Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-08 10:34:42
Azərbaycan təhsil tarixinin lider qadınları - 8 Mart qəhrəmanları

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. 

Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.

Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.   İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.  

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.  

Yəni, bu o dövr idi ki, artıq qadınlar ölkənin mədəni-maarif, ictimai-siyasi həyatına müsbət təsir etməyə başlamışdılar. Kimisi müəllimliklə, kimisi mətbuu fəaliyyəti, kimisi isə başqa sahədə bu yöndə əllərindən gələni əsirgəmirdilər. Cəmi bir ildən sonra bütün Şərqin ilk səsvermə hüququ qazanan  qadınları da məhz onlar olacaqdılar.

Həmin dövr və ondan sonrakı mərhələdə qadınları cəmiyyət üçün faydalı, əvəzedilməz edən əsas predmet isə təbii ki, maarif, təhsil olub.

AzEDU.az  8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbaycanın maarif və elm tarixində ilkə imza atan, cığıraçan qadınlardan bəhs edəcək.

Maarifçi qadınların bayraqdarı - Hənifə Məlikova 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil alıb. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.

Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərib, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı deyil, həm də mübarizə yoldaşı olub. Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə Məlikova 16 il əri ilə birlikdə Zərdabda nəzarət altında yaşayıb.

Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkib. Bu ziyalı xanım əri ilə Zərdabda yaşadıqları vaxtlarda mənzillərində pulsuz məktəb açıb, təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrədib.

Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. 1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.

Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. O, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.

Ali təhsil alan ilk Azərbaycan qadını - Nigar Şıxlinskaya 1878-ci ildə Tiflisdə anadan olub. Ali təhsil alan ilk Azərbaycan xanımı və ilk şəfqət bacısıdır. 1889 –cu ildə Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirərək, təhsil tariximizə ilk diplomlu xanım kimi düşür. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. General Əliağa Şıxlinskinin həyat yoldaşı olan Nigar xanım  1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilib.  Nigar xanım bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq, onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdırlar.

Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat edib. O, bu illər ərzində də maarifçi fəaliyyətindən kənar qalmır.

Azərbaycanın ilk ali təhsilli qadın həkimi – Sona xanım Vəlixan adını çoxları eşidib. Göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri,  ilk oftalmoloq qadın və s.... Amma o, ilk ali təhsilli qadın və birinci xanım  tibb professoru kimi daha çox xatırlanır.

 

İlk professor və kafedra müdiri olan qadın - Adilə Şahtaxtinskaya – Azərbaycan təhsil tarixinin ilk qadın professorudur. Bütün SSRİ-nin ilk genekoloq qadınlarından biri idi. O, həm də 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun  mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdiri  olub

İlk qadın akademik - Azərbaycanın ilk qadın akademiki, biologiya sahəsində bir çox kəşflərə imza atan alim, Şuşanın məşhur Tutayuqlar nəslinin nümayəndəsi  Validə Tutayuq 1914-cü il sentyabrın 23-də Şuşada anadan olub. Burada doqquzillik məktəbi bitirdikdən sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olub.

Uşaqlıqda meşəbəyi atasının evində SSRİ-nin bir çox bioloq ekspedisiyaçıları qonaq olardı. O da sevimli və kiçik qız kimi onların yanında gelər, bioloqlardan bütün çiçək və bitki növləri ilə maraqlanarmış.

Uşaqlığı böyük faciələr içində keçib. Atasını, daha sonra isə başqa ailə üzvlərini itirir. Yaşadığı sarsıntılardan sonra isə Validə Tutayuqu ancaq təbiətə və bitki səltənətinə sevgi xilas edir. Akademik xanım sonradan da xatirələrində qeyd edəcəkdi ki, onun bir alim kimi formalaşmasında görkəmli rus alimləri ilə birlikdə çöl ekspedisiyalarında iştirak etməsinin mühüm rolu olub.

Validə xanım haqqında çox danışmaq olar. Amma fərəh və faciələrlə dolu həyatını qısaca da olsa, bu bilgilərlə əhatə etmək olar:

“O, biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək böyük ilkə imza  atır. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin  də qadın akademiki olur. Azərbaycanın ilk qadın akademiki seçilən bu xanım sonradan bir çox ilklərə imza atır. Ən əsası isə ondan sonra qadın elmi kadrlar irəli çəkilir.

O, həm də Azərbaycan elmi tarixində institut direktoru olan ilk qadındır.  1957-ci ildə Botanika İnstitutuna direktor təyin olunarkən bu sahədə bir çox mərkəzlərin yaradılmasının əsas təşəbbüskarı olub. O, ilk dəfə bitki anatomiyası və morfologiyası, sitologiyası və filogeniyası sahəsində elmi işlər aparıb, Azərbaycanın milli bitki anatomiyası məktəbini yaradıb.

O, Azərbaycan dilində ilk “Bitki anatomiyası və morfologiyası” dərsliklərini yazıb.

İlk kimyaçı alim və neft mühəndisi olan qadın – Bu ilklərə imza atan xanımın adı İzzət Orucovadır. Amma onun əsasını qoyduğu ilklər təkcə bunlar deyil. Bu gün hamı İzzət Orucovanı ilk kino aktrisası kimi tanıyır. Cəfər Cabbarlının “Sevil” əsərinə çəkilən filmdə ilk rolu məhz o, ifa edir.

 

Amma o, həm də ikinci xanım akademikimiz, ilk kimyaçı qadın professorumuz və ilk neft mühəndisimizdir.  Validə Tutayuqdan 4 il sonra İzzət xanım da akademik layiq görülüb. Amma təəssüf ki, elm və təhsil sahəsində gördüyü işlər “Sevil”in kölgəsində qalıb ki, bu da İzzət xanımı hər zaman narahat edib. Müsahibələrinin birincə bu barədə ağrı ilə danışıb:

“Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi...”.

Amma bu xanımın adı ilə elm və sənayedə də bir sıra ilklər yaranır. Neft-sənaye İnstitutunu mühəndislik ixtisası üzrə bitirir. Elə təhsil aldığı müddətdə oynadığı bir neçə rol da olub. Sonradan elmi-tədqiqat obyektlərində bir sıra məsul vəzifələrdə çalışıb. Akademiya daxilində kimyayönümlü institutlardan birinin baş direktoru vəzifəsinə qədər yüksələ bilib.