Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 15:30:00
Xarici universitetlərin yüksək təhsil haqqı oyunları – Qiymət artımı üçün nələr edilir?

Xaricdə təhsil arzusunda olanların ölkə seçərkən diqqət etdikləri  məqamlardan biri də təhsil haqqı və yaşayış xərclərinin münasibliyidir. Amma təhsil haqqı  az  olan universitetləri xeyli xərc tələb edən ali təhsil müəssisələri ilə müqayisə etdikdə aradakı fərq ortaya çıxır.

Ümumiyyətlə, niyə bəzi əcnəbi universitetlərdə təhsil haqqı digərlərindən bahadır? Buna nə kimi amillər təsir edir?

AzEdu.az CELT xaricdə təhsil mərkəzinin koordinatoru Nərgiz Ağaverdiyevaya istinadən bu sualların cavabını təqdim edir:

“Təhsilə verilən pul bəzən yararsız hesab oluna bilər. Amma dərin düşünsəniz, həmin pulların gələcəyiniz üçün yararlı yatırım ola biləcəyini dərk edəcəksiniz. Xaricdə oxumaq istədiyiniz universitetdə təhsil haqqının yüksək olmasının səbəbləri çoxdur. Bunlardan biri də orada təchizat sisteminin, müəllimlərin savadının yüksək səviyyədə olması, kampusun və korpusların dərslər üçün tam şəkildə uyğunluğu, tələbələrin asudə vaxtlarını dəyərləndirmək üçün idman zallarının, hovuz, kitabxananın olmasıdır. Bu kimi faktorlar ödəyəcəyiniz pulun yüksək olmasına səbəb olan amillərdir.

Universitet daxilində yaradılmış laboratoriyaların çoxluğu tələbənin təcrübələr aparması və təhsilində uğur qazanmasına imkan yaradır. Öz tələbələrinin biliyinə görə digərlərindən seçilməsini istəyən universitetlər bir-biriləri ilə professorlarının sayına görə də rəqabət aparırlar.

Xaricdə təhsil almaq arzusu olanlar alacağı diplomun digər ölkələrdə tanınması, universitet kampusunun standartlara uyğun şəraitdə olmasını istəyirsə,  normadan yüksək məbləğdə pulu gözə almalıdırlar”.

O, İngiltərə universitetlərində təhsilhaqqının  yüksək olmasının səbəbini izah edib:

“Dünyanın ən yaxşı universitetləri ABŞ, İngiltərə, İsveçrə və Almaniyada yerləşir.

Bəzi ölkələrdə valyutalar arasında ciddi fərq olduğuna görə burada təhsil azərbaycanlı tələbələrə baha başa gəlir. Onların təhsil aldıqları ölkədə gündəlik ehtiyacları, kitab-dəftər, yaşamaq üçün ev kirayəsinə və ya yataqxanaya pul xərclədiklərini nəzərə alsaq, düşünülən məbləğ bir az da artır.

Məsələn, son zamanlar tələbələrin ən çox üz tutduğu ölkə İngiltərədir. Təhsilhaqqısı yüksək olan universitetlər İngiltərə, xüsusilə də Londonda yerləşir. Amma burada əldə edəcəyiniz diplomun bütün dünyada tanınacağı və oxuyacağınız universitetdə tələbə həyatının, kampus şəraitinin sizin arzuladığınız kimi olacağına əmin ola bilərsiniz. Ümumiyyətlə, İngiltərədəki ən yaxşı universitetlər Oxford, Cambridge, City, University of London, İmperial College London, Coventry University, University College London, London school of Economics və s. hesab olunur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları