Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-15 15:51:00
Xaricdəki tələbəmiz – “Azərbaycanlıların yardımsevərlik adəti üçün çox darıxmışam”-FOTOLAR  

 

Hazırda bir çox azərbaycanlı tələbə müxtəlif təhsil pillələri üzrə təhsillərini xaricdə davam etdirir.

 

Belə tələbələrimizdən biri də Fərid Seyidlidir. Fərid, bakalavriatura səviyyəsini  UNEC-də başa vurduqdan sonra, təhsilini magistratura üzrə davam etdirmək üçün Polşaya yollanıb.

 

AzEdu.az “Xaricdə oxu” rubrikası çərçivəsində bu istedadlı gəncimizlə olan müsahibəni təqdim edir:

 

Əvvəlcə onu tanıyaq...

 

-Mən, Fərid Seyidli, 1999-ci ildə Göyçay  şəhərində anadan olmuşam. 2016-ci ildə M.Füzuli adına tam orta məktəbi bitirdikdən sonra universitetə qəbul olundum. 2020-ci ildə bakalavriatura səviyyəsini başa vurduqdan  sonra magistr təhsili üçün Polşaya köçdüm.  Hazırda  burada Həyat Elmləri Universitetində (University of Life Sciences),Qida elmi və qidalanma (Food science and nutrition) fakültəsində təhsilimi devam etdirirəm.

 

-Bakalavr təhsilinizi harada və hansı ixtisas üzrə almısınız? Bu müddətdə nə kimi aktivlikləriniz olub?

 

-Azərbaycan Dövlət İqtisad Universitetində Qida mallarının ekspertizası və marketinqi üzrə təhsil almışam. 2-ci kursdan sonra Aqrar İnkişaf Könüllüləri təşkilatına qoşulmuş, 6 aya yaxın bir müddətdə təşkilatın əsas komandasında könüllü kimi fəalliyət göstərmişəm. Buna əlavə olaraq, bir neçə sosial layihələrin iştirakçısı da olmuşam.

 

-Polşada təhsil almağa necə qərar verdiz? Müraciət prosesiniz necə oldu? Bir az bu proses haqqında danışardız...

 

-Bakalavr təhsilimin sonlarına doğru  əldə etdiyim bilikləri daha da zənginləşdirmək, ən əsası yeni təcrübələr qazanmaq üçün xaricdə təhsilin düzgün seçim olduğuna qərar verdim və bu yolda ilk addımlarımı atdım. Bələ ki, ilk olaraq ingilis dili biliklərimi artırmağa və lazım olan sənədlərlə bağlı məlumatlar toplamağa başladım. Burada İELTS (dil sertifikati) və GPA (universitet ortalaması) ən vacib məsələlərdən biridir, çünki bu nəticələrin bütün universitetlərə qəbul üçün yüksək olması arzuolunandır. Lazım olan sənədləri son müraciət tarixinə qədər uyğun olan universitetlərə göndərdim. Bir neçə aydan sonra qəbul məktubunu alıb viza müraciətinə başladım.

 

-Hazırda təhsiliniz  necə davam edir? Universitetdə tədrisin keyfiyyəti sizi qane edirmi?

 

-Hazırda təhsilimi Xorvatiyada University of Zagreb- də Erasmus tələbəsi olaraq davam etdirirəm.  Bu təhsil müddəti sadəcə bir semestr davam edəcək və bitdikdən sonra təkrar Polşaya qayıdacağam. Erasmus + təhsil proqramını seçməkdə  məqsədim bir ölkə və universitetlə kifayətlənməmək və yeni mədəniyyətlərlə tanış olmaqdır. Burdakı təhsildən razıyam, çünki praktiki dərslərə üstünlük verilir. Müəllimlər isə çox mehriban və yardımsevərdirlər.

 

-Polşada tələbə olmağın nə kimi müsbət və mənfi tərəfləri var?

 

-Polşada tələbələrə ictimai nəqliyyatlardan istifadə zamanı 50% endirim təklif olunur. Muzey, Zoopark kimi yerlərdə də tələbələrə müəyyən endirimlər var. Eyni zamanda full-time təhsil alan tələbələrin burda qanuni şəkildə işləmə haqları var. Mənfi tərəfləri ilə bağlı ağlıma gələn bir şey yoxdur, amma bəzən tələbələrin yaşadığı xoşagəlməz hadisələr olur ki, bu da çox normaldır.

 

-Orada azərbaycanlı tələbələr və səfirliklə əlaqələriniz mövcuddurmu? Ümumilikdə səfirliyin və diasporun azərbaycanlı tələbələr istiqamətində fəaliyyəti necədir?

 

-Öncəliklə səfirliyin və diasporun rəsmi məsələlərdə göstərdiyi dəstək bir tərəfə, bizə verdiyi mənəvi dəstəkdə böyükdür. Beləki hüquqlarımızı qoruyan, hər daim yanımızda olan, milli bayramlarımızda və bundan başqa keçirdiyi tədbirlərdə azərbaycanlı tələbələri bir araya gətirən bir diasporumuzun olması həqiqətən də qururverici hissdir.

 

-Tələbə olduğunuz müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsınız?

 

-Ailəm və dostlarımdan savayı Azərbaycan mətbəxi üçün çox darıxıram. Bundan əlavə, xalqımın yardımsevərliyini və qayğıkeşliyini bəzən burda axtardığım vaxtlar da olur.

 

-Azərbaycanda bakalavr, Polşa və Xorvatiyada magistratura təhsili ilə tanışsız. Bu iki, hətta üç  ölkənin təhsil sistemi arasında əsas fərqlər sizcə nələrdir? Təhsilimizdə nə kimi boşluqlar görürsüz?

 

-Fikrimcə,  ən böyük fərqlərdən biri burada dərs saatlarının monoton olmamısıdır. Belə ki, dərs saatlarını özün seçə və ya qrupun, müəllimin ortaq qərarı ilə dəyişdirə bilərsən. Bu sistem tələbənin universitet xaricində də digər bacarıqlarının inkişaf etdirə bilməsi üçün böyük imkan yaratmaqla birlikdə, tələbələrin motonlaşmamasına xidmət edir. İkinci fərq isə seminar işləri ilə bağlıdır. Tələbələr 60-70 səhifəlik mühazirə mətnindən deyil də, onlayn kitabxanadan özünün əldə etdiyi elmi məqalələrə əsaslanaraq lazım olan məlumatları toplayırlar. Bu da eyni zamanda tələbələrin axtarış bacarıqlarının inkişafınada müsbət təsir göstərir.

 

-Hazırda bütün dünyada pandemiya davam edir. Orada vəziyyət necədir? Pandemiya şəraitində təhsil müəssisələrində dərs prosesi necə tənzimlənir, nə kimi tədbirlər görülür?

 

-Buradakı təhsilimin ilk ilində pandemiya səbəbi ilə dərslərimiz onlayn keçirilidi, lakin praktiki dərslər universitət daxilində sayılı tələbələrlə və qaydalara riayət olunmaqla(maska. əllərin dezinfeksiyası və s) devam etdirilirdi. Hazırda isə bütün dərslərimiz universitet daxilində normal qaydalarda keçirilir.

 

-Təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var?

 

-Bir Azərbaycan vətəndaşı kimi istər Polşada,istərsə də Azərbaycanda ölkəmin inkişafına dəstək vermək,onu tanıtmaq ən böyük arzularımından biridir. Məni yetişdirən ölkəmə, dövlətimə bunu borclu olduğumu düşünurəm. Gələcəkdə də bunun üçün çalışıb, bilik və bacarıqlarımı bu yöndə istifadə edəcəyəm.