Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 16:40:00
Məktəbdəki bu kimi hərəkətlərə niyə göz yumulub? – Nələr baş verir?-TƏHLİL

 

 

 

Nadir İsrafilov: “İstənilən mövqedən yanaşsaq belə, məktəbdə baş verən son olay təhsilimizə baş ucalığı gətirmir...”

 

Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, bu kimi hallar bir o qədər qaçılmaz olacaq.

 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edilir ki, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən isə, ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları təhsilalanlar və təhsilverənlərlə yanaşı, həm də valideynlər və ya digər qanuni nümayəndələridir. Onların təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı ilə əlaqədar hüquq və vəzifələri Nümunəvi Nizamnamə ilə müəyyənləşdirilibsə, elə isə, onlar məsuliyyətin bölüşməsində niyə kənarda qalmalıdırlar...?

 

Bu sözləri AzEdu az.-a açıqlamasında Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosuna münsibət bildirərkən təhsil eksperti Nadir İsrafilov deyib.

 

Onun sözlərinə görə, məktəbdə baş verən son olayda diqqət çəkən bir məqam da odur ki,  dərs prosesinin pozulmasının birinci hal olduğu o qədər də real görünmür. Çox güman ki, bu çəkiliş  dəfələrlə təkrarlanan situasiyalardan biridir. Elədirsə, niyə buna göz yumulub, məktəb rəhbərliyi hara baxıb, vəziyyətin sabitləşdirilməsi üçün hansı imkanları arayıb...?

 

Ekspertin sözlərinə görə məslənin birtərəfli həlli düzgün mövqe sayıla bilməz. Baş verənlərə yanaşma tərzimiz dəyişməlidir:

 

“Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil. Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisə rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, bu kimi hallar bir o qədər qaçılmaz olacaq.

 

Məsələ burasındadır ki, müəllimin istənilən tənbeh xarakterli hərəkəti istər Uşaq hüquqları Konvensiyasında, istər Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununda, istər “Müəllimlərin etik davranış Qaydaları”nda və bir cox digər normativ-hüquqi aktlarda  cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada, onlara qarşı psixi və fiziki təzyiq göstərilməsi zorakılıq  əməli kimi qiymətləndirilir və əslində müəllimin bir tərbiyəçi kimi fəliyyətini heçə endirmiş olur.  

Normativ sənədlərimizə “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsil verənin təhsilalana qarşı hər hansı bir tənbehedici addımın atmasını, uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlardan istifadə etməsini məhdudlaşdırır.

Bu isə ğz növbəsində uşaqda ifrat dərəcədə sərbəstliyə, daha geniş çərçivədə “əl-qol açmasına” rəvac verir.

 

Kim bilir, bəlkə də sözü gedən müəllim “Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, gözün üstə qaşın var” da demək olmaz prinsipini əsas tutaraq, əsəblərini pozmaq istəməyib və baş verənləri sıradan adi hal kimi qəbul edərək, baş verənlərə etinasıx yanaşıb. Səbəb isə ilk növbədə Təhsil qanunvericiliyimizlə real həyatda yaranan təzadlardır.

 

Çıxardığımız nəticə isə - “vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi”, “əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi”, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və s. Götürdüyümüz ölçü – axırıncı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək, ən yaxşı halda isə uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu diqqətə çatdırmaq, bu kimi əməlləri qətiyyətlə pisləmək. 

 

Ona görə də, ilk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilibsə də, bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət etmir. Nə vaxta qədər deyək ki, şagirdin məktəbdən yayınmasına görə məktəb rəhbərliyi sorumlu olacaq? Müəllim-şagird münasibətlərində istənilən neqativ hala görə təkcə müəllim cəzalanacaq və şagirdlərə qarşı cəzasızlıq sindromu hökm sürəcək? Dünya təcrübəsinə inteqrasiya edirik. Halbuki, bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq, gələcək nəslin təlim-tərbiyəsində məsuliyyəti və cavabdehliyi birgə daşımayaq...?

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları