Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-14 10:47:00
“Şagirdlərin kriminal aləmə meyilli olmasında valideyn və  müəllimlər günahkardırlar”- SƏRT İTTİHAM

 

“Ümumilikdə dövlət məktəblərinə nəzər salsaq, görərik ki, sinifdəki uşaq sayı, dərs yükü, yəni bir şagirdə keçirilməli olan dərslər və dərsin vaxtı, heç biri üst-üstə düşmür”

 

Bunu AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev hazırda ümumi orta təhsil səviyyəsində mövcud olan problemlərdən danışarkən qeyd edib.

 

Mütəxəssis sinifdəki uşaq sayının dərsin keyfiyyətinə təsirini vurğulayıb:

 

“Bir müəllim bir dərs üçün verilən vaxt ərzində sinifdə olan şagirdlərə fikrini tam izah etməyə bilər. Məsələn, sinifdə 30-35 şagird varsa, bu şagirdlərin hər birinə 1 dəqiqə ərzində nəsə izah etmək mümkün deyil. Ümumi şəkildə izah verilir, belə olan halda isə müəllim istədiyi nəticəni əldə edə bilmir”.

 

Mütəxəssis mövcud problemlərdən danışarkən, gənc kadrların azlığı məsələsinə də toxunub:

 

“Düşünürəm ki, əsas problemlərdən biri müəllimliyə namizəd olan gənclərə dərs deyən insanların yaşlı nəslin nümayəndələri olmasıdır. Çünki yaşlı nəsil gənc nəslə öz öyrəndiklərini aşılamağa çalışır. Bu zaman da onların maraqları ciddi şəkildə bir-birinə əks olur. Nəticədə innovasiyaya öyrəşmiş gənc nəsil ya məzun ola bilmək üçün öyrənməli, ya da öz bildiyi ilə gedib universitetdən kəsilməyi və yenidən hazırlaşmağı gözə almalıdır. Bunu da heç kim istəməz. Məktəblərə nəzər salsaq, əsas dərs deyənlərin gənclərdən çox yaşlı nəslin nümayəndələri olduğunu görə bilərik. Bu təhsilverənlər sovet zamanı ona öyrədilən dərs metodlarını özü də eyni şəkildə tətbiq edəcək”.

 

 

O, dərs yükünün ağır olmasının şagirdləər mənfi təsirlərini qeyd edib:

 

“Burada digər bir məqam da var. Şagird səhər saat 8-dən, günorta 1-ə kimi məktəbdə olur. Daha sonra evə gəldikdə valideynlərdə belə bir fikir formalaşır ki, məktəbdə dərs keçilmir, nəticədə də övladını hansısa fənn üzrə yenidən hazırlığı göndərir. Bu uşaqların ümumilikdə demək olar ki, sosial fəaliyyətləri yox səviyyəsindədir. Ancaq dərslə yüklənirlər və bunun sonu heç də yaxşı olmayacaq, xoşagəlməz nəticələr ola bilər”.

 

Mütəxəssis dərsliklərin akademik səviyyədə yazıldığı üçün şagirdlərin mövzuları anlamaqda çətinlik çəkdiklərini bildirib:

 

“Azərbaycan məktəblərində tədris üçün nəzərdə tutulan dərs vəsaitlərində problemlər var. Əsas problem budur ki, dərsliklər çox akademik səviyyədə yazılır, bu şagirdin başa düşə biləcəyi səviyyədə deyil. Məktəbdə müəllim tapşırığı izah edir, bir az daha aydın başa salır ki, şagirdlər rahat öyrənə bilsin. Daha sonra verdiyi tapşırığı şagird həmin vəsaitdən oxuyub başa düşməkdə çətinlik çəkir. Çünki şərtlər,məsələnin təqdim olunması kifayət qədər ağır olur. Bunu sadəcə bir təhsil mütəxəssisi kimi deyil, həm də bir valideyn kimi qeyd edirəm”.

 

O, problemli şagirdlərin vəziyyətində həm müəllimlərin, həm də valideynlərin günahkar olduqlarını vurğulayıb:

 

“Dərsdən yayınan, kriminal aləmə meyilli olan şagirdlərin də o hala gəlməsində müəllimlər və valideynlər günahkardırlar. Müəllimlərin günahı budur ki, onlar öz dərslərini həmin şagirdlərə sevdirə bilməyiblər, onları təhsildən, tədrisidən soyudublar. Bu tip müəllimlərin də çox zaman nə pedaqogikadan, nə də öz fənnlərindən məlumatları olur.Valideynlərin günahı isə budur ki, onlar övladlarının sosial vəziyyətləri ilə maraqlanmırlar. Övladlarının sıxıntılarını, bacarıq istiamətləri bilmirlər”.

 

Son olaraq mütəxəssis problemlərin aradan qaldırılması üçün zəruri olan addımları qeyd edib:

 

“Bu problemləri aradan qaldırmaq üçün dərs vəsaitləri yenidən gözdən keçirilməlidir, çünki dərsliklərin səviyyəsi yaxşı deyil,mövzular anlaşıqlı şəkildə deyil. Həmçinin valideyn-müəllim münasibətlərini daha yaxşı etmək üçün addımlar atılmalıdır. İclaslarda valideyn maraq göstərməlidir ki, müəllim onun övladının vəziyyəti haqqında nələr deyəcək, müəllim də maraq göstərməlidir ki, valideyn öz övladı ilə necə maraqlanır. Bütün bu məqamlar öz həllini tapmasa, təhsildə müşahidə olunan problemlər aradan qalxamayacaq”.