https://www.zirve.edu.az/
07.03.2018 12:15
Kimya dərsində reaksiya görməyən şagirdlər - Təhsilimizin laboratoriya dərdi

Azərbaycan təhsil ocaqlarında əsasən nəzəri bilikləri öyrənməyə üstünlük verilir. Bunun əsas səbəbi bir çox orta məktəblərdə təcrübi dərslərin keçirilməsi üçün lazımi avadanlıq, laboratoriya şəraitinin olmamasıdır.

Təhsil müəssisələrindəki bu cür çatışmazlıqlar üzündən əksər şagirdlərin öz nəzəri biliklərini təcrübi əsaslarla öyrənmək və praktikada tətbiq etmək imkanı da olmur. Bu isə orta məktəblərdə dərslərin nisbətən maraqsız keçməsinə və şagirdlərin dərsi kifayət qədər yaxşı mənimsəyə bilməməsinə səbəb olur.

Paytaxt və bölgə məktəblərinin əksəriyyətində, ümumiyyətlə, kimya laboratoriyaları yoxdur. Belə şəraitdə şagirdlərin kimyəvi reaksiyaları, təcrübi məsələləri nə dərəcədə mənimsəməsi isə sual altındadır.

Problemlə bağlı AzEDU.az saytına danışan Cəlilabad rayonunda kimya müəlliməsi kimi fəaliyyət göstərən Nərgiz Salmanova işlədiyi məktəbdə lazımi maddələrin olmadığını bildirib:

“İşlədiyim məktəbdə laboratoriya var, amma  maddələr yoxdur. Uşaqların ehtiyaclarını ödəmir. Şagirdlərin laboratoriya işlərinə maraqları çoxdur. Hətta tələb edirlər ki, bizə reaksiyalar göstərin. Mən bəzi maddələri bacardığım qədər aptekdən öz pulumla alıram. Onların vasitəsilə uşaqlara bəzi reaksiyaları göstərirəm. Amma təəssüf ki, bu, bizim keçdiyimiz mövzuları əhatə etmir. Tək istəyim məktəbin lazımi maddələrlə təhciz olunmasıdır”.

O, problemlə bağlı məktəb rəhbərliyinə müraciət etdiyini deyib: “Mən bu məsələ ilə bağlı direktora müraciət etmişəm. Cavab belə olub ki, maddələr gətiriləcək. Amma hələ ki, vəziyyət eynidir.

Əgər laboratoriyada şərait olsa, mən bu avadanlıqla işləyə bilərəm. Ali məktəbdə təhsil alanda da biz mütəmadi laborator işlər aparırdıq”.

Cəlilabaddakı daha bir məktəbdə də laboratoriya var, lakin işlədilməsi mümkün deyil .Həmin 2 saylı məktəbin  kimya müəllimi İdrak Əliyev  təhsil ocağının yenidən tikildiyini, amma hələ də laboratoriyada çatışmazlıqlar olduğunu deyir:

“Əvvəllər məktəbimiz köhnə idi. Avadanlıqlar, laboratoriya ümumiyyətlə yox idi. Kiçik bir otaqda reagentlərimiz vardı. Mən də mümkün olduğu qədər əlimdə olan vasitələrlə reaksiyalar aparırdım. Bu da məktəblilərin böyük marağına səbəb olurdu.

İndi isə məktəb yenilənib, laboratoriya var. Amma yenə də avadanlıqların sayı kifayət etmir. Reagentlərimiz yerində deyil. Bu problem həllini tapsa, çox yaxşı olar”.

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunu (adının açıqlanmasını istəmir – red) isə universitetdə tələbələrin müasir avadanlıqlarla çalışma imkanının olmadığını bildirib:

“Kimya fakültəsini bitirməmə baxmayaraq, laboratoriyada sərbəst şəkildə işləyə bilmirəm. Düzdür, mövcud olan maddi-texniki bazaya uyğun müəyyən laborator işlər öyrədilib. Amma bunlar heç biri müasir əmək bazarının tələblərinə uyğun deyil.

Bakı Dövlət Universitetində laboratoriyalar  olsa da, baza cəhətdən çox zəifdir. Reaktiv preparatlar azdır. Olanlar da SSRİ istehsalıdır. Düzdür, müasirləri də var, amma onlar tələbələr üçün yox, elmi işçilər üçün nəzərdə tutulub. Tələbələrə isə ümumi göstərilir”.

O, həm də təhsil sistemimizdə praktikaya az yer ayrıldığını qeyd edib:

“Bu sahə üzrə yetərli nəzəri bilik bazam var. Yəni təhsilimizdə nəzəriyyəyə söz ola bilməz. Çünki, bizdə bakalavr səviyyəsində öyrədilən nəzəri biliklər, əcnəbi universitetlərdə magistr və ya doktorantura pillələrində öyrədilir. Amma təhsilimizdə prakrtikaya az da olsa yer ayrılsa, daha böyük nəticələr əldə edə bilərik. Xüsusilə də kimya sahəsində”.

O, orta məktəblərdə bu problemin daha çox gözə çarpdığını vurğulayıb:

“Məktəblər də kimya təhcizatı baxımından çox kasaddır. Orta ümumtəhsil məktəblərində ən azından şagirdlərin kimyəvi aparat ve preparatlarla tanış olmaları üçün nümunələr olmalıdır. Heç olmasa bir dənə laboratoriya otağı olmalıdır”.

Lamiyə Süleymanlı