Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 16:19:00
Attestatla xaricdə təhsilin fəsadları və güvənsizliyi- Ekspertdən arxayınlaşdırıcı tövsiyələr

Gənclərin son dövrlər ölkədən kənarda oxumaq üçün seçdiyi rahat yollardan biri də attestatla xaricdə təhsildir. Xüsusən Ukrayna, Rusiya, Türkiyə universitetləri attestatla tələbə qəbulu aparır və azərbaycanlı gənclər də daha çox həmin ölkələrə üz tuturlar.

Bəs attestatla xaricdə təhsilin hansısa mənfi cəhətləri varmı?

Məsələ ilə bağlı AzEdu.az-a danışan Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri Sərdar Yusifoğlu bildirib ki, bu, heç də güvənsizlik yaradan bir məsələ deyil:

“İnkişaf etmiş Avropa ölkələrində həm öz tələbələri, həm də xarici vətəndaşlar üçün 11 və ya 12-13 illik attestat sənədiylə bakalavr pilləsinə qəbul proseduru aparılır. Magistratura üçün isə heç bir imtahan tələb olunmur. Hər bir universitetin öz daxili və ya beynəlxalq imtahan sistemi ilə qəbul aparırlar. Bunlara əsasən dil: ingilis dilində TOEFL və İELTS və GRE kimi müxtəlif beynəlxalq standartlara malik imtahanlar daxildir”.

Ekspert deyib ki, Azərbaycanda da xarici tələbələrin qəbulu yalnız attestatla aparılır:

“Digər imtahan nəticələrindən də istifadə edilir. Attestatla təhsil almaq o deməkdir ki, tələbə 11-13 il müddətində orta məktəbdə oxuyub və həmin fəndən qiymətləri imtahan verərək alıb. Xarici universietlər məktəbə inanır və attestat qiymətlərinə uyğun olaraq fakültəyə qəbul edirlər. Yəni, məktəb və ali təhsil ocaqları arasında qarşılıqlı inam var. Buna görə də subbakalavr, bakalavr təhsili almaq istəyənlər heç bir imtahan olmadan istədiyi universitetdə ali təhsil ala bilirlər. Xüsusi təqaüd imkanlarından faydalanmaq istəyənlər üçün isə imtahanlar olur. Bu da qrant verən dövlət və ya qeyri-dövlət təşkilatının xüsusi imtahan və müsahibə metodu ola bilər”.

S.Yusifoğlu əlavə edib ki, Türkiyə, Polşa, Litva, Latviya, Estoniya, Amerikada bu təhsil qaydalarından yararlananlar var:

“Bəzi ölkələrdə 12-13 illik attestat sənədi qəbul olunur, xüsusən də Qərbi Avropa ölkələri və Amerikada qayda belədir. Azərbaycanda isə bu sistemə uyğun az da olsa məktəblər var. Sadəcə tələbə müraciət etdiyi ölkənin dilindən imtahan verir. Tələbənin imtahanı həmin ölkədə verməsi məcburi deyil. Nəticəni universitetə göndərməklə məsələ həll oluunur. Dil bilməyən tələbələr üçün xüsusi hazırlıq proqramları var. Onlar burada iştirak etdikdən sonra ixtisasına uyğun olaraq dərsinə başlaya bilirlər”.

Onun sözlərinə görə, attestatla təhsil almaq neqativ bir hal deyil: “Hər bir tələbə öz hesabına və təqaüdlə təhsil ala bilər. Burada güvənsizlik yaradan heç bir şey yoxdur. Bəzən olur ki, tələbələr az bal toplayır və yaxud burada imtahan vermək istəməyib, xarici seçir. Attestatla təhsil almaq heç də neqativ hal deyil. Hər bir Azərbaycan vətəndaşının xaricdə təhsil almaq hüququ var. Cənab prezidentin xaricdə təhsil alanlarla bağlı 2006- cı ildə imzaladığı sərəncam da var. Buna əsasən, xaricdə bakalavr, magistratura və doktorantura pilləsində təhsilalanlara hərbi möhlət hüququ verilir. Bundan əlavə prezidentin fərmanı ilə 2007-2015- ci illərdə xaricdə 30 -dan çox ölkədə təhsil alan tələbələrə xüsusi təqaüd imkanları yaradılıb”.