Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 11:10:00
Məktəbə qədər həll olunası problem – Uşaqların nitq və eşitmə qüsurları ilə bağlı həyəcan təbili

 

Ana uşağın nitqini elə inkişaf etdirə bilər ki, onun ətrafında sanki bir deyil,  4-5 nəfər insan olduğunu düşünmək olar. Valideyn övladı ilə söz oyunu və digər oyunlar oynayıb, onunla çox  ünsiyyət qurmaqla hətta nitqi olmayan uşağın  nitqini inkişaf etdirə bilər”. 

 Bu sözləri AzEdu.az-a açıqlamasında loqoped Svetlana Məmmədova   deyib. Onun sözlərinə görə, uşaqlarda nitq qüsurların yaranmasının  ümumi  və xüsusi səbəbləri var:

 “Nitqlə bağlı qüsurların ümumi yaranma səbəbləri xüsusi bölgü əsasında aparılır.  Bunlardan bəziləri üzvi  və funksional səbəblərdir. Üzvi,  yəni, anatomik-fizioloji səbəblərdən yaranan problemlərin bəziləri loqopedin  köməyi ilə aradan qaldırıla bilir. Uşaqlarda dil hərəkəti aktiv olmadıqda,  loqoped xüsusi masaj vasitəsilə dilin hərəkətini aktivləşdirir.

Uşaqların 90% -də rast gəlinən problemlərdən biri də dərin damaqdır. Dərin damaq loqopedin müdaxilə edə bilməyəci bir problemdir. Çünki  uşaq doğulanda dərin damaqla doğulur. Dərin damaq  böyük problem sayılmasa da, müəyyən səslərinin tələffüzündə bu, müstəsna rol oynayır. Məsələn, “l”və“r” sərt damaqda deyilən səslərdir və həmin uşaqlar bunları  düzgün istifadə edə bilmirlər. “L” səsinin üzərində  iş aparıldıqda düzəlir, amma “r” səsinin korreksiya müddəti normal  damaqlı uşaqlardan daha uzun müddət çəkir”.

Loqoped əlavə edib ki, uşaqlarda funksional səbəblər də nitq qüsurlarını yaradır:

“Mərkəzi sinir sistemində tormozlaşma funksional səbəbə xasdır. Bu, ləngimə olan  uşaqlara aiddir və  ləngiməni spesifik özünəməxsusluğu ilə biruzə verir.  Uşaqların nitqində  3 yaşına qədər ləngimə olarsa, onlara nitq inkişaf ləngiməsi və 3 yaşdan sonra isə nitq inkişaf geriliyi diaqnozu qoyulur. 3  yaşdan yuxarı uşaqlarda bu problemlə loqoped, psixoloq, psixopedaqoq birlikdə işləyir”.

Svetlana xanım açıqlamasında bildirib ki, uşaqların nitqində qüsurların səbəblərindən biri də doğuş zamanı  alınan travmalar, bətndaxili patologiyalardır:

“Uşağın dörd həftəliyindən dörd aylığa qədər inkişaf dövrünün pozulması zamanı daha ağır nitq qüsurların yaranması mümkündür. Ananın hamiləlik dövründə keçirdiyi hər hansı bir virus  və yaxud infeksiyalı xəstəliklər, qan uyğunsuzluğu uşaqlarda daha ağır nitq qüsurların yaranmasına səbəb olur. 

Uşaqların  eşitmə qüsurlu olması onların nitqlərində fəsadlara səbəb ola bilər.  Eşitmə problemi olan uşaqlarda birinci qüsur kimi eşitmə, ikinci isə nitq  götürülür. Nitq qüsurları da uşağın yaşından asılı olaraq nitq inkişafı geriliyi, nitq inkişafının ləngiməsi ola bilər.  Bu zaman uşağın eşitmə qalığından istifadə edərək, onun  nitqini inkişaf  etdirmək mümkündür.  Əgər uşaq birinci və ikinci dərəcəli eşitmə qüsurludursa, onun  nitqini inkişaf etdirərək  normal vəziyyətə gətirmək olar. Ancaq o, üçüncü, dördüncü dərəcəli eşitmə qüsurludursa, artıq  ağır dərəcəli  sayılır. Uşaq eşitmə aparatından normal istifadə etdiyi halda, yəni  bir qulağına taxıb, digərinə taxmırsa onda bu, bir qulağın eşitmə aktivliyinə kömək edəcək. Aparat taxılmayan qulaqda isə eşitmənin daha da  ağırlaşmasına şərait yaradacaq. Ona görə də  hər bir eşitmə qüsurlu uşaqla işləyərkən mütləq şəkildə dodaqdan oxumanı ləğv etməyə çalışmaq lazımdır. Çünki eşitmə qüsurlu uşaqlar dodaqdan oxuya daha çox üstünlük verirlər. Onlar bizim nə  dediyimizi eşitməsələr belə, hansı sözlə müraciət etdiyimizi dodağımızın hiss edərək oxuyurlar. Ona görə loqopedlər bu tip uşaqlarla ağzını tutaraq  məşğul olmağa daha çox üstünlük verirlər. Uşaqlarda eşitmə qabiliyyəti inkişaf etdikcə artıq nitqini də korreksiya etmək olur”.

Günel Yaşarqızı