https://modern.az/ http://www.position.az/
2021-12-02 15:49:00
"Müəllimin cəbhə gündəliyi” – "Erməni evlərində düşməni axtaranda həm də kitablar üçün baxırdım"- MÜSAHİBƏ-FOTOLAR

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri 83 nömrəli məktəb-liseyin coğrafiya müəllimi İdris Abıyevdir.

 

DOSYE:

 

O, 1992-ci ildə anadan olub. Coğrafiya ixtisası üzrə bakalavriaturanı Bakı Dövlət Univesitetində, magistr səviyyəsini isə iqtisadi-sosial coğrafiya ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində başa vurub. 2015-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanından 52 bal toplayaraq Kürdəmir rayonunda müəllimlik fəaliyyətinə başlayıb. 2017-ci ildə diaqnostiq qiymətləndirmədə 56 ballıq nəticə göstərib. 2018-ci ildə coğrafiya fənni üzrə 59 bal toplayaraq respublika birinciliyinə layiq görülüb və Bakı şəhər 102 saylı tam orta məktəbdə müəllimliyini davam etdirib. Hazırda isə 83 saylı məktəb-liseydə coğrafiya müəllimi olaraq çalışır. Coğrafiya üzrə şagirdlər və MİQ imtahanlarına hazırlaşan müəllimlər üçün nəzərdə tutulan dərsliyin müəllifidir.

 

Polad Həşimova olan sevgi və onun izi ilə gedilən yol

 

-2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Polad Həşimovun ölümü məni çox təsirləndirdi. Buna görə də könüllü olaraq qeydiyyatdan keçdim. Çünki generalımızın şəhid olması hamımız üçün olduqca üzücü idi.

 

Cəbhəyə göndərilən sovqat və mənəvi borc

 

-Müharibəyə noyabr ayının əvvəlində çağırıldım. O vaxta qədər əsgərlərimizə əlimdən gələn köməyi etməyə çalışırdım. Dostlarımla bərabər onlara ehtiyacları olacaq şeyləri alır və cəbhəyə göndərirdik. Mülki olmağıma baxmayaraq bunu özümə borc hesab edirdim.

 

Müharibənin sonlarına yaxın, aktiv döyüşün bir addımlığında

 

-Aktiv döyüşdə iştirak etmək qismətimdə olmadı. Növbəm noyabrın 10-12-dən sonra olmalı idi. Lakin həmin ərəfədə müharibə bitdi. Biz o vaxta qədər təlimlərdə iştirak edir və müxtəlif növlər üzrə komplekləşdirilirdik. Çünki şəhid olanların, yaralıların yerini tamamlamaq lazım idi. Biz əvvəl 150-200 nəfər idik, sonra isə sayımız 30 nəfərə endi. Əvvəl Ağcabədi istiqamətində, sonra Laçın obalarında olduq. Daha sonra isə Qubadlı-Şuşa istiqamətində dayandıq. Vəzifəm atıcı idi, düşmənlə qarşı-qarşıya silahla döyüşməli idim.

 

Ailənin tək ümid yeri

 

-İki bacım var və mən evin tək oğluyam. Atam xərçəng xəstəsidir, anamın da səhhətində müəyyən problemlər var.  Müharibəyə gedəndə onlardan çox nigaran idim. Əgər şəhid olsaydım, anam da, atam da yaşamaq istəməzdilər. Buna əmin idim”.

 

Müharibənin gətirdiyi mənəvi rahatlıq və yerinə yetirilən borc

 

-Müharibəyə gedəndə özümdə mənəvi olaraq rahatlıq tapmışdım. Biz çoxdan bu anı gözləyirdik, Ali Baş Komandanın əmrinə hər an hazır idik. Orda özümdən yaşca kiçiklərin iştirak etdiyini görəndə xalqımızın döyüşkən ruhuna, torpaq, Vətən sevgisinə bir daha şahid oldum. Müharibəyə qatıldıqdan sonra üzərimdəki mənəvi yükün sanki azaldığını hiss etdim.

 

Cismin və ruhun təzadı

 

-Bizim taborda olan əsgərlər daha çox Binəqədidən gəlmişdi. Daha sonra başqa bölgələrdən də gəlməyə başladılar. Tabordakılar  hissə-hissə komplekləşdirilir və onlardan çoxu bizdən ayrılıb aktiv döyüşə yollanırdı. Belə məqamda həyatım gözümün önündən lent kimi keçirdi. Ordakıların gözünə baxanda da bunu müşahidə edə bilirdim. Sanki hamının cismi burda, ruhu isə başqa yerdə idi.

 

Gələcək nəsillərə saxlanılmayan münaqişə, vəsiyyət qoyulmayan Qarabağ

 

-Bəzən kimisə fikirli görürdüm, o məqamda yaxınlaşıb söhbət etməyə çalışırdım. Gecə vaxtı hamımız bir yerdə oturub söhbətləşirdik. Ailəli olanlar övladlarını xatırlayır, onlarla bağlı xatirələrindən danışırdılar. Burdakı hər kəsin bir arzusu var idi ki, münaqişə tezliklə həllini tapsın və övladları onların yaşadığı çətinlikləri görməsinlər. Müharibənin övladlarına miras qalmasını istəmirdilər. Orda Vətəni, milləti üçün canından keçməyə hazır olan yüzlərlə oğul  var idi. Taborda komplekləşdirilmə aparılanda əsgərlər komandirlərə onları tez göndərmələrini, düşməndən intiqam almaq üçün tələsdiklərini deyirdilər. Hətta bəziləri şəhid olmağı belə arzulayırdı. Torpağımızı belə insanlar qoruduğu üçün onlarla fəxr etməliyik”.

 

Fərqli sahələrin gətirdiyi müxtəliflik, müharibə ləqəbləri

 

-Hərənin bir ləqəbi var idi: “Həkim”, “müəllim”, “həci”,”abi”,”svarşik”və s.

 

“Abi” ləqəbli dostumla söz vermişdik ki, aktiv döyüşə getsək, heç vaxt bir-birimizi tək buraxmayaq. Çəkimiz bir olduğu üçün söz vermişdik ki, hansımız yaralansaq digərimiz ona kömək edəcək və ya şəhid olsaq nəşimizi götürəcək.

 

Evə gələn son zəng, unudulan nömrələr

 

-Orda hamımıza vərəq verilirdi ki, ad və soyadımızı yazaq, həmçinin yaxınlarımızdan birinin əlaqə nömrəsini qeyd edək. Məqsəd o idi ki, şəhid olduğumuz təqdirdə onunla əlaqə saxlaya bilsinlər. Mənə o vərəqi verəndə saatlarla baxdım o kağıza, düşündüm ki, nə yazım? Hamı bir tərəfdə oturub fikirləşirdi. Bəziləri isə heç tərəddüd etmədən hansısa nömrəni qeyd edirdi. Mən heç kimin nömrəni yazmadım, əvəzində aktiv olmayan bir nömrəm var idi, onu qeyd etdim. Düşünürdüm ki, evdən kiminsə əlaqə nömrəsini qeyd etsəm, onlara şəhid xəbərim verilərsə bu, onlara çox pis təsir edə bilərdi.

 

Müharibənin sonu, gələn qələbə xəbəri

 

-Noyabrın 9-dan 10-na keçən gecə əsgər yoldaşımla xeyli söhbətləşəndən sonra yuxuya getdik. Birdən gördük ki, qəfil işıqlar yandı. Hamı qışqıraraq müharibənin bitdiyini dedi. Hamıya zəng gəlirdi ki, müharibə bitib, gözünüz aydın. Həmin anda bütün əsgərlər sevinirdi.

 

Bəziləri müharibənin davam etməsini istəyirdi. Lakin mən bununla razı deyildim, çünki onu deyənlərin heç biri ön xətdə vuruşmamışdı. Əgər sülh müqaviləsi bağlanmasaydı, şəhidlərin sayı çox olacaqdı. Coğrafiya müəllimi olaraq anlayırdım ki, relyefi çətin olan yerdə mübarizə aparmaq şəhid sayını artıracaq. Çünki Kəlbəcər və Laçın dağlıq ərazini əhatə edirdi. Ora minalar da  çox yerləşdirilmişdi. Müharibənin bitməsinə cani-könüldən sevinənlərdən biri idim.

 

Qarabağda möhkəmlənmə, torpaqların əsl sahibləri

 

-Müharibə bitdikdən sonra Qubadlıya getdik. Orda möhkəmlənərək sərhədlərin qorunmasında iştirak edirdik. Ayıq-sayıq olmaq çox vacib idi. Hər yerə getmək olmazdı, bəzi sahələrə ayaq basmaq belə imkansız idi. Dekabırın 28-i tərxis olunduq. Hava çox soyuq idi, dağlar qarla örtülmüşdü. Yanımızdan Bərgüşad çayının qolu axırdı...

 

Müharibəyə gedəndə başıma nə gələcəyini bilmirdim. Heç kim müharibənin nə vaxt bitəcəyini deyə bilməzdi. Ordan sağ qayıtmaq imkanı da çox az idi, çünki bu, müharibəydi.

 

Müxtəlif söhbətlər, verilən məlumatlar, alınan biliklər

 

-Bizim komandaya daxil olanların çoxu 25 yaşdan yuxarılar idi. Çoxumuz da ali təhsilli idik. Günlərimiz fərqli, eyni zamanda maraqlı keçirdi. Həkim yoldaşımız bizə tibbi biliklərdən söhbət açırdı. Xəstələndiyimizdə bizə çox kömək edirdi. Hərə öz çalışdığı sahədən, məşğuliyyətindən danışırdı. Coğrafiya müəllimi olduğum üçün ölkələrdən, onların strukturu, əhali dinamikasından söz açırdım. Bir sözlə, söhbətlərimiz, ünsiyyətimiz bizi yeni informasiyalarla maarifləndirirdi”.

