimi digər metodiki-texniki məsələlər vaxtın azlığından öz həllini tam tapa bilmir”.

 

 

Aysel müəllim, sağlamlıq imkanları məhdud məktəbdə heç kəsin gözləmədiyi uğura imza atıb. Oranın bir şagirdini beynəlxalq olimpiadaya hazırlaşdırıb və o da ABŞ-da yüksək yerlərdən birini qazanıb:

 

 

-Məktəbdə bir neçə müəllimlə söhbət zamanı dedim ki, burada xüsusi qabiliyyətə malik uşaqlar var və mən onları olimpiadalara hazırlamaq istəyirəm. Bunun çox çətin olacağını dedilər. Amma mən bacardım. 10-cu sinifdə oxuyan Abdullazadə İsmayıl adlı şagirdi hər gün özüm evimə gətirib, olimpiadaya  hazırladım. Lazımı proqramı ona mənimsətdim və İsmayıl  çox böyük uğur əldə etdi – Amerika Riyaziyyat Olimpiadasında qaliblərdən oldu. Uğuruna çox məmnun oldum, çünki  həqiqətən də əziyyətim böyük  idi və onun nəticəsini görmək məni hədsiz  sevindirdi.

 

 

 

-O zaman biz İsmayılla sizi birlikdə  dəvət edərik və maraqlı bir material hazırlayarıq. Onu hazırlama metodikanız bizim üçün çox maraqlı olar. Çünki həqiqətən sağlamlıq imkanları məhdud bir məktəbdə oxuyan şagirdin ABŞ-da uğur qazanması qeyri-adi hadisədir.  

 

-Böyük məmnuniyyətlə. Hələ Humay adlı bir şagirdim də var, onu da tam təmənnasız şəkildə hazırladım və 85 faizlik nəticə göstərdi. Üstəlik, başqa müəllimlərlə də danışdım və onlar da təmənnnasız şəkildə onun hazırlığı ilə məşğul oldular.

 

 

Aysel xanımın  beynəlxalq uğurları öz sözünü deyib. Onu  paytaxtda fəaliyyət göstərən bir neçə özəl tədris müəssisəsinə işləməyə dəvət ediblər. Amma getməyib... Səbəb isə çox təsirlidir: işlədiyi məktəbdəki şagirdlərdən uzaqlaşıb, onları  tək qoymaq istəməyib:

 

 

-Mənə iki özəl liseydən dəvət gəldi. Hər ikisi çox yüksək nüfuza malik tədris müəssisəsi idi. İmtahan verdim, yüksək nəticə də göstərdim. Amma sonda sanki özümü suçlu hiss etmiş kimi oldum. İş yerimdəki  şagirdlərin simaları göz önümə gəldi. Mənə ehtiyacları olduqları halda onları qoyub gedirdim... Amma bunu etmədim, onlardan ayrıla bilmədim. Məni dəvət edən həmin lisey rəhbərliyinə də işləyə bilməyəcəyimi  bildirdim. Çünki oradakı uşaqların hər birinə xüsusi yanaşan bir müəllim lazım idi. Onlar məni bu gözdə görürdülər... Odur ki, gedə bilmədim və hazırda da burada işləyirəm.

 

 

Aysel müəllimi o internat məktəbində saxlayan başqa bir səbəb də çox sevdiyi bir sinfidir. Hansı sinif ki, oradakı bütün uşaqlar özlərinin şad günlərini də, pis günlərini də məhz bu gənc müəllimlə bölüşür və ona ürək qızdırırlar:

 

 

-O məktəbdə sevdiyim bir sinif var. Uşaqları da mənə çox bağlıdırlar. Amma ilk günlər onlarla o qədər də isinişə bilmirdik. Bir neçə ay belə davam etdi. Sonradan ilk cəhdləri özüm  etdim. Onlarla dostlaşmağa başladım. Ad günlərimizi birlikdə qeyd etdik,  xoş hadisələri bərabər yaşadıq. İndi o siniflə bir-birimizə o qədər yaxınıq ki, bütün xoş günlərimizi bir yerdə keçiririk. Həmin sinfə elə bağlanmışam ki, bilmirəm onlar bitirəndən  sonra o məktəbə necə gedəcəyəm.

 

Ümumiyyətlə, məktəbimizdəki şagirdlərin çox böyük ürəkləri var. Bəzən sevgilərini göstərməkdən ötrü mənə simvolik  hədiyyələr də alırdılar. Məsələn, özlərindən bir qolbaq düzəldir, üzərinə adımı yazırlar.

