http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-14 14:19:00
General Polad Həşimovun məzun albomu, müəlliminin təsirli xatirəsi -FOTOLAR

“General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb.

 

268 səhifəlik sözügedən kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub.

 

Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib.

 

“General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

 

Təbii ki, sözügedən foto və materiallar arasında generalın məktəb illəri, necə şagird olması, eləcə də o dönəmlə bağlı xatirələr də var.

AzEdu.az   kitabda əksini tapan həmin materiallardan birini – müəllimi Famil Məmmədlinin xatirəsini təqdim edir:

 

 

Famil Məmmədli - Polad Həşimovu hərb yoluna yönəldən müəllimi

 

Qırx ilin müəllimi olmuşam. Tarix və hərbi hazırlıq fənlərindən dərs demişəm. On beş il direktor müavini olmuşam. Məktəbdə gözümdən yayınan bir şagird belə olmayıb. Əksəriyyəti yüksək vəzifə tutub. Bir çoxu hərbçidir. Bir müəllim kimi şagirdlərimlə daim fəxr etmişəm. Şəhid general-mayor Polad Həşimov da onlardan biriydi. Ancaq Poladla, onu ilk dəfə hərbi geyimdə gördüyüm zaman fəxr etmişdim. Bilirsinizmi, Poladı hərb yoluna mən cəlb etmişəm. Hərbi hazırlıqdan dərs dediyim üçün yox, ondakı vətən sevgisini, əqidəni və təbii ki, dəqiq riyazi hesablamaları aparmasını gördüyüm üçün.

 

Onuncu sinifdə oxuyurdu. Hardasa hərbi hazırlıq dərsliyi ilə ilk tanışlığı ərəfəsində idi. Məktəbi bitirəndə hansı peşəyə yiyələnmək istədiyini soruşdum. Ya Riyaziyyat müəllimi, ya da hüquqşünas olacağını dedi. Cavabına gülümsədim.

 

 

– Riyaziyyat müəllimi nə qədər desən, var. Hüquqşünas da həmçinin. Bu cür istedadını daha vacib amillər üçün xərcləsən, yaxşı olar, – dedim.

Təəccübləndi.

– Bax, əgər hərbçi olsan, dəqiq riyazi hesablamaların və insan hüquqlarını bilməyin sayəsində nadir şəxsiyyətlərdən olarsan.

Hələ də üzümə baxıb gülümsünürdü. Onun belə vərdişi vardı. Danışanı dinləyir və gülümsünürdü. Sanki dərdini dinlədikcə onu təbəssümü ilə yüngülləşdirirdi. Sözümü ciddiyyətə kökləmək üçün qaşlarımı çatıb əlavə etdim.

– Əgər hərbçi olmasan, üzünə bir daha baxmaram.

Başını aşağı saldı. Sonra:

– Evdə məsləhətləşim, cavabımı sizə deyərəm, – dedi.

Cavabı çox gecikmədi. Növbəti gün tarix dərsində yaxınlaşıb hərbçi olmağa qərar verdiyini bildirdi. Bu dəfə isə mən gülümsündüm. Çünki onun istedadına inanırdım. İnamımı doğruldacağına əmin idim. Onda gördüyüm bu potensialı özünün də görməyini istədim. Hələ bir dəfə dərsə gecikdiyini xatırlamıram. Nə nadinclik edərdi, nə də yeniyetmələrə xas kobudluq.

Ailəsini necə sevdiyini gözəl bilirdim. Həmin ərəfədə qonşuluqda yaşadığımızdan evlərində də çox olmuşam. O ailənin süfrəsinin mayası saflıqla, paklıqla yoğrulub. Atası rəhmətlik İsrayıl yaxşı insan idi. Ancaq Poladı polad edən onun anası olub. Yəqin, bunu qonşuları, qohumları da təsdiqləyər. Düzdür, toyunda Polada “Sənin general olmağın yanındakı xanımdan asılıdır” demişdim. Toy “kaset”ində olmalıdır. Xatırlayıram, toyuna da oğlumla birlikdə getmişdik. Taleyin işinə baxın ki, oğlum Poladın komandir olduğu taborda hərbi xidmət keçib. O zaman Polad kapitan idi, xidmətini Murovdağda davam etdirirdi. Mənsə bundan hərbçi olmuş başqa şagirdimdən xəbər tutmuşdum. Andiçmə mərasimi üçün Toğanaya getmişdik.  Fikrim dağınıq idi. Qəfildən arxadan kimsə məni möhkəm qucaqladı. Arxaya dönüb Poladı gördüm. Qollarında sanki bəbir gücü vardı. Çox sevindim. Oğlumun andiçmə mərasiminə gəldiyimi dedim. O da məni öz hərbçi yoldaşlarına təqdim etdi. Məni elə təriflədi ki, lap dağın başına qaldırdı. Fəxarət hissi ilə üzünə tamaşa etdim. Ancaq tələsirdi. Andiçmə mərasiminə qalmadan maşına minib Murovdağa çıxdı.

 

Bir neçə ay sonra oğlum da digər gənc əsgərlərlə birlikdə Poladın komandirlik etdiyi tabora qoşuldu. Oğlum deyir ki, tabora gedəndən bir neçə gün sonra Polad Həşimov məni öz yanına çağırıb hal-əhval tutduqdan sonra, “Müəllimimin oğlu olduğun üçün posta da birinci məhz sən getməlisən!” deyib. Bunun nə demək olduğunu başa düşürsünüz?! Polad belə oğul olub! Azərbaycan elə bir igidini itirib ki, sözlə ifadə edə bilmirəm. Bizə hər gəldiyində yoldaşım oğlum üçün yun corab, sabun və s. qoymaq istəyirdi. Polad, “Mənim əsgərlərimin hər şeyi var, heç nəyə ehtiyacları yoxdur!” deyirdi. Bu da həqiqət idi.

O, insan psixologiyasını, hərbi psixologiyanı çox gözəl bilirdi. Döyüşkən ürəyə sahib idi. Poladın adını onun şəxsiyyətinə layiq şəkildə yaşatmaq lazımdır. O elə bir zirvəni fəth edib ki, milyonların ürəyində yaşayacaq. Millətin qürur yeri, iftixar hissi, and yeri olacaq.