Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-23 14:38:00
Dünyanın ən bahalı, 85 hektar əraziyə malik universiteti- FOTO

Dünyanın ən bahalı universitetlərindən biri sayılan Çikaqo Universiteti ABŞ-ın eyni adlı şəhərində yerləşir. Bu təhsil ocağı 1890-cu ildə Baptist təhsil cəmiyyəti tərəfindən təsis olunub. Universitetə ilk ən böyük ianə 1891-ci ildə Con Rokfeller tərəfindən yatırılıb.

AzEdu.az bu məşhur universitet haqqında yazını təqdim edir:

Bu universitetdə illik təhsil haqqı 57711 dollardır. Ali məktəbin laboratoriyasında ilk dəfə özünü təmin edən nüvə reaksiyası keçirilib.

Həmçinin Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. ABŞ-ın ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, Həmçinin universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi də yaradılıb.

Çikaqo Universitetinin kampusu şəhərin mərkəzində - Hayd-parkda, Miçiqan gölünün yaxınlığında 85 hektarlıq ərazidə yerləşir. Kampusun ərazisində ümumilikdə 243 bina var. Binalar qotik tərzdə inşa edilib. Kampusun "Ana Dördbucaq" adlanan əsas hissəsinin binaları memar Henri İves Kobba aiddir. Altı dördbucaq bina bir böyük dördbucaq meydan əmələ gətirir.

Çikaqo Universitetində təhsil alan tələbələrin 60%-i kampusun ərazisində yaşayır. Burada 38 tələbə yataqxanası var. Aspirant və magistrlərin qalmaları üçün kampusun yaxınlığında 28 bina ayrılıb. Kampusun ərazisində Reynold Klubu adlanan tələbə mərkəzi, muzeylər, teatrlar, restoranlar, ticarət və əyləncə mərkəzləri, idman kompleksləri, parklar və s. yerləşir.

Universitet şəhərciyində 12 elmi-tədqiqat institutu və 113 axtarış mərkəzi yerləşir. Çikaqo Universiteti bir çox əhəmiyyətli təcrübələr və kəşflərin yarandığı məkandır. Burada iqtisadiyyat sahəsi üzrə sərbəst bazar haqqında irəli sürülmüş fikir, Robert Millikanın "neft-damla təcrübəsi", elektron yükünün hesablanması, radiokarbonun tarixləşdirmə inkişafı kimi kəşflər bu təhsil ocağının əhəmiyyətli işlərindəndir.

Universitet bütün il boyu fəaliyyət göstərir. Dərslər sentyabrın əvvəllərində başlayır, iyunun ortalarında bitir. Yay aylarında isə burada müxtəlif yay məktəbləri fəaliyyət göstərir. Çikaqo Universitetində 14000-dən çox tələbə təhsil alır, onlardan 5000-i bakalavr, qalanları isə magistr və aspirantlardır. Burada təhsil alanların 18%-ni əcnəbilər, 23%-ni yerli etnik azlıqlar, 45%-ni isə qadınlar təşkil edir.

Çikaqo Universitetinin kitabxana sistemi altı arxivdən ibarətdir. Ümumilikdə 7,9 milyon cild kitaba malikdir. Universitetin ən zəngin kitabxanası Regensteyn adlanır və şəhərcikdə ən böyük binadır. Con Krerar adına kitabxanada isə tibb, biologiya, fizika, fəlsəfə, tarix, texnologiya və s. elmlərə aid olan 1,3 milyon cilddən çox kitab var.

Qeyd edək ki, ali təhsil müəssisəsinin məzunları arasında 87 Nobel mükafatı laureatları var.