Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 10:25:00
Hazırlıq kurslarının bahalı  sınaq imtahanları – “Bu sahədə dələduzluq baş alıb gedir”

 

 

Hazırlıq kurslarının fəaliyyəti ilə bağlı ən çox narazılıq sınaq imtahanı qiymətlərinin yüksək olması ilə bağlıdır.

 

Qiymətlər yalnız Bakıda deyil, regionlarda da valideyn və təhsilalanları narahat edir.

 

Bəs qiymətlərin yüksək olması nədən irəli gəlir? Sınaq imtahanlarında iştirak üçün qiymət kurslar tərəfindən necə təyin olunmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, kurslar imtahanların təşkilinə təyin etdikləri qiymətdən daha az xərc çəkirlər:

 

“Hazırda yalnız Bakıda deyil, regionlarda da tədris mərkəzləri fəaliyyət göstərir. Təəssüf ki, kurslarda sınaq imtahanlarına bilet qiymətləri ürəkaçan deyil, 10-15 manat arası dəyişir. Bu isə təbii ki, yolverilməzdir. Çünki imtahanlarda istifadə edilən kağızlar, digər çap xərcləri təxminən 1-1,50 manat civarındadır. Buna baxmayaraq, bir sıra kurslar imtahanları yüksək qiymətə təşkil edir. Belə olan halda kurslar daha çox qazanc əldə edirlər. Halbuki o sualların hazırlanmasına bir o qədər xərc tələb olunmur. Sualların tərtibi ilə məşğul olan müəllim və texniki işçilərə də o qədər yüksək əmək haqqı ödənilmir”.

 

Ekspert kursların sınaq imtahanları ilə DİM tərəfindən təşkil edilən imtahanları müqayisə edərək yüksək qiymətlərin əsassız olduğuna diqqət çəkib:

 

 

“Buna səbəb kimi isə kurslar DİM-in qiymətləri qaldırdığını, özlərinin də buna uyğun qiymət təyin etdiklərini bildirirlər. Nəzərə çatdırmaq lazımdır ki, DİM-in təşkil etdiyi imtahanlar bütün tədris proqramını, mövzuları əhatə edir. Hazırlıq kursları isə yalnız ay ərzində keçirilən mövzular üzrə imtahanlar təşkil edirlər, yəni tam hamısını əhatə etmir. Belə olan halda isə, hazırlıq kursları hər ay biri blok, digəri buraxılış imtahanı olmaqla iki dəfə imtahan keçirilər. Bir şagird bu imtahanların ikisində də iştirak etmək istəsə, hər ay minimum 20, maksimum 30 manat məbləğində ödəniş etməlidir. Bəzi kurslar bir imtahan qiymətini 8 manat təyin edir, ancaq bu qiymətin özü belə bahadır. Yaxşı olar ki, burada vətəndaşların vəziyyəti nəzərə alınsın, burada minimal məbləğ 5 manata endirilsin”.

 

Ekspert bu halda tədris mərkəzlərinin vergidən yayındıqlarını vurğulayaraq valideynləri diqqətli olmağa çağırıb:

 

“Bu addımların atıldığı zaman onlar imtahanların keçirilməsi ilə bağlı hər hansı bir vergi də ödəmirlər. Yəni vergidən yayınma faktları bu sahədə həddindən artıq çoxdur. İmtahanlar təşkil olunur, ancaq buradan əldə olunan gəlir vergilərə ödənmir.

 

Valideynlər də mütləq belə vəziyyətlərdə diqqətli olmalıdırlar. Çünki imtahan üçün ödənişi valideyn edir, amma bununla bağlı ona hər hansı bir qəbz verilmir. Nəticə olaraq valideynlər bunun da nəzərə almalıdırlar, çünki bu sahədə dələduzluq baş alıb gedir”.