Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-21 15:32:55
Almaniyada PEŞƏ TƏHSİLİ – Həm oxuyub, həm də yüksək maaşla işləyin – Qaçılmaz fürsətlər

Təhsil sahəsində ən inkişaf etmiş ölkələrdən biri kimi Almaniyada ali məktəb sistemi çoxtərəflidir. Burada müxtəlif ali məktəb növlərinə rast gəlmək olar. Ölkədə ali peşə məktəbi, texniki ali məktəb, universitet, peşə akademiyaları fəaliyyət göstərir. Daha çox təcrübəyə  üstünlük verənlər  peşə ali məktəbi, nəzəriyyəyə  əsaslananlar,  tədqiqatata meyl edənlər  isə universiteti seçirlər. Almaniyada  170 ali peşə məktəbi var. Burada peşə təhsili ilə bağlı bir neçə proqramlar mövcuddur.

“Ausbildunq” – ixtisasartırma və ya peşə vərdişlərinə yiyələnmə deməkdir. Burada təkcə nəzəri bilikləri artırmaq deyil, həmçinin, paralel olaraq, oxuduğun ixtisasa uyğun işləmək və təcrübə toplamaq da nəzərdə tutulur.

Almaniyada hər il 600.000 nəfər seçdiyi  340 ixtisas üzrə işləməklə yanaşı, təhsilini də davam etdirir.

Qəbul şərtləri

Orada təhsil almaq istəyənlər xüsusi viza və icazə almalıdırlar. Azərbaycanda yaşayan şəxs Almaniyada oxumaq istəsə, bu halda o, işə götürən təşkilatla müqavilə bağladıqdan sonra sənədlərini Almaniyanın Azərbaycandakı səfirliyinin müvafiq  şöbəsinə təqdim etməlidir. Səfirlik həmin sənədləri şəxsin həmin müəssisənin yerləşdiyi ərazinin “Əcnəbilərlə iş idarəsi”nə (Ausländerbehörde) göndərməlidir. Əgər həmin yerə  Almaniya vətəndaşının, Almaniyada daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin iddiası olmazsa, bu halda,  ərizəniz keçərli olacaq və Almaniyaya gəlməyinizə razılıq veriləcək. Burada  ən üstün cəhət odur ki, vizaya müraciət edərkən hesabda pul göstərməyə ehtiyac qalmır. Qəbul olunduqdan sonra sizinlə bağlanan müqavilədə  aylıq qazancınız və digər xərclərin qarşılanacağı qeyd olunur.

“Ausbildunq“ üçün əsas sənəd müqavilə hesab olunur. Müqavilə təhsil alan şəxslə müəssisə və ya təşkilat arasında bağlanır.

Qəbul üçün lazım olunan sənədlər isə  attestat, alman dili biliyidir (B1/B2 səviyyədə).

Qeyd edək ki, işin növündən asılı olaraq, sizdən əlavə sənədlər də tələb oluna bilər.

Almaniyada enejitexnikası, İnformasiya və kommunikasiya texnikası, İT administrasiya, İT koordinasiyası, Biotexnologiya, Nəqliyyat və daşınma texnikası, Material texnologiyası, Gen texnologiyası, Hava və kosmos texnikası, Mikrosistem texnikası, Nanotexnologiya,Yol nəqliyyatı, Hava nəqliyyatı, Dəmiryol nəqliyyatı, Gəmi nəqliyyatı, Mexatronika və avtomatlaşdırma texnikası və s. sahələr üzrə təhsil ala bilərsiniz.

Peşə təhsili üçün əsas proqramlar avqust və ya sentyabrın 1-dən başlayır. Seçim prosesinə kifayət qədər vaxt tələb olunduğuna görə müəssisələr bəzi hallarda bir il əvvəldən elanlar verməyə və ya axtarışlar aparmağa başlayırlar. Bu sahədə ixtisaslaşan və əcnəbilərə yardım edən hüquqi və ya fiziki şəxslər də mövcuddur.

Peşə təhsilinin müddəti 2-4 ildir. Təhsil müddətində ixtisasınıza uyğun aralıq və yekun imtahanlara cəlb olunacaqsınız. Bu imtahanlar sizin kurs materiallarını hansı səviyyədə mənimsədiyinizi göstərir. Yekun imtahan isə oxuduğunuz məktəb və işlədiyiniz müəssisədən kənar şəxslər tərəfindən təşkil olunur. İlk dəfə imtahan verə bilməyən şəxslərdən təkrar imtahan götürülür. Üçüncü dəfə də keçə bilmədiyiniz halda başqa ixtisas üzrə imtahan verə bilərsiniz.

Təhsil müddətində müəssisə tərəfindən təqaüd ödənilir. Təqaüdün məbləği müəssisələr və ixtisaslardan asılı olaraq 300-1200 avro arasında dəyişir. İşə götürən təşkilat və ya müassisə yemək və geyimlə (xidməti geyim istisna olmaqla) və ya yaşayış yeri ilə təmin etmir. Buna baxmayaraq, bəzilərində müəyyən güzəştlər mövcuddur.

Təhsil müddətində sosial sığorta rəsmləşdirilir. Sığorta xərcləri bərabər ödənilir. Əgər təqaüd 325 avro təşkil edirsə, bu halda sığorta tam həcmdə müəssisə tərəfindən ödənilir. Sosial sığortaya tibbi sığorta (Kranken- und Pflegeversicherung), bədbəxt hadisələrdən sığorta (Unfallversicherung), pensiya sığortası (Rentenversicherung), işsizlik sığortası (Arbeitslosenversicherung) aiddir.

Duales Studium“ -

“Duales Studium” ali təhsillə təcrübəni birləşdirən təhsil növüdür. Tələbələr universitetdə və ya texniki məktəblərdə nəzəri biliklərə yiyələnməklə yanaşı, müəssisədə işləyir və paralel olaraq peşə vərdişlərinə yiyələnirlər. Bu müddətdə müəsisə həmin şəxsə müəyyən məbləğdə (300-1.500 avro) ödəniş edir. Hər il ortalama hesabla 100 min nəfər bu proqramdan faydalanır.

Schulische Ausbildung“ –Məktəbdə təhsil

“Ausbildunq“un geniş yayılmış forması kimi texniki peşə məktəbləri, ixtisaslaşmış kolleclər və ya ixtisaslaşmış Akademiyaları göstərmək olar. Bir qayda olaraq belə formada oxuyanlara ödəniş edilmir, çünki bu orta baza təhsili hesab edilir. Hətta bəzi xüsusi məktəblər ödənişli əsaslarla fəaliyyət göstərirlər.