Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 14:56:00
"İnternet aludəçiliyi uşaqlarda ciddi psixoloji xəstəliklərə səbəb olur" - Necə mübarizə aparmalı?
Artıq bir ildən çoxdur ki, uşaqları internetə etibar etmişik desək, yanılmarıq. Onlayn dərslər, distant təhsil uşağın internetlə maksimum ünsiyyətini mütləq etdi. Lakin günboyu əllərində telefon internetdə dolaşan uşaqların qarşılarına arzulamadığımız, istəmədiyimiz məlumatlar, foto-videolar da çıxa bilər. 
 
Bu prosesi necə tənzimləməli?
 
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Sfera.az-a açıqlamasında son zamanlar uşaqların internetlə daha çox kontaktda olduğunu təsdiqləyib. Onun sözlərinə görə, distant təhsildən əlavə, uşaqlar ev tapşırıqları üçün də məlumatları internet vasitəsi ilə əldə edirlər:
 
 
"Ona görə də, biz istəsək də, istəməsək də, uşaqlar internetdə çox vaxt keçirirlər. Onların yaşlarına uyğun olmayan mövzulardan uzaqlığını təmin etmək üçün bildiyim qədərilə, provayderlərdə yaş həddinin nəzərə alındığı icazələr var. Bundan əlavə, məsələn, sosial şəbəkələr elə bir şeydir ki, texniki cəhətdən qarşısını almaq mümkün deyil. Amma valideynlər bu istiqamətdə müəyyən tədbirlər görə bilərlər – uşaqla daha çox zaman keçirmək, uşağı tanımaq, ona lazım olan məlumatlar üçün kömək etmək, yönləndirmək, mütəmadi olaraq xarakterini korreksiya etmək, psixoloji bağ yaratmaq, mənəvi aclığa yol verməmək və s. Bu kimi hallarda artıq uşağın nə edəcəyini proqnozlaşdırmaq, xarakterinin formalaşmasında yardım etmək mümkün olur”.
 
Digər müsahibimiz, təhsil eksperti Nadir İsrafilov isə saytımıza danışarkən qeyd edib ki, uşaqların internet aludəçiliyində məsuliyyət məktəbdən çox  valideynlərin üzərinə düşür:
 
 
"Qloballaşma dövründə, yüksək texnologiyalar əsrində yaşayırıq. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. Bu baxımdan müasir texnologiyaların inkişafı bizim üçün də lazımdır və hətta zəruridir. Heç olmasa ona görə ki, kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Digər tərəfdən internet, kompüter, smartfon və digər yüksək texnologiya vasitələri məişətimizə daxil olub, həyatımızın bir parçasına çevrilib. Bununla belə internetin imkanları artdıqca, ondan yalnız faydalı məqsədlər üçün deyil, həm də insanlara, xüsusilə yeniyetmə gənclərdə  bir çox ziyanlı təsirlərə məruz qalmaları, onların həyat tərzini radikal şəkildə dəyişdirməsi, internet-asılılığa düçar olmalarına da diqqət çəkilib. Hətta internetin təhlükələri ilə mübarizə sahəsində dünya ölkələrinin təcrübəsi təhlil edilib, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi tərəfindən bu məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər araşdırılıb. Ölkəmizdə uşaqların internetdə təhlükəsiz fəaliyyətinin təmin edilməsinə yönəlik təkliflər verilib”.
 
Müsahibimizin sözlərinə görə, son tədqiqatlar göstərib ki, internet insanları, xüsusən də uşaqları bataqlıq kimi özünə çəkərək onların  psixologiyası və davranışına olduqca sürətlə təsir göstərir, təxminən bir-iki ilə virtual dünyanın diktə etdiyi dəyərlər istiqamətində dəyişdirir, normal həyatlarını çətinləşdirir:

 
"İnternet aludəçiləri olan uşaqlar, dərslərinə yaxşı hazırlaşa bilmir, yeməyini vaxtlı-vaxtında yemir, real ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verir ki, bu da zaman keçdikcə ciddi psixoloji və əsəb xəstəliklərinə gətirib çıxarır. Yeniyetmə uşaqlar üçün internetə maraq dairəsi isə sosial şəbəkələrdir. Onların bu istiqamətdə aludəçiliyi, hətta dərsdən yayınmalara da səbəb olur. Həkimlər internet və kompüter oyunlarının uşaq və yeniyetmələrin gələcək həyatında fəsadlar yaratmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsini məsləhət bilir. Bir ara bu məsələ gündəmə gətirilərkən məktəblərdə mobil telefonların qadağan olunması, internet klubların məktəbyanı ərazilərin ətrafından yığışdırılması kimi məsələlər birmənalı qarşılanmamışdı. Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir”.
 
Ekspert valideynlərin də narahat olduğunu qeyd edib:
 
"Onlar fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, onlayn əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır. Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur. Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir. Hətta, "məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır” kimi sərt təkliflər də verilib.
Hesab edirəm ki, uşaqların internet aludəçiliyində, telefon, smartfon, planşet asılılığında məsuliyyət məktəbdən çox  valideynlərin üzərinə düşür. Telefon ünsiyyət vasitəsidir. Valideyn övladına sevgi və diqəti nümayiş etdirmək üçün bahalı və çox funksiyalı telefon almaq əvəzinə, onun fiziki sağlamlığını və mənəvi düşüncəsinin deformasiyaya uğramamasını nəzərə alaraq, ucuz və sadə telefon da ala bilər. Evdə yemək, dincəlmək, açıq havaya çıxmaq, yatmaq rejimi kimi, kompüter, telefon və smartfonlardan istfadəyə vaxt ayırmaq rejimi də qoya bilər. O ki qaldı onlayn dərslərə - distant təhsilə, virtual məktəb platformasına və digər müvəqqəti texnoloji resursların cəlbinə, bu məqsəd deyil, bəşəri pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən çıxmaq üçün zərurətdən irəli gələn bir vasitədir”. (sfera.az)