 

Cəbhəyə gələn sovqatlar

 

İş yoldaşlarım məni ziyarət etməyə gəlirdilər. Əsgər yoldaşlarımı da unutmurdular. Cəbhədə daha çox ehtiyac duyulan nə vardısa alıb gətirirdilər.

 

Gələcəyə dair planlar, ümidlər və arzulara doğru gedilən yollar

 

-Müharibədən sonra gecələr tonqal yandıraraq onun ətrafına yığışır, müxtəlif söhbətlər edirdik.

 

Hər kəs özünün gələcək planlarından söz açırdı. Orda nə danışıb planlaşdırmışdıqsa, qayıtdıqdan sonra yerinə yetirə bildik. Əsgər yoldaşlarımdan biri şirkət açmaq istəyirdi, qayıdandan sonra artıq bu istəyini gerçəkləşdirib. Mən də həmin vaxtlarda coğrafiya kitabım üzərində işləyirdim, gəldikdən sonra onu çap etdirmək imkanım oldu.

 

Gözləmə mövqeyi, erməni hiyləsinə cavab

 

-10 noyabrdan 28 dekabra kimi yalnız gözləmə mövqeyində qaldıq. Müharibə bitsə də ermənilərdən bəzilərinin gizləndiyini müşahidə edirdik.

 

Gizlənənlərin yerini müəyyən etmək üçün ermənilərin yaşadıqları evlərə girirdik. O evlərdə daha çox kitablara baxırdım, dillərini bilməsəm də maraqlanırdım ki, nədən bəhs edir. Coğrafiya müəllimi olduğum üçün xəritə axtarırdım daxil olduğumuz evlərdən.


Taborumuzdakı əsgərlərin çoxu dünyagörüşü geniş insanlar idilər. Hamı bir-birini anlayışla qarşılayırdı. Məsələn, kimsə gedəcəyimiz yolun təhlükəli olduğunu deyirdisə, biz həmin istiqaməti dəyişirdik. Evlərə daxil olanda kimsə deyirdisə ki, orada təhlükə ola bilər, razılaşırdıq. Yəni hər kəs anlayırdı ki, bir insanın səhvi hamımıza təsir edə bilərdi”.

 

Müharibədən qayıdan müəllim və onu qarşılayan şagirdlər

 

-Müharibədən qayıdandan sonra dərslər onlayn şəkildə keçirilirdi. Buna baxmayaraq şagirdlər dərslərdən geri qalmırdılar. Dərs bitdikdən sonra çoxlu suallar verirdilər, müharibə qanunları, əsgərlərimizin şücaəti haqqında öyrənmək istəyirdilər. Vətən Müharibəsinin iştirakçısı olduğum üçün mənimlə fəxr etdiklərini deyirdilər. Bundan qürurlanırdım ona görə ki, şagirdlərimiz Vətən, yurd sevgisi nədir onu anlayır, torpaqlarımızı qorumağın hər bir vətəndaşın borçu olduğunu dərk edirdilər.

 

Müəllim necə olmalıdır, İdris müəllimin gözü ilə

 

-İlk müəllimlik fəaliyyətinə başlayanda düşünürdüm ki, səbirsizəm, uşaqlarla ünsiyyətdə problem yaşayacağam, amma əksinə oldu. İşimin öhdəsindən gəlirəm, işimi sevirəm, şagirdlərimi sevirəm. Bir sinfim var idi. 6 sinif rəhbəri dəyişilmişdi, heç kim onlarla yola getmirdi. Mən qısa zamanda onlarla ünsiyyət qurmağı bacardım. Həmin şagirdlər arasında ən nadinc uşaq kimi qələmə verilən biri var idi, hamı düşünürdü ki, onunla bacarmaq çətin olacaq. Lakin onlarla elə münasibət yaratdım ki, nəticədə hər biri anlayışlı, məsuliyyətli bir şagird kimi özlərini doğrultmağı bacardı. Hazırda da o sinfin şagirdləri ilə əlaqələrimiz davam edir. Onlara tək müəllim kimi deyil, həm də böyük qardaş olaraq tövsiyələr verirdim. Şagirdlərin hər birinə individual yanaşmaq lazımdı. Onlara qarşı diqqətli olmaq vacibdir. Bacardığım qədər obyektiv olmağa çalışıram.

 

Müharibənin təsirləri, onun bəxş etdiyi hisslər

 

-İndi də şəhid anası, atası görəndə, müəyyən videolara baxanda çox təsirlənirəm. İnsanın müharibə dəhşətlərini öz gözləri ilə görməsi, yaşaması tamam başqa bir hissdir.

 

Müharibədə hadisələrin içərisində olursan, lakin insan vaxt keçdikcə olanların fərqinə varır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları