Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 12:14:00
Xəzərin dayazlaşmasının ciddi fəsadları - Hansı kataklizmlər ola bilər?-Professor danışır

Xəzər dənizinin səviyyəsi ilbəil azalır. Açıqlanan məlumatlara görə, 2005-ci ildən bu yana dənizin səviyyəsi 1,5 metr aşağı düşüb. Proses mütəxəssislər arasında geniş müzakirə olunur. Xəzərin suyunun azalmasının ekosistemə, biomüxtəlifliyə, dəniz hövzəsindəki ölkələrin iqtisadiyyatına mənfi təsirləri ilə bağlı “Kaspi” qəzetinin suallarını AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov cavablandırıb.  

 1930-cu ildən 1977-ci ilə qədər olan kəskin dəyişmələr 

- Xəzər dənizində suyun azalması nə vaxtdan başlayıb? Əvvəllər belə bir problem müşahidə edilibmi?
- Xəzər dənizi qapalı su hövzəsidir. Onun dünya okeanı ilə əlaqəsi olmadığı üçün səviyyəsinin dəyişməsi iqlim amilləri ilə bağlıdır. Xəzərin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Bunlar Xəzərə tökülən çaylar, yağıntılardır və dənizin gəlir hissəsini təşkil edir. Bir də Xəzərin səthindən suyun buxarlanması var. Bu isə çıxar hissədir. Deməli, bunların münasibətindən asılı olan proses var, yəni buxarlanma, çayların gətirdiyi və yağıntıların suyundan çoxdursa, səviyyə aşağı düşür. Əksinə olduqda isə səviyyə qalxır. Xəzərin tarixi ərzində səviyyə bir neçə dəfə qalxıb, sonra da düşüb. XX əsrdə ən kəskin dəyişmələr 1930-cu ildən 1977-ci ilə qədər olub. 1930-1940-cı illərdə isə suyun səviyyəsi kəskin şəkildə düşüb. 10 il ərzində, təxminən 2 metr aşağı düşüb. 1940-cı ildən 1976-cı ilə qədər tədricən 1 metr düşüb. Yəni 1930-1977-ci illər arasında 3 metr aşağı düşüb. O vaxtkı sovet hökumətinin rəhbərliyi vəziyyətin ciddiliyini nəzərə alaraq belə bir qərara gəlməyə yaxın idi ki, şimala axan Peçora və Dvina çaylarının istiqamətini dəyişdirib Volqa çayı vasitəsilə Xəzərə töksün. 1977-ci ildən başlayaraq Xəzərin səviyyəsinin yenidən qalxması bu planı təxirə saldı. Beləcə, 1990-cı illərdə Xəzərin səviyyəsi 2,5 metrə qədər qalxdı və əvvəlki illərdən daha böyük problemə səbəb oldu. Əraziləri su basdı, infrastruktura böyük ziyan dəydi, gəmiçilikdə, balıqçılıqda, neft çıxarılmasında, daşınmasında müəyyən problemlər yaratdı. 1995-ci ildən ta 2005-ci ilə qədər Xəzərin səviyyəsi nisbətən sabit qaldı. Amma 2005-ci ildən başlayaraq suyun səviyyəsi düşməyə başladı.

 - Suyun indiki azalmasının səbəbləri nədir?

- Birincisi, Volqa çayı vasitəsilə gələn suyun azalmasıdır. Bu su ona görə azalır ki, xeyli su anbarları tikilib. İkinci bir tərəfdən, kənd təsərrüfatında yararlı torpaqların istifadəsi daha çox su tələb edir. Bir də ki, qlobal istiləşmə ilə bağlı Volqa çayının hövzəsində buxarlanmanın artmasıdır. Xüsusən, çayın üzərindəki su anbarlarının səthindən və delta hissəsindən buxarlanmanın kəskin artması Volqa çayının gətirdiyi suyun azalmasına səbəb olub.

 - Belə çıxır ki, Kür çayının Xəzərin su səviyyəsinə təsiri yoxdur. 

- Var, amma azdır, əsas Volqa çayıdır. Deməli, Xəzərə gələn suyun 80 faizi Volqanın payına düşür. Qalan 20 faizi isə Kür, Ural, Terek, Sulak və digər çayların hesabına formalaşır. Kürün müəyyən qədər payı var, amma Volqa ilə müqayisə ediləcək dərəcədə deyil. Başqa amil kimi, yağıntıları da diqqətdən qaçırmamalıyıq. Xəzərin səthinə düşən yağıntıların miqdarı çox olmasa da, hər halda azalıb. Digər mühüm amil Xəzərin səthindən buxarlanmanın artmasıdır. Temperatur artdıqca, aydın məsələdir ki, suyun azalması da artacaq. Bununla bağlı son vaxtlar başqa amilləri də nəzərə almağa başlayıblar. Belə ki, iqlimin dəyişməsi qlobal hava dövranına təsir edir. Sinoptik proseslərinin xarakterinin, küləklərin istiqamətinin, sürətinin dəyişməsi təsirsiz ötüşmür. Müqayisə olunub ki, Xəzərin səviyyəsinin yuxarı olduğu dövrdə şimal və şimal-qərb istiqamətlərində küləklər üstünlük təşkil edib. Xəzərin səviyyəsinin düşdüyü vaxtlarda, yəni 1930-1977-ci illərdə və son 15 ildə şərq küləkləri üstünlük təşkil edib. Şərq küləkləri Orta Asiyadan əsir, isti və qurudur. Xəzərin üzərindən keçən quru külək buxarlanmanı daha çox artırır. Burada başqa bir məsələ də var. Hazırda institutumuzun əməkdaşı Elnur Səfərov bir illik razılaşma əsasında Cenevrədəki alimlərlə birgə eksperimentlər aparır. Qlobal iqlim indeksləri anlayışı var və indiki halda Cənubi osilyasiya indeksinin təsirləri öyrənilir. Birlikdə gəlinən nəticə odur ki, Xəzərin səviyyəsinin düşdüyü vaxtlarda Cənubi osilyasiya indeksinin bir fazası olan la-nino hadisəsi özünü daha çox göstərir. Səviyyənin qalxdığı dövrlərdə isə əksinə, bu indeksin mənfi qiymətləri üstün olub. Yəni el-nino hadisəsi daha çox üstünlük təşkil edib. Bu, hələlik bizim aldığımız ilkin nəticələrdir və bunun üzərində tədqiqatı davam etdirəcəyik. Bu amilin olması işin xeyrinədir. La-nino və el-nino bir-birini əvəz edir. Deməli, la-nino hadisəsi el-ninoya keçəndə Xəzərin səviyyəsinin artması ehtimalı var. Hələlik bu, bir versiyadır və dəqiq proqnoz deyə bilmərik. Onu qeyd edim ki, NASA alimlərinin bu günlərdə dərc etdikləri məqalədə bildirilir ki, bu əsrin sonuna qədər Xəzərin səviyyəsi 6 metrə qədər aşağı düşəcək. Ancaq Niderland və Almaniya alimlərinin qlobal iqlim dəyişmələrini nəzərə alan modelinə əsasən, suyun səviyyəsinin 9-18 metr aşağı düşməsi gözlənilir. Bu, uzunmüddətli proqnozdur və buna bir o qədər də aludə olmaq olmaz. Lakin alimlər indiki qlobal istiləşmə, iqlim dəyişmələrini ekstrapolyasiya etməklə yaratdıqları modeldə belə bir nəticə alıblar.  

 “Geniş ərazilərdə nəhəng duz təpələri yaranacaq”

- İndiki dəyişikliyin Xəzərətrafına, eləcə də dənizin biomüxtəlifliyinə nə kimi mənfi təsirləri var?
- Xəzərin səviyyəsinin həm qalxması, həm də aşağı düşməsi böyük kataklizmlərə səbəb ola bilər. Hazırda Xəzərin səviyyəsinin aşağı düşməsi onun sahəsinin azalmasına səbəb olur. Misal üçün, ən pis proqnozu götürək: səviyyə 18 metr aşağı düşəcəyi halda, Xəzərin səthi 3-də 1-i qədər azalacaq. Bu o deməkdir ki, Xəzərətrafı quru ərazilər xeyli artacaq. Burada da 5 Xəzəryanı dövlət var və bu quru torpağın bölünmə məsələsində siyasi problem yarana bilər. Bu, siyasi aspektdir. Ekoloji aspektdən götürsək, Xəzərin səviyyəsinin aşağı düşməsi duzluluğun artması deməkdir. Duzluluğun artması orada yaşayan canlıların həyat şəraitini dəyişəcək. Yəni ekosistem dəyişdiyi kimi biomüxtləliflik də dəyişəcək. Xəzərdə yaşayan canlılar üçün qeyri-münbit şərait yaranacaq. Digər tərəfdən, səviyyənin aşağı düşməsi ilə suyun səthinin daha çox qızması bir çox balıqların yaşaması üçün çətin olacaq. Çünki isti suda oksigenin həll olunması çətinləşir və buxarlanma ilə atmosferə gedir. Ötən il Xəzərdə kefal balıqlarının kütləvi məhvinin şahidi olduq. Həmin balıqlar oksigen azlığı nəticəsində məhv olmuşdu. Təsəvvür edin ki, bu problem get-gedə kəskinləşəcək. Bu da biomüxtəlifliyin pozulmasına gətirib çıxaracaq. Eyni zamanda gəmiçilikdə problem yaranacaq. İndi Bakı buxtasındakı dəniz limanında artıq böyük problemlər yaranıb və iri gəmilər ora yan ala bilmirlər. Ona görə də, daim qazıntı işləri gedir və dərinləşdirirlər ki, gəmilər sahilə yan ala bilsin. Əgər iddia edildiyi kimi, Xəzərin səviyyəsi 9-18 metr aşağı düşəcəksə, dənizin şimalı tamamilə quruyacaq. Çünki şimali Xəzərin orta dərinliyi 5 metrdir. Biz səviyyənin 9-18 metr aşağı düşməsindən danışırıqsa, deməli, şimali Xəzər artıq yoxdur. Şimali Xəzər yoxdursa, onda biz Volqa çayı vasitəsilə okeana necə çıxacağıq? Belə olduğu halda küllü miqdarda vəsaitlə Volqa çayına axını təşkil etmək lazımdır ki, oradan gəmilər hərəkət edib dünya okeanına çıxa bilsin. Bundan başqa dəniz çay məcrasından xeyli aralı düşəcək. Təsəvvür edin ki, Kür bir xeyli axmalıdır ki, gedib Xəzərə tökülə bilsin. Burada balıqların miqrasiyası məsələsində də problem yaranacaq. Misal üçün, qızıl balıq şirin suda kürü tökür, sonra dənizə qayıdır. Artıq bu balans da pozulur. Başqa bir ekoloji aspekt nədən ibarət ola bilər? Hazırda Urmiya gölü quruyur və bu göl Xəzərdən qat-qat duzludur. İndi gölün suyu quruyub və düz torpağın səthində qalıb. Bir az külək əsən kimi həmin duzu hər tərəfə yayır. Bu da ilk növbədə insan orqanizminə zərər vurur. Münbit torpaqlardakı əkinlərə mənfi təsir göstərir. Xəzərin səviyyəsi 18 metr aşağı düşsə, geniş ərazilərdə nəhəng duz təpələri yaranacaq. Bu da ətraf ərazilərdə yaşayışı dözülməz vəziyyətə gətirib çıxara bilər. Bu baxımdan biz arzulamalıyıq ki, proqnozlar özünü doğrultmasın. 

 “Çox böyük var-dövlətdir, incidir”

- İyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev çıxışı zamanı dənizin dayazlaşmasının qarşısının alınması üçün addımların atılmasının vacibliyini qeyd etdi. Necə hesab edirsiniz, 5 Xəzəryanı dövlət problemin qarşısını almaq üçün hansı addımları atmalıdırlar?
- İlk növbədə Xəzərə tökülən çayların suyunun antropogen, yəni insan fəaliyyəti nəticəsində azalmasının qarşısını almaq lazımdır. Bu, xüsusilə Rusiyaya aiddir, çünki Volqa çayı məhz onun ərazisində keçir. Digər yandan, Xəzərin problemi təkcə səviyyə dəyişməsi ilə bağlı deyil, ekoloji problem də var. Yəni çaylar vasitəsilə dənizə hədindən artıq çirkab sular axıdılır. O cümlədən neft hasilatı ilə əlaqədar olaraq çoxlu miqdarda xam neft Xəzərin suyuna qarışıb. Bütövlükdə Xəzəryanı ölkələrin gücü ona çata bilər ki, dənizə tökülən çaylardan daha səmərəli istifadə etsinlər və imkan daxilində çirklənmənin qarşısını alsınlar. Eyni zamanda neft hasilatında ehtiyatlı davransınlar ki, Xəzərə neft qarışmasın. Ümumiyyətlə, insan fəaliyyəti müəyyən qədər dənizi çirkləndirir. Hətta dəniz sahilindəki turizm obyektləri də suyun çirklənməsinə gətirib çıxarır. Ona görə də, qabaqcıl ölkələrin turizm sahəsindəki təcrübəsini öyrənmək lazımdır ki, çirkli sular müəyyən qədər təmizlədikdən sonra dənizə axıdılsın. Bunların hamısı Xəzərin ekologiyasına təsir edir. Xəzər dənizi çox böyük var-dövlətdir, incidir. Ona görə də bu var-dövləti, incini saxlamaq üçün Xəzəri qorumaq lazımdır.