Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 14:50:00
Paris səfərində Azərbaycandan 30-a yaxın rektor, prorektor və müvafiq şöbə müdirləri iştirak edir-Elçin Süleymanov

 

Hazırda Fransa Rektorlar Konfransının təşkilatçılğı ilə Parisdə Azərbaycan universitetlərindən də nümayəndələrin iştirak etdiyi tədbir keçirilir.

 

Azərbaycanda Rektorlar Konfransının yaradılmasını hədəfləyən layihə çərçivəsində II komponentin icrasına başlanılıb. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət  30 nəfərlik koordinasiya komitəsi yaradılıb və ilk səfər Fransaya təşkil olunub.

 

Hazırda səfərdə iştirak edənlər arasında yer alan Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a açıqlamasında tədbir haqqında məlumat verərək səfərin əsas məqsədindən danışıb:

 

“Azərbaycanda Rektorlar Konfransının yaradılması layihəsinin əsas məqsədi bununla  universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır. 2021-2024-cü illəri əhatə edən bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Bakı Biznes Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı”.

 

Prorektor layihənin yerli tərəfdaşlarını və iştirak edən universitetləri sadalayıb:

 

“Yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti olmaqla, 15 Azərbaycan universiteti yer almışdır. Böyük Britaniyanın Middlesex Universiteti, İspaniyanın Alicante Universiteti və İsveçin KTH Kral Universiteti layihənin əsas aparıcı tərəfdaşlarıdır və layihənin Azərbaycandan olan tərəfdaşları Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Mingəçevir Dövlət Universitetidir”.


Mütəxəssis Fransa ali təhsil sistemi və universitetlərin fəaliyyətindəki fərqli tərəflərə diqqət çəkib:

 

“Bu layihə çərçivəsində ilk səfər 21-27 noyabrda Parisdə təşkil olundu.Bu səfərdə Azərbaycanın 15 universitetinin 30-a yaxın rektor, prorektor və müvafiq şöbə müdirləri iştirak edir. Proqramda Fransa ali təhsil sistemi ilə əlaqəli məlumat toplantıları keçirilir. İlk günkü proqramda Fransa rektorlar konfransının məsul işçiləri Sorbonn Universitetinin rektoru olmuş Carle Bonafous-Murat təqdimatı oldu və o Fransanın Ali Təhsil sistemi haqqında ətraflı məlumat verdi. Fransada 81 universitet fəaliyyət göstərir, oların əksəriyyəti dövlət universitetidir və universitetlərin maliyyələşməsinin 85-90 faizi dövlət tərəfindən həyata keçirilir. Fransada Ali Təhsil Tədqiqat və İnnovasiya Nazirliyi sırf universitetlərin inkişafından məsuldur. Rektorlar 4 illik və iki dəfə maksimum fəaliyyət göstərə bilir.Bütün maraq qruplarını əhatə edən bir seçki ilə seçilir. Hazırda ən çox xarici tələbənin oxuduğu ilk beş ölkə arasında olan Fransada üç yüz mindən artıq əcnəbi tələbə  təhsil alır. Fransanın hər il 4-5 universiteti beynəlxalq universitet reytinqlərində  ilk yüzlükdə yer alır”.

 

Prorektor səfər planının detallarından danışıb:

 

“Əvvəllər Təsil Naziri və Rektorlar Konfransı rəhbəri olmuş təhsil mütəxəssisləri Fransa Ali Təhsil sistemi haqqında təqdimatla çıxış edəcək. Səfər çərçivəsində CPU və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) birgə təşkil etdiyi görüşlərdə Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu, onun strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri, həmçinin CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumatların verilməsi planlaşdırılır. CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universiteti ilə tanışlıq da nəzərdə tutulur”.