Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-08 13:33:00
“Müəllimin cəbhə gündəliyi” – “Qələbə xəbərini Şuşada qeyd etdik”- FOTOLAR - Ortaq layihə    

 

  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı I Qarabağ və Vətən müharibələri iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verib.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.

 

Layihənin ilk müsahibi Bakı şəhər Texniki-Humanitar liseyinin fizika müəllimi Vahid İbrahimovdur.

 

 Zəfər Günündə müəllimlə söhbətləşib onun vasitəsilə  həmin günləri yada salacaq, cəbhə gündəlikləri vasitəsilə o günlərə xəyali səfər edəcəyik.

 

İlk olaraq onu yaxından tanıyaq:

 

O, 1984-cü ildə Ağcabədi rayonunda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 2006-cı ildə fakültəni fizika ixtisası üzrə bitirib. Həmin il Müdafiə Nazirliyinin ehtiyat hazırlıq kursuna yazılıb. Leytenant rütbəsinə layiq görülərək N saylı hərbi hissədə taqım komandiri vəzifəsində çalışıb.

 

2008-ci ildə isə Müdafiə Nazirliyinin müvafiq əmri ilə ehtiyata buraxılıb. Həmin il Təhsil Nazirliyinin  təkmilləşdirmə və ixtisasartırma kursuna riyaziyyat və informatika üzrə təhsil almaq üçün qəbul olunub. 2009-cu ildə həmin kursu başa vurub. MİQ müsabiqəsində iştirak edərək Bakı şəhər Xəzər rayon 181 nömrəli orta məktəbdə fizika müəllimi kimi çalışmağa başlayıb. 2015-ci ildə yerdəyişmədə iştirak edərək Bakı şəhər Texniki-Humanitar liseydə fizika müəllimi olaraq fəaliyyətini davam etdirib. Hazırda həmin məktəbdə çalışır.

 

İndi isə müəllimin cəbhə gündəliyini vərəqləməyə başlayaq...

 

-Əvvəlcə,  2020-ci il sentyabr ayına qayıdaq. Orduya müraciətiniz və qatılmağınız necə baş verdi?

 

-Hələ Tovuz hadisələri zamanı orduya könüllü olaraq müraciət etdim. Əsas səbəb generalımız Polad Həşimovun şəhid olması idi. Fikirləşirdim ki, generalı şəhid olan ordunun qisası ciddi şəkildə alınmalıdır. Yoxsa  sonsuza kimi başı aşağı gəzəcəyik.

 

-Qarabağın hansı bölgəsinin azad olunmasında iştirak etdiniz? Döyüşlərdə yaddaşınızdan silinməyən xatirələri bölüşməyinizi xahiş edərdik.

 

-Sentyabrın 29-da ordu sıralarına qoşuldum və Füzuli-Hadrut-Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdim. Bir neçə gün ərzində tanıdığım döyüş yoldaşlarım şəhid oldu. Mənim üçün buna inanmaq çox çətin idi.

 

-Müharibə bir çoxlarımıza yaddaşımızdan silinməyən izlər buraxdı. Sizin unuda bilmədiyiniz hansı məqamlar var?

 

-Heç vaxt unuda bilməyəcəyim hadisə bir qabdan yemək yeyib, su içdiyimiz silahdaşlarım - mayor Elçin Alıyev, mayor Vidadi Əhmədov, əsgər Nicat Hüseynov, əsgər Zabil Azadlının yanımda şəhid olmaları idi. Bu hadisə indi də ağlıma gələndə şok effekti yaşayıram.

 

-Savaş nə qədər qanlı olsa da, orada iştirak edənlər üçün həyat tərzinə çevrilir. Vətən müharibəsində hansı unudulmaz anlara şahidlik etdiniz?

 

-İlk gün müəyyən qədər həyəcan olsa da, sonradan əsgərlərdə qisas hissinin nə qədər güclü olduğunu gördüm. Bu, düşmənin 90-cı illərdə törətdiyi vəhşiliyin qisasını almaq istəyi ilə bağlı idi. Müharibənin canlı şahidi kimi deyə bilərəm ki, həmin hadisə ölkəmizin gələcəyi  baxımından qürurvericidir. Bu, insana mənəvi güc verir.

 

-10 noyabr bütün azərbaycanlılar üçün unudulmaz tarixdir. Siz müharibənin bitməsini necə xatırlayırsız?

 

-Bizim briqada noyabrın 7-də Laçın dəhlizin  tutmuşdu və xüsusi təyinatlı qüvvələr Şuşanı azad etməyə hazırlaşırdı. Hədəfimiz Xankəndi və Xocalı idi. Artıq  Xankəndini nişangaha alanda eşitdik ki, müharibə dayandı və ermənilər təslim oldu. Bu xəbəri Şuşada qeyd etmək xüsusi zövq verdi.

 

-Müharibədən qayıtdıqdan sonra ilk olaraq sinfə daxil olanda nə kimi hisslər yaşadınız?

 

-Dərsə əvvəlki illərdən fərqli olaraq qalib ordunun müəllimi, döyüşçü müəllim kimi daxil olmaq çox qürurvericidir. Özümü qürurlu və rahat hesab etdim. Bu hissləri dərs dediyim şagirdlərlə fəxrlə bölüşdüm.

 

-Şagirdlərinizə gördüklərinizi, yaşadıqlarınızı necə anlatdınız?

 

-Şagirdlərə müharibəni Azərbaycan Ordusunun xüsusi ustalıq və savadlı idarəetməsi nəticəsində qalib gəldiyini dedim. Bildirdim ki, sizlər də savadlı, bilikli və bacarıqlı olmalısınız, çünki bu vətənin gələcəyi sizin əlinizdədi.

 

-Müharibədə iştirak sizin sonrakı müəllimlik fəaliyyətinizə necə təsir etdi?

 

-Müharibədə iştirak etmək çox qürurvericidir. Yenə də ehtiyac olarsa, vətən, torpaq üçün döyüşərəm. Bunu müəllim kimi yaşamaq tam başqa bir hissdir.

 

-Son olaraq, Zəfər Günündə  təhsil ictimaiyyətinə müharibə iştirakçısı kimi nə deyərdiniz?

 

-Təhsil ictimaiyyətinə onları demək istəyirəm ki, sağ olsunlar, 30 il ərzində gənclərimizdə vətənpərvərlik ruhunun qorunub saxlanmasına və artırılmasına nail oldular. Bütün təhsil işçilərinə uğur arzulayıram. Əminəm ki, onlar bundan sonra da gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əllərindən gələni edəcəklər”.

 

 Bu qələbə həm də müəllimlərin zəfəridir. Çünki şəhid, qazi və müharibə iştirakçılarını onlar yetişdirib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları