http://www.position.az/ https://www.zirve.edu.az/
2022-03-08 14:43:00
İlkə imza atmış Azərbaycan xanımları - MARAQLI

Azərbaycanda müxtəlif sahələrdə aktiv xanımların rolu hər zaman danılmaz olub. Azərbaycanda ilkə imza atan bir çox xanımlar bu addımları ilə bərabər bəzən əsl Şərq hadisəsinə çevriliblər. Məsələn, ilk təyyarəçi xanım Leyla Məmmədbəyova həm də Şərqin ilk qadın pilotu olub. Yaxud “Gəlin qayası” operasını yazan Şəfiqə Axundova bununla Şərqdə ilk dəfə opera bəstələyən xanım oldu.

 AzEdu.az saytının təqdim etdiyi bu yazıda Azərbaycanda ayrı-ayrı illərdə və ayrı-ayrı sahələrdə ilkə imza atmış xanımlara diqqət çəkilib...


İlk kinoaktrisa, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik  
-  Hər üç sahəni yanaşı yazmağımız heç də təsadüfi deyil. Belə ki, ilk kimyaçı alimimiz, Azərbaycanın ikinci akademik xanımı olan İzzət Orucova bu sahələrin hər üçündə ilkə imza atıb. Cəfər Cabbarlının uzun çək-çevirindən sonra “Sevil” filmində eyniadlı obrazı oynamaqla ilk kinoaktrisa statusunu qazanıb.

İlk qadın akademik – Adi bir meşəbəyi qızı olan Validə Tutayuq  biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək böyük ilkə imza  atıb. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin  də qadın akademiki olub. Azərbaycanın ilk qadın akademiki seçilən bu xanım sonradan bir çox ilklərə imza atıb. Ən əsası isə ondan sonra qadın elmi kadrlar irəli çəkilib. 

İlk qadın təyyarəçi – Təkcə Azərbaycanın deyil, eləcə də Şərqin ilk qadın təyyarəçisi olan Leyla Məmmədbəyova müharibə başlayarkən (II Dünya Müharibəsi) mayor rütbəsinə qədər yeksələ bilmişdi. Lakin yetkinlik yaşına çatmayan 4 uşağın anası olduğu üçün onu müharibəyə göndərmirlər. Buna baxmayaraq, SSRİ miqyasının ikinci, Şərqin isə birinci xanım təyyarəçisi olan Leyla Məmmədbəyova Azərbaycan tarixinə düşə bildi.

İlk xanım hərbi təyyarəçi – II Dünya Müharibəsində hərbi təyyarəçi kimi yüksək nüfuz qazanan və kapitan rütbəsinə qədər yüksələn Züleyxa Seyidməmmədova sonradan yüksək postlarda irəli çəkildi. Xanım Seyidməmmədova hətta bir müddət Azərbaycan SSR ictimai təminat naziri vəzifəsində də çalışıb.

İlk qadın baş redaktor - 1911-ci ildə çap olunan ilk qadın jurnalı “İşıq”ın təsisçisi, dövrün maarifpərvər ziyalısı Xədicə Əlibəyova Azərbaycan mətbuat tarixinə ilk xanım baş redaktor kimi düşüb.

İlk xanım opera müğənnisi – Azərbaycanın ilk xanım opera müğənnisi Şövkət Məmmədova böyük Üzeyir Hacıbəylinin kadrı olub. Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Milanda konservatoriyanı oxuyan Şövkət xanıma həyatının ən pis vaxtlarında Ü.Hacıbəyli kömək edib və onu ilk dəfə səhnəyə çıxarıb. İlk xanım opera müğənnimiz səhnəyə çıxan zaman qoçular onu az qala öldürəcəkmiş. Bu zaman da ona Üzeyir bəy və dostları kömək edib.

İlk xanım balerina – Azərbaycanın balet sahəsində ilk qaranquş olan Qəmər Almaszadə adi bir çəkməçi qızı olub. Uzun müddət baletə gedən zaman atasına idmanla məşğul olduğunu deyərək aldadırmış. Lakin çox sonralar atası əsl həqiqəti bilir. Qızının bu seçimi ilə barışır. Hərdən gizlincə teatra gedib tamaşaçılar arasından qızının ifasını izləyirmiş də.

İlk xanım nazir - İlk qadın nazirimiz -  xarici işlər naziri olan  Tahirə Tahirova olub. O,  həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi.  1940-cı ildə isə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh olub. 
T.Tahirova 1957 -ildə Azərbaycan SSR xarici işlər naziri vəzifəsinə təyin olunsa da, icrasına 1959-cu ildən başlayıb və 1983-cü ildə nazirlikdəki fəaliyyətinə son qoyub. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (3, 5, 7-ci çağırış) deputatı olub. 

İki sahənin naziri olmuş ilk xanım – Bu, ayrı-ayrı vaxtlarda həm xarici işlər,  həm də təhsil naziri olmuş Elmira Qafarovadır.  
1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışıb. 1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb, 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalayıb.
1990-cı ilin may ayında Azərbaycan SSR Ali Sovetinin sədri seçilib və 1990-1992-ci illərdə bu vəzifədə çalışıb.

İlk idman ustası olan xanım - Qasımova Sona Əhməd qızı  ilk qadın idmançılarımızdan biri olub. Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi,  respublika  dərəcəli hakim adlarına sahibələnən ilk xanımdır.

İlk xanım olimpiya çempionu -  Zemfira Meftahaddinova XXVII Yay Olimpiya Oyunlarında qızıl medal almaqla Azərbaycan idman tarixinin ilk xanım olimpiya çempionu olub. “Şöhrət” ordeni ilə təltif edilən stend atıcısı hazırda həm də polis polkovnik-leytenantı kimi də fəaliyyət göstərir.

İlk xanım qrossmeyster – Bir müddət Azərbaycan Şahmat Federasiyasının prezidenti kimi də çalışan Aynur Sofoyeva 1990-cı ildə beynəlxalq qrossmeyster adını almaqla Azərbaycan idmanı tarixində bir ilkə imza atıb. Xanım Sofiyeva hazırda Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir.

İlk qadın riyaziyyatçı professor – Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olur. O, 1994-cü ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda “Semimarkov prosesləri’ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, bir  il sonra BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının professoru seçilib. Tamilla xanım 1996-cı ildən 1999-cu ilədək Türkiyənin Karadəniz Teknik Universitetində professor vəzifəsində çalışıb. 

İlk həkim-ginekoloq – Azərbaycanın bu sahədə ilk xanım mütəxəssisi olan Ədilə Şaxtaxtinskaya Naxçıvanın məşhur Şahtaxtinskilər nəslinin maarifçi nümayəndələrindən biridir. Həkim olmaqla yanaşı, Tağıyevin əsasını qoyduğu Qızlar Seminariyasında Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikovanın əlindən su içməklə, özü də orada müəyyən müddətdə dərs deyib.

Azərbaycanın ilk bəstəkar qadını – Ağabacı Rzayeva  həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəliblər.

Azərbaycanın ilk qadın kinorejissoru - Bu, "Molla Nəsrəddin” jurnalının əsas yazarlarından olan Əliqulu  Qəmkusarın qızı Qəmər Salamzadədir. 

İlk heykəltəraş qadın - 1929-cu ildə anadan olan şuşalı qız Münəvvər Rzayeva Azərbaycanın ilk qadın heykəltaraşı hesab olunur. “Ayna Sultanova” heykəlinin müəllifidir.