 

 

 -Sizin fəaliyyət istiqamətiniz təkcə çalışdığınız məktəblə bitmir. Həm də Riyaziyyat üzrə tanınmış repetitor və olimpiada hazırlığı həyata keçirən müəllimsiniz. Bir az fəaliyyətinizin bu tərəfindən danışaq:

 

 

-Əvvəlcə onu deyim ki, Riyaziyyat üzrə hazırlıqlara başalayanda düşündüm ki, mən hamının bildiyi müəllimlərdən olmayacağam. Dərsi elə aparacağam ki, şagird məndən çəkinməsin. Qərara gəldim ki, özüm bir növ, öz fərdi məktəbimi  yaradacağam. Yaratdım da!

 

-Fərqli məktəb deyərkən?

 

-Əvvəlcə hazırlığa gələn şagirdləri siniflərə görə ayırdım. Bilirsiz ki, bir çox yerlərdə bu belə deyil. Müxtəlif siniflərə aid şagirdlərə eyni anda dərs keçilir. Daha sonra ayrılmış bu siniflərdə öz tədris  qaydalarımızı tətbiq etməyə başladım. Hər bir sinif üçün ayrı ayrı proqramları və cəzalar tətbiq etdim.(gülür) Amma necə cəza?- uşaqların özlərinə belə xoş gələn “cəza”. Məsələn, bir mövzunu öyrənməyəndə ona əlavə mövzu, bir məsələni həll etməyəndə əlavə məsələ də verirdim. Uşaqlar da bunu artıq bilirlər. Yazmayıb gələndə əlavə yazı ilə yüklənirlər. Dərslərimiz çox maraqlı keçir. Uşaqlar həm öyrənir, həm də stress atırlar. Elə özləri də mənə deyirlər ki, başqa dərslərdə yoruluruq,  amma sizin dərsinizdə beynimiz dincəlir, stress atırıq. Bu hadisə məktəbdə də olmuşdu. Gedib direktora demişdilər ki, xahiş edirik Aysel müəllimin dərs saatlarını artırın, biz onun dərsində dinlənirik.

 

Bax beləcə, bir sistem qurdum. Özümü burada formalaşdırandan, sonra ali məktəblərə qəbul imtahanlarına hazırlıqda uğur qazanandan sonra beyəlxalalq doğru yönəldim və beynəlxalq sistemi öyrəndim.

 

2013-cü ildə Rumıniyada, 2019-cu ildə isə Qazaxıstanda İNFOMATRİX- beynəlxalq olimpiadasında  uğur qazanmışam. Bir neçə yetirməm buraxılış imtahanlarında riyaziyyat fənni üzrə yüz faizlik nəticə əldə edib.

 

Olimpiada hazırlığına  gəlincə isə yetirmələrim həm Kenquru olimpiadalarında,  həm də Respublika Fənn Olimpiadalarında yüksək yer qazanıblar.

 

Riyaziyyatla bağlı bir çox konfranslarda – istər yerli, istər beynəlxalq- iştirak etmişəm.

 

 

-AzEdu Təhsil Portalının müəllimlər arasında çox məşhur olan və hər il yüzlərlə müəllimin qatıldığı “İlin gənc müəllimi” müsabiqəsində də uğur qazanmısınız. Bu müsabiqənin finalçısı olmaq sizə nə qazandırdı?

 

- “İlin gənc müəllimi-2021”-də  ilk onluğa düşəcəyimi heç gözləmirdim. Eşidəndə çox şad oldum. Özümü üzə çıxarmaq   qabiliyyəti mənə  bu müsabiqədən  keçdi. Çünki orada müsabiqənin müxtəlif meyarları var idi. Nə yaxşı ki həmin meyarlar məni bir müəllim kimi özümü tanımağa kömək etdi. Müsabiqə nəticəsində nə yaxşı ki, bir çox müəllim dostları və Azedunu tanıdım.

 

Gələcək planlarımda elmi dərəcə almaq, kitab yazmaq var. Kitab üçün artıq əlyazmalar da var. Uşaqların daha rahat şəkildə öyrənmələri üçün çox vacib kitab olacaq. Elmi layihələrdə iştirak etmək və tanınmış riyaziyyatçı kimi bilinmək istəyirəm.

 

-Sizə gələcək işlərinizdə uğur arzulayırıq. AzEdu təhsil portalı olaraq dabütün uğurlarınızı işıqlandırmağa hazırıq. Amma gəlin, etiraf edək- sağlamlıq imkanları məhdud bir məktəbdə şagirdlərin sizə olan böyük sevgisinin özü də çox  böyük uğurdu. Hər müəllimin, hər alimin qiptə edəcəyi bir uğur...

 

-...