https://www.zirve.edu.az/
04.08.2018 11:47
Ekspert dilçilik problemlərindən danışdı: “Multikulturalizm sözünü tələffüz edə bilmirəm”

“Apostrofu ləğv etmək kimin ağlına gəlib bilmirəm, amma çox yersiz addımdır. Beləcə sözlər son dərəcə təhrif olunur və mənası dəyişir.

Bir də hesab edirəm ki, Azərbaycan əlifbasında bəzi hərflərin yazılışı olduqca çətindir. “g”, “ğ” hərflərinin yazılışı dəyişirilməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Allahverdi Eminov deyib. O, qeyd edib ki, bəzi hərflərin yazılışı asanlaşdırılmalıdır. Ekspertin sözlərinə görə, Azərbaycan dilçiliyində apastrofun ləğvi də çox ciddi səhvdir:

“Çünki bizim sözlərimizin 20-30 faizi ərəb-fars mənşəlidir. Lüğət fondumuz bu sözlər hesabına da xeyli  zənginləşib və artıq “vətəndaşlıq hüququ” qazanıb. Apostrofun ləğvi kimin ağlına gəlib bilmirəm, amma çox yersiz addımdır. Beləcə sözlər son dərəcə təhrif olunur və mənası dəyişir.

Bir də hesab edirəm ki, Azərbaycan əlifbasında bəzi hərflərin yazılışı olduqca çətindir. Məsələn g, ğ hərflərini yazanda çox çətinlik yaradır. Bu cür hərflərin dəyişdirilməsi, yəni asanlaşdırılması istiqamətində islahatlar aparmaq lazımdr.

Allahverdi Eminov dilimizə daxil olan yeni sözlər barədə danışarkən qeyd edib ki, alınma sözlərinin milli fondumuza daxil olması təqdirəlayiq  haldır:

“Bəzən dilimizə çoxlu yeni sözlərin daxil olmasına qarşı çıxsalar da, bu, əslində olduqca yaxşıdır. Təbii ki, yeni sözlər dərhal mənimsənilmir. Buna görə, terminalogiyadan qaçmaq lazım deyil. Dünya təcrübəsi göstərir ki, milli fond həmişə alınma sözlərlə zənginləşir. Məsələn, kosmos sözünün nə ziyanı var ki? Hər nə qədər kainat və digər buna sinonim sözlərdən istifadə etsək də, bəzi sözlərin dilimizə daxil olub zənginləşdirməsi müsbətdir. Bu cür mənfi adət ermənilərdə var. Onlar bəzən beynəlxalq sözləri də erməniləşdirilər. Yəqin ki bizdə də bu fobiya məhz ona görə var.

Qoy, dilimiz zənginləşsin. Siz öz sözlərimizi də işlədin, alınma sözləri də. Əgər kimsə işlətmirsə, subyektiv seçimdir. Bunun ümumi dilçiliyə, fonda heç bir dəxli yoxdur.  Mən elə terminlər var ki, onlardan istifadə edəndə mötərizədə onun açlqlamasını da verirəm. Bilirəm ki, oxucu bunu başa düşməyə bilər”.

A.Eminov, həmçinin, tələffüzü çətin olan sözlər barədə də danışıb. Ekspert, bəzi sözlərin, məsələn maşınqayırma və gəmiqayırmanın dəyişdirilməsini məntiqli hesab etmir:

“Lakin doğrudur ki, dilimizdə xeyli sayda deyilişi çətin olan sözlər var. Məsələn, multikulturalizm sözünü, açığı, mən özüm də, demək olar ki, tələffüz edə bilmirəm.

Bizdə nədənsə özündən söz düzüb-qoşmaq adətdi. Baxırsan ki, bir məqalədə açılışı verilməmiş bir neçə termindən istifadə olunub. Təki qoy desinlər ki, filankəs yaman yazır. Bu, doğru addım deyil.

Bəzi sözlərin-maşınqayırma, gəmiqayırmanın dəyişdirilməsi isə məntiqli sayılmaz. Bir tərəfdən deyirlər ki, sözlər sadələşsin, digər tərfədən isə sadə sözləri sıradan çıxarmağı təklif edirlər. Bunu kimlər və niyə bəyənmir, başa düşmürəm?!”