Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 13:51:00
Bütün sinif otaqları Qarabağ şəhidlərinin adını daşıyan məktəb-liseydən təsirli reportaj-FOTOLAR

 

Buranı digər məktəblərdən fərqləndirən cəhət siniflərin şəhid adları ilə əbədiləşdirilməsidir; girişdə iki şəkil – Vətən Müharibəsi şəhidləri  Samir Xəlilov və Elsevər Əhədzadə portretləri canlanır... Şəhidlərin hər ikisi hazırda olduğumuz 62 saylı məktəbin məzunlarıdır.

 

 

AzEdu.az Vətən Müharibəsinin qəhrəman şəhidlərinin xatirəsini unutmayan və bununla da digər ümumtəhsil məktəblərinə nümunə olan 62 saylı məktəb-liseydən reportajı təqdim edir:

 

 

Əvvəlcə onu deyək ki, bu ideyanın əsas müəllifi  məktəb-liseyin direktoru Mətanət Cabbarlıdır.

 

 

Elə Mətanət xanımın vasitəsilə  məktəblə daha yaxından tanış olaq:

 

“Xalid Quliyev adına 62 saylı məktəb-lisey 1964-cü ildən fars təmayüllü tədris müəssiəsi kimi fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən burada çalışıram. Lisey iki dəfə  ölkə prezidenti tərəfindən  “İlin ən yaxşı məktəbi” adına layiq görülüb və  2017-ci ildə  əsaslı şəkildə təmir edilib. Açılışında ölkə başçısı, Prezident İlham Əliyev də iştirak edib. Məktəb 2011-ci ildə elektron  lisey kimi fəaliyyətə başlayıb.

 

 

Adını daşıdığı Xalid Quliyev I Qarabağ müharibəsində şəhid olub və məktəbimizin məzunudur.

 

 

Məktəbimiz göstəricilərinə görə  illərdir ki, Nizami rayonu üzrə birinci, Bakı məktəbləri arasında sıralamada isə  reytinqdə 5-ci yeri tutub”.

 

Mətanət xanım şəhidlərin adının siniflərə verilməsinin şagirdlərin düşüncələrinə və onların vətənpərvərlik ruhuna təsir edəcəyindən söz açıb:

 

 

 

 

 

 

“2020-ci il Vətən Müharibəsi zamanı 2 məzunumuz şəhid olub: Samir Xəlilov və Elsevər Əhədzadə. Qərara gəldik ki, sinif otaqlarımızın hamısına Vətən Müharibəsi şəhidlərinin  birinin  adını qoyaq və şagirdlər  qapını açdıqları zaman  onları yad edib, özlərinə nümunə götürsünlər. İbtidai siniflərdə otaq hansı şəhidin adını daşıyırsa, şagirdlər  onların şəklini döş nişanlarında gəzdirir, bu, da onlara bir növ  vətənpərvərlik  aşılayır”.

 

 Şəhidlərin adı verilən siniflərə doğru irəliləyirik... Sanki hər sinif bizə Qarabağın azadlığa qovuşmasını xatırladır.

 

 

 

 

 

 

Müəllimləri dinləyirik. Bu ideyanın necə yaranmasından və onun buraxdığı təsirdən ağızdolusu danışırlar.  

 

 

İbtidai sinif müəllimi Aygün Şabanovanın dərs keçdiyi sinif şəhid Ülvi Rəfiyevin adını daşıyır.

 

 

O, siniflərə şəhid adlarının verilməsini yüksək qiymətləndirir:

 

 

“Bu ideyanı məktəb rəhbərliyi təklif etdi. Müəllim kollektivi də   təbii ki, bununla  çox böyük  məmnuniyyətlə razılaşdı.

 

Böyük qürur hissi ilə  bu fəxri adları siniflərimizə verdik. Şəhidlər bizim qürur mənbəyimizdir. Onları heç vaxt unutmayacağıq və qəlbimizdə hər zaman yaşayacaqlar. Sinfimiz şəhid Ülvi Rəfiyevin adını daşıyır. O, Xətayi rayon 263 saylı məktəbin məzunu olub. Bütün şagirdlər Ülvi Rəfiyevi yaxından tanıyır, onu yüksək qiymətləndirirlər. Şəhidin valideynləri də bizim sinifdə olub, şagirdlərlə söhbətləşiblər. Ülvi Rəfiyevin doğulduğu  gündən yaşadığı ömür yolu haqqında şagirdlərə tam və dolğun məlumat veririk.

 

Şagirdlərimiz şəhidin ailəsini çox qürur hissi ilə qarşıladılar. Ülvinin atavə anası sinfimizə daxil olduqda çox  kövrəldilər. Övladlarının şəklini uşaqların yaxalarında görüb, qürurlandılar. Şagirdlər Ülviyə həsr olunan şeirləri  dedikdə, onunla bağlı məlumat verdikdə valideynlərinin hiss və həyəcanınıə təsəvvür etmək çətin deyil. Çünki eynilə biz də bu hissləri valideynlər ilə birgə yaşamışıq”.

 

 

Başqa ibtidai sinif müəllimi Mehriban Allahverdiyeva üçün isə II Qarabağ savaşı təsirli məqamlarla yadda qalıb: 

 

 

“Şəhidlərimizin xatirəsi bizim üçün çox əbədi və əzizdir. Məktəbimizin iki  məzunu şəhid olub. Onlardan birini öz övladım qədər çox istəyirdim. Onunla ailəvi dost olmuşuq. Şəhid məzunlarımızın hər ikisi Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Onlar eyni döyüş cəbhəsində vuruşub və dost olublar. Mən də onların xatirəsini əbədiləşdirmək üçün  tədris etdiyim 2-ci sinifdə Kamran Hüsynovun həyat yolunu, necə vətənpərvər azərbaycanlı olmasını şagirdlərimə aşılayıram. O, könüllü olaraq cəbhəyə gedib. Şəhidlərin hər birinin xatirəsi bizim üçün əzizdir. Kamranın valideynləri də ara-sıra sinfə gəlir, onun atası ilə ünsiyyətdə oluruq. Elsevərin ailəsi ilə isə  aramızda çox böyük ailə bağları var.O, sanki bizim ailənin övladı olub. Onu itirəndə biz sanki çox yaxın əzizimizi itirdik”.

 

 

Siniflərə daxil oluruq, içəri keçdikcə şagirdlərin yaxalıqlarına fikir verir və onların şəhidlərin əziz xatirələrini üzərində saxladığını müşahidə edirik.

 

 

62 saylı məktəb-liseyin 4B sinif şagirdi Hüseyn Ələkbərli Polad Həşimov adına sinifdə təhsil alır.

 

 

Şagird şəhid general Polad Həşimovun xatirəsini daim üzərində gəzdirir:

 

 

“Böyüdükdə Polad Həşimov kimi  cəsur və qoçaq  qəhrəman olmaq istəyirəm. O, Tovuz döyüşləri zamanı şəhid olub. Səhərləri himn oxuyan zaman əlimizi onun şəkli olan yaxalığın üzərinə qoyub yada salırıq”.

 

İbtidailərlə olan söhbətimizi davam etdirik; 2B sinif şagirdi Azad Ağazadə  Muxtar Qasımlı adına sinifdə təhsil alır. Deyir ki, Muxtar Qasımlı  bizim qəhrəman şəhidlərimizdən biridir. Şəhidlər  Qarabağ müharibəsində  özlərini qurban veriblər ki, biz bu gün rahat yaşayaq”.

 

 

 

 

2B sinif şagirdi Şəbnəm Əliyeva şəhid Hüseyn Kamranovun adını daşıyan sinifdə təhsil alır. Şəhid xatirəsinə sayğısını göstərmək üçün təsirli vətənpərvərlik  şeirlərindən birini səsləndirir:

 

 

Ey vətən oğlu, düşün, bil ki, sənindir, bu vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu vətən,

Sənin öz millətin, öz  dövlətin, öz cəddin var,

Vətən uğrunda ölənlər ölümündən doğular.

 

 

4C sinif şagirdi Hülyaxanım Heydərova   şəhid Ülvi Rəfiyevin adını daşıyan sinifdə oxuyur.

 

 

O, oxuduğu sinfin adını daşıyan şəhid haqqında geniş məlumatlara sahibdir:

 

 

“Ülvi Rəfiyevin ən böyük xəyallarından biri  rəqqas olmaq olub. O, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Biz onun şəklini görərkən kədər hissi keçiririk, çünki şəhidlər bizim uğrumuzda  canlarını veriblər”.

 

 

Daha sonra şəhid xatirəsinə ithafən əzbərlədiyi şeiri səsləndirir:

 

Qoparmayın şəhid adlı yaramı,

Düşmənlər duymasın bu fəryadımı,

Bilmirəm,  sevinim ya ağlayım,

Adını tarixlərə yazdı şəhidlər,

Haqqın dərgahəna  qalxdı şəhidlər,

Ay ana, saçını dərtdən ağartma,

Gəlib-gedənlərdən  oğlunu sorma,

Qara bəxtimdir,deyib  yanma-alışma,

Adını tarixlərə yazdı şəhidlər,

Haqqın dərgahına qalxdı şəhidlər.

 

Eyni minvalla, Hülyaxanımın sinif yoldaşı Habil Şükürlü davam edir:

 

 

“Ülvi Rəfiyev Vətən Müharibəsində  iştirak edib və  Füzuli və Cabrayıl  rayonlarının azadlığı uğrunda   döyüşdüyünə görə medalla təltif edilib. İgidlər ölməz, vətən bölünməz”.

 

 

Bu vətən, bu torpaq  mənimdir deyib,  

Üstündə vüqarla  gəzdi şəhidlər,

Əyninə qanından bir köynək geyib,

Düşmənin yolunu kəsdi şəhidlər,

 

Canını vətənə qurban deyərək 

ölümsüzlük yolunu  seçdi şəhidlər,

Torpağı düşməndən azad edərək 

ömürlük tarixə keçdi  şəhidlər.

 

 

 

Kiçik siniflərlə yanaşı yuxarı sinif şagirdləri də şəhidləri yada salır və onların xatirəsini əbədiləşdirir.

 

 

8 C sinif şagirdi Əli Zeynallı, o, şəhid  Murtuz Abbasovun adını sinifdə təhsil alır.

 

 

“O, Zəngilan uğrunda şəhid olub. Müzəffər ordumuzun necə güclü olduğunu sübut etdik və alnımızdakı qara ləkəni özümüz sildik. Sağ olsun Ali Baş Komandanımız İlham Əliyev və müzəffər ordumuz. Fəxr edirəm ki, azərbaycanlıyam və belə ölkənin vətəndaşı və gənciyəm”.

 

 

8-ci sinif şagirdi Fidan Kərimli şəhid Ruslan İsmayılov adına sinifdə təhsil alır:

 

 

Şəhid Ruslan İsmayılov Murovdağda şəhid olub, biz onunla fəxr edir və qürur duyuruq və onunla bağlı müxtəlif söhbətlər edirik”.

 

 

Görünən odur ki, şəhid olan gənclərimiz Qarabağı azad etdiyi kimi bu gün formalaşan şagirdlərimiz  də onun abadlaşdırılması və qorunması üçün əlindən gələni edəcəklər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları