Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-24 17:09:14
Evdən kömək olmadığı üçün bəzi xanımlara təmənnasız yardımçı olmuşuq” – Qızların xaricdə təhsil nisgili

“Ali, xüsusilə xaricdə təhsildə gender məsələsində əsas ziddiyyət budur: qızlar xaricə daha çox getmək istəsə də,  reallıqda bu, elə deyil. Ya evdən icazə vermirlər, ya da başqa səbəblər ortaya çıxır. Qızlar şikayətlənir ki, evdən deyirlər ki, ailə qur sonra get”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu deyib.

“Xaricdə təhsildə oğlanlar daha çox üstünlük təşkil edir. Elə hallar olub ki, evdən heç kim kömək etmədiyinə görə, bəzi xanımlara heç bir təmənna olmadan kömək etmişik. Hətta dövlət proqramı əsasında dəstək vermişik və xaricdə təhsili başa vurub qayıdıblar. Belə hallarda biz güzəştlər nəzərdə tuturuq. Çalışırıq müəyyən imkanlar yaradaq. Bu halda hissə-hissə ödəmək, ucuz və ya pulsuz təsil almaq üçün universitetin tapılması üçün imkan daxilində köməyimizi əsirgəmirik. Bununla bağlı bir neçə dəfə ailələrlə söhbətlər aparmışıq. Bizlə danışıqlardan, məntiqli cavab tapandan sonra valideynlər çox hallarda razılıq veriblər”.

Sərdar bəy qeyd edib ki, bu gün xaricdə təhsildə 60-65% oğlanlar, 40-35% qızlar təşkil edir. Həmçinin, o, qızların daha çox qiyabi təhsilə üstünlük verdiyini də əlavə edib.

FONO təhsil-tədris qurumunun müdir müavini Nəzərbəy Hacıağayev açıqlamasında bildirib ki, bu proseslərdə, yəni xaricdə təhsildə hər hansı gender bərabərsizliyi müşahidə etməyib:

“Deyərdim ki, gender bərabərsizliyi olursa, bu da xanımların xeyrinə olur. Bilirsiz, icazə verməyən valideynlər də var. Qızların nəinki xaricə, hətta ölkəmizdə təhsil almasına imkan vermirlər. Belə valideynlərin qızları isə nəinki xaricə gedib çıxa bilmir, hətta valideyn təziqindən mərkəzimizə də gələ bilmirlər. Abituriyent olan şəxslərin əksəriyyəti 18 yaşından kiçik şəxslər olur. Onlar müstəqil qərar qəbul edə bilmirlər. Buna qanun da icazə vermir. Ona görə də onlar həm maddi, həm də hüququ cəhətdən öz qərarlarını verə bilmədiyi üçün bizim mərkəzimizə və ya başqa mərkəzlərə gəlib hər hansısa söhbət aparmır. Bu yaşda olan gəncin əvəzinə danışmaqda səlahiyyətli olan valideynlər gəlib bu müzakirələri aparmalıdır. Valideynin istəyi olmadığı halda gəncin də bu sevdası baş tutmur. Çox nadir hallarda gənc öz arzusuna çata bilir. Bu zaman isə həmin gəncin sözün həqiqi mənasında intellekt küpü olması gərəklidir. O, savadı, biliyi, intellektual səviyyəsi, dünyagörüşü və dil bilgisi ilə hər hansısa beynəlxalq proqramın diqqətini özünə cəlb edə bilsin. Həmin proqram  da gənci hərtərəfli təminatını həyata keçirə biləcək səviyədə olsun.  Bu zaman da bəzi hüququ sənədləşmədə valideynin icazəsi mütləqdir”.

Nəzərbəy qeyd edib ki, ödənişlər zamanı xanımlar və bəylər arasında fərq məsələsində gender bərabərliyinə hörmətlə yanaşırıq. Ödənişlər zamanı müştərinin cinsi nəzərə alınmır.