Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 16:49:00
Universitetlər gələcəyə kadr hazırlığında nələri səhv edir?-Mütəxəssis dəyərləndirməsi

 

“Universitetlər əmək bazarını nəzərdən keçirməli və ixtisasları cəmiyyətin, iqtisadiyyatın tələblərinə uyğun olaraq yeniləməlidirlər”

 

UNEC rektoru Ədalət Muradov ali təhsil sistemində mövcud olan problemləri gündəmə gətirməkdə davam edir.

 

Rektor hazırda tədrisi aparılan bəzi ixtisaslara gələcəkdə tələbatın olmayacağı,həmçinin öyrənmə və öyrətmə baxımından yeni universitet sisteminə ehtiyacın olması ilə bağlı məqamları qeyd edib.

 

Bəs yerli universitetlərdə hansı ixtisasların ləğvi,həmçinin nə kimi yeni ixtisasların açılması zəruridir? Həmçinin həm müəllimlər,həm də tələbələrin məlumatlanması istiqamətində necə bir universitet sisteminə ehtiyac var?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov gələcəyin ixtisasları ilə bağlı aparılan tədqiqatlardan söz açıb:

 

“Professor Ədalət Muradovun ali təhsildə mövcud olan problemlərlə bağlı qeyd etdiyi fikirləri mən də alqışlayıram. Bu mövzu universitetlərdə müzakirə olunmalıdır. Ümumiyyətlə tədrisi aparılan və gələcəkdə tələbatın olacağı ixtisaslarla əlaqədar şirkətlər və universitetlər müxtəlif tədqiqatlar ortaya çıxarırlar. Bunlardan ən məşhuru Oksford Universitetinin araşdırmalarından biridir. Eyni zamanda Microsoft şirkətinin də ixtisasların gələcəkdəki vəziyyətilə əlaqədar tədqiqatları var. Okford Universitetinin bu yaxınlardakı araşdırmalarına əsasən isə yaxın 30 ildə indiki ixtisasların 50%-nin artıq aktual olmayacağı göstərilir. Həmçinin universitetlərin öz ixtisas istiqamətlərini nəticələrə uyğun olaraq müəyyənləşdirmələri tövsiyə edilir”.

 

Mütəxəssis hazırki vəziyyəti dəyərləndirərək, gələcək üçün vacib olan istiqamətlərə kadr hazırlığı məsələsinə toxunub:

 

“Universitetlər əmək bazarını nəzərdən keçirməli və ixtisasları cəmiyyətin, iqtisadiyyatın tələblərinə uyğun olaraq yeniləməlidirlər. Amma burada müəyyən ixtisasın əsas xarakteristikası, bu mövzuda bacarıqlar aşılanmalı, daha sonra isə sırf iqtisadiyyatın mövcud tələblərinə uyğun olaraq müxtəlif vasitələrlə bacarıqlar inkişaf etdirilməlidir. Yəni universitet öz kadrlarını zaman-zaman müxtəlif ixtisasartırma və təlimlərlə cəmiyyətin müasir dövrün tələblərinə uyğun olan istiqamətlərə yönləndirməlidir. Amma onu da qeyd etmək lazımdır ki, 20-30 il əvvəlki ixtisaslar bu gün üçün aktual deyil. Gələcəkdə də bu günki müəyyən istiqamətlər aktual olmaya bilər. Burada tendensiya daha çox informasiya texnologiyalarından istifadə, insanların yaşam standartı ilə əlaqəlidir. Düşünürəm ki, gələcəkdə daha çox rəqəmsal texnologiyalar, üzvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üzrə mütəxəssislər, kibermütəxəssislər kimi istiqamətlərə tələbat olacaq”.

 

O, qarşıdakı illər üçün daha aktual və zəruri hesab ediləcək istiqamətlərə diqqət çəkib:

 

“Eyni zamanda bütün dünyada insan ömrü uzanır,nəticədə ahıllıq artır. Buna görə də onlara istiqamətlənmiş tibb, fizioterapiya xidmətləri,marketinqlə əlaqədar müasir yanaşmalar baxımından onlayn marketinq mütəxəssisləri və s. kimi sahələr aktual olacaq. Eyni zamanda gələcək üçün zəruridir geniş məlumatların işlənməsi üzrə mütəxəssislər, dizaynerlər, data analitkləri, kibertəhlükəsizlik kimi bir çox ixtisaslar, eyni zamanda qeyd etdiyim kimi müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı, tibbi istiqamətlər və s. da bura daxildir”.