Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 15:23:00
Tələbə soydaşlarımız ən çox  bu ölkələrdə xərcə düşürlər?- “Mütləq işləməlidirlər”-PROBLEM

 

 

“Son 10 illikdə tələbələr üçün azxərcli ölkələr sırasına Türkiyə, Ukrayna, Ruminiya, Polşa, Latviya, Litva, Estoniyanı daxil edə bilərik. Yuxarı büdcəli ölkələr, universitetlər sırasına isə ABŞ, Böyük Britaniyanı aid edirik. Burada həm təhsil haqları, həm də yaşayış xərcləri də kifayət qədər yüksəkdir”.

 

Bu fikirləri Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlamasında bildirib.

 

“Bu gün dünyamızda gənclər öz ölkələrindən kənarda, yəni xaricdə təhsil almağa üstünlük verirlər. Azərbaycanda da artıq neçə ildir ki, gənclərimiz müxtəlif  xarici ölkələrdə təhsil alırlar.

 

Təbii ki, xaricdə təhsil deyərkən əvvəl təhsilin keyfiyyəti, ondan sonra tələbənin aylıq və illik xərcləri nəzərə alınır. Son 10 illikdə tələbələr üçün az xərcli ölkələr sırasına Türkiyə, Ukrayna, Ruminiya, Polşa, Latviya, Litva, Estoniyanı daxil edə bilərik. Tələbələr üçün yuxarı büdcəli ölkələr, universitetlər sırasına isə ABŞ, Böyük Britaniyanı aid edirik. Burada həm təhsil haqları, həm də yaşayış xərcləri də kifayət qədər yüksəkdir. Amma tələbələr keyfiyyətli təhsil almaq istəyirlərsə, düşünürəm ki, çoxlu pul xərcləməlidirlər. Çünki universitetlərə sərf edilən pullar gələcəkdə tələbənin əməyində, maaşında hiss olunur. Bu da universitetə xərclənən məbləğin qısa müddətdə qarşılanması deməkdir. Prezidentin dediyi kimi, biz neft kapitalını insan kapitalına çevirməliyik.”

Ekspert qeyd edib ki, fəal olan tələbələr təqaüd proqramlarından yararlanmaqla xərclərinin bir qismini qarşılaya bilərlər

 

“Adlarını çəkdiyim Türkiyə, Ukrayna, Ruminiya, Polşa kimi ölkələrdə tələbələr üçün təqaüd proqramları var. Tələbələr müxtəlif imtahanlardan istifadə etməklə, universitetin özünün, ya da Avropa Birliyinin fondundan müəyyən təqaüdlər ala bilirlər. Bu da tələbənin xərclərini qismən qarşılaya bilər. Təhsil haqqının və yaşayış xərclərinin baha olduğu ölkələrdə bu proqramlar həmin ölkələrdəki universitetlərə də aiddir. Fəal olan tələbələr təqaüd proqramlarında iştirak edib təqaüd qazana bilərlər. Bu təqaüdlər həm universitetin illik xərcinə daxil ola və yaxud tələbənin yaşayış xərcləri üçün ünvanlana bilər.

 

Pandemiya dövrü bütün dünyada iqtisadi çətinliklər yaradır, həm tələbələri, həm işləyən insanları problemlərlə üz-üzə qoyur. Amma pandemiyadan əvvəlki dövrlərdə xaricdə təhsil alan tələbələr dərsdən sonra müəyyən əmək fəaliyyəti ilə məşğul olurlar. Ona görə də, görürük ki, birinci və ikinci kursa qədər müəyyən çətinliklər olur. Növbəti illərdə tələbələr artıq həmin şəhərə uyğunlaşaraq, müxtəlif sahələrdə öz bacarıqlarını inkişaf etdirirlər və bunun qarşılığında da müəyyən gəlir əldə edirlər. Düşünürəm ki, tələbə çevik olsa, bu problemləri aradan qaldırmaq olar. Əsas odur ki, gənclərimiz oxumaq istəsinlər. Təhsil almaqla onların da iqtisadi vəziyyəti yavaş-yavaş yüksəlməyə başlayır.”

 

Fidan Ali