Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 15:03:00
Direktorların işəqəbulu müsabiqəsinəki nöqsanlar- “Köklü dəyişikliklər lazımdır”

 

 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir. Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.

 

Bəzi mütəxəssislərin fikrincə, test imtahanı mərhələsindən sonra namizədlərdən müsahibə götürülməsinə ümumiyyətlə ehtiyac yoxdur. Belə iddialar səsləndirilir ki, müsahibə mərhələsindən test imtahanında yüksək nəticə qazanmış bəzi arzuolunmaz namizədləri müsabiqədən kənarlaşdırmaq üçün istifadə edilir. Ona görə də direktorların işə qəbulu müsabiqəsində qiymətləndirmə strategiyasının təkmilləşdirilməsinə ciddi ehtiyac var.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütxəssis  Elşən Qafarovun sözlərinə görə, direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi ilə bağlı boşluqlar çoxdur. O bildirib ki, belə boşluqlardan biri də namizədlərin hansı kriteriyalar əsasında yoxlanılacağı barədə onlara əvvəlcədən məlumat verilməməsidir.

 

“Ümumilikdə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin formal xarakter daşıdığını hesab etmirəm. Təəssüf doğuran məqam odur ki, müsahibə mərhələsində subyektiv yanaşma üstün rola malikdir. Hesab edirəm ki, direktor vəzifəsinə təyin olunmaq istəyən namizədlərə müsahibədən əvvəl kriteriyalar, veriləcək sualların məqsədi, onlarda hansı bacarıqların üzə çıxarılmasının vacibliyi bildirilməlidir. Misal üçün, Elm və Təhsil Nazirliyi 2018-ci ildə namizədlərin müsahibəyə daha yaxşı hazırlaşması üçün dünyagörüşü, peşəkarlıq, hüquqi normativ sənədlər və s. mövzuları əhatə edən müsahibə sualları paylaşmışdı və müsahibə də həmin suallar ətrafında aparılırdı. Hazırda isə belə deyil, təəssüf ki, müsahibə mərhələsi mücərrəddir. Bu sahədəki ciddi problemlər mütləq həllini tapmalıdır. Əks halda, kriteriyalar qeyri-müəyyən olduğu üçün layiqli kadrlar kənarda qalır. Nəzərə almaq lazımdır ki, subyektiv fikirlər aldadıcı olur. Onlarla belə faktlar var ki, direktor vəzifəsinə layiq olan kadrlar işlə təmin edilməyiblər. Görünür, müsahibə komissiyasının qeyri-peşəkar qərarları nəticəsində daha az layiqli kadrlar təyinat alırlar. Ümumiyyətlə, direktorların işə qəbulu müsabiqəsində köklü dəyişikliklər etmək lazımdır. Əgər biz layiqli direktorlar seçmək istəyiriksə, gərək fəal direktor müavinləri arasından seçim edək. Qısacası, respublika üzrə direktor müavinləri arasında müsabiqə keçirilməli, konkret plan təqdim edilməli, onların fəaliyyəti izlənilməli, daha aktiv və daha bacarıqlı direktor müavinləri müsahibə əsasında direktor vəzifəsinə təyinat almalıdırlar. Təəssüf ki, biz bunu görə bilmirik, ona görə də beş ildir ki, direktorların işə qəbulu müsabiqəsi lazımi nəticə vermir”.

 

Təhsil mütəxəssisi, həmçinin real şəraitdə namizədlərin yoxlanılması üçün vacib olan məqamlardan danışıb. Bildirib ki, namizədlərin təhsil və əmək qanunvericiliyi ilə bağlı bilikləri, eyni zamanda, onların məktəb idarəetməsi sahəsində dünyagörüşləri və İKT bacarıqları yoxlanılmalıdır: “Belə olan halda, namizədlərin məktəb idarəetməsi ilə bağlı ümumi təsəvvürlərini öyrənmək mümkündür. Hesab edirəm ki, direktorların işə qəbulu müsabiqəsi iki mərhələdə keçirilməlidir. Birinci mərhələdə namizədlər esse yazmalıdırlar. Müvafiq keçid balını toplamış namizədlərin təhsil və əmək qanunvericiliyi sahəsindəki bilikləri isə ikinci mərhələdə yoxlanılmalıdır. Açığı, mən direktorluğa namizədlərin məntiqi təfəkkürünün yoxlanılmasının, eləcə də “Yüksəliş” müsabiqəsi formatının direktorların işə qəbulu müsabiqəsinə tətbiqinin tərəfdarı deyiləm. Respublika üzrə 4432 orta ümumtəhsil məktəbi olmasına baxmayaraq, hər 100 məktəb direktorundan hətta 95 nəfəri doğru şəkildə əmr və ya protokol yaza, akt tərtib edə bilmir. “Yüksəliş” müsabiqəsinin məntiqi isə mərkəzi icra hakimiyyəti orqanlarına kadr rezervi yaratmaqdır. Yəni həmin formatı məktəb direktorlarının işə qəbulu müsabiqəsinə tətbiq etmək absurddur. Təsəvvür edin, ölkədə 700-ə yaxın məktəb direktoru vəzifəsi boşdur, amma cəmi 84 nəfər müsabiqədən keçib. Onlar da təxminən 50 faizə yaxın bal toplayıblar. Sual yaranır: bəs digər məktəblərin taleyi necə olacaq?!”

 

E.Qafarov qeyd edib ki, indiki halda müsabiqədə uğur qazanmış direktorluğa namizədlər xüsusi kurslara cəlb edilməlidirlər: “Belə kurslar həm onlayn, həm də oflayn formatda təşkil edilə bilər. Müsabiqədən uğurla keçmiş namizədlərə məktəb idarəetməsi ilə bağlı praktiki biliklər öyrədilməlidir. Müsabiqədən keçirib namizədi məktəbə direktor yollamaq həll yolu deyil”.

 

Qeyd edək ki, şagird sayı 500-dək olan ümümi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış və birbaşa müsahibə mərhələsinə dəvət olunan namizədlərin müsahibə mərhələsinə iyulun 28-də start verilib. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisası sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.