Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 09:13:00
“İlin müəllimi” müsabiqəsinin finalçıları   “Golabal  Teacher  Award  - 2021”-nin mükafatını qazandılar-FOTO

 

 Bu  il  dünya ölkələrinin  müəllimləri  arasında keçirilən  “Golabal  Teacher  Award  2021” müsabiqəsində  iki azərbaycanlı  müəllim  uğur  qazanıb.

 

Onlardan  biri  Cəlilabad  şəhər  Z.Əliyeva  adına  7  nömrəli  tam  orta  məktəbin  İbtidai  sinif  müəllimi  Gülər  Bayramovadır.

 

Müəllim  AzEdu.az-a  açıqlamasında  qeydiyyat  prosesinin  tələbləri, tətbiq  etdiyi  dərs  metodları  və  sosial  işlərdən  danışıb:

 

“Müsabiqədə  iştirak  üçün  nominasiyalar  elan  edildiyi  zaman  namizədliyimi  verdim. Qeydiyyat  üçün  tələb  olunan  məlumatları  əlavə  etdikdən  sonra  bizim  işlədiyimiz  məktəbdə deyil, başqa  məktəblərdən  olan  5  müəllim  referans  olmalıdır. Mənə  3 müəllim  ölkəmizdən, layihələrdən  tanış  olduğum 2 müəllim  isə  Türkiyədən  referans  oldu. Namizədlik  formunda  bununla  yanaşı  bizdən  hansı  yeni  metodlar  tətbiq  etdiyimiz, nə  kimi  işlər  gördüyümüz, etdiyimiz  yeniliklər, fəaliyyətimiz  soruşulur. Həm  də  bu bir  növ “İlin gənc müəllimi” müsabiqəsinə  bənzəyir. Nominasiya  iştirakçıları  olaraq  gördüyümüz  işləri  fotolarla  birlikdə  yolladıq. Məsələn, mənim  ibtidai  siniflərdə  ilk  dəfə  keçdiyim  oyun  əsaslı  öyrənmə, sistem  və  robotik  kodlarla  olan  metodlarımı  qeyd  etdim. Bununla  bağlı  bizim  iki  sosial  işimiz  var. Bunlardan  biri  “Tullantıdan  tədrisə” dir. Bu  sosial  işimizdə  şagirdlərlə  birlikdə  tullantılardan  müxtəlif  əşyalar  düzəldirik. Daha  sonra  bu  əşyaları  az  miqdar  qarşılığında  valideynlərə  satırıq, üzərini  mən  tamamlayıram. Bu məbləğlə  şəhid  və  qazi  ailələrini  ziyarət  edirik.İkinci  sosial  işimizdə  isə  biz  siniflə  bərabər  həftənin  bir  günü  dərsdən  sonra  əlilliyi  olan  uşaqların  evinə  gedib bir  saat  müddətində  onlara  kitab  oxuyurq, birlikdə  şəkil  çəkirik, əylənirik.Bu  işimizdə  hər  dəfə  4-5  müxtəlif  şagird  iştirak  edir. Nominasiyada  iştirak  üçün  göndərdiyim  müraciətdə  bunları  qeyd  etmişdim. Eyni  zamanda  məktəb  direktoru  da  referans  verməli  və  təsdiq  etməlidir. Müraciət  zamanı  göndərdiyiniz  bütün  referans  və  məlumatlar  toplanır  və  müsabiqənin  münsiflərinə  göndərilir”.

 

Gülər  Bayramova  seçiləcəyini  xəyalına belə  gətirmədiyini, bunun  onun  üçün  gözlənilməz  olduğunu  bildirib:

 

“Doğrusu,  hər  dəfə  seçilən  insanları  gördükcə  mənim  də  seçiləcəyimə  heç  inanmırdım. Ancaq  110  ölkədən  qatılan  minlərlə  iştirakçı  arasında  mənə  də  dəvət  məktubu  gəldi. Dəvət  məktubunda  müsabiqənin  mükafatlandırma  mərasiminə  hibrid , yaxud  onlayn  formada  qatıla  biləcəyimiz, onlayn  qatılacağımız  təqdirdə  mükafatlarımızın  poçt  vasitəsi  ilə  göndəriləcəyi  qeyd  edilmişdi. Daha  sonra  bizim  işlədiyimiz  müəssisəni  təsdiqləyən  sənəd  forması, şəxsiyyət  vəsiqəmiz  forum  vasitəsi  ilə  qeyd  edib  onlara  göndərəcəyik  ki, bizim  iş  yerimiz  haqqında  məlumatları  rəsmi  olaraq  əldə  etsinlər”.

 

Digər mükafatçı isə Ucar rayonu  Təzə Şilyan kənd tam  orta  məktəbinin  Azərbaycan  dili  və  Ədəbiyyat  müəllimi  Aynur  İbrahimovadır.

 

Sevincini  AzEdu.az  ilə  bölüşən  gənc  müəllim  müsabiqəyə  qeydiyyat  prosesi və üzləşdiyi  çətinliklərdən  danışıb:

 

“Müsabiqəni  ilk  dəfə  bir  azərbaycanlı müəllimin  paylaşımında  görmüşdüm, bu  müsabiqə  haqqında  məlumatım  yox  idi. 23 may-da  müsabiqə  haqqında  elanı gördüm  və  qeydiyyat üçün  son  tarix  30 may olaraq  bildirilmişdi. Qeydiyyatın  bitməsinə  çox  az  zamanımın  olmasına  baxmayaraq  özümü  sınamaq  istədim. Müsabiqə  haqqında  araşdırdım, qeydiyyat  prosesini  öyrəndim. Bu  mənim  üçün  çox  çətin  oldu.Çünki  haqqımda  məlumatlar, gördüyüm  işlər, bütün  fəaliyyətim  ingilis  dilinə  təcümə  olunmalı, eyni  zamanda  You Tube  kanalı  açılmalı  və  oraya  dərslər  yerləşdirilməli  idi. Bununla  yanaşı  5  azərbaycanlı  müəllimin  və  məktəb  rəhbərliyinin  mənim  müsabiqədə  iştirakım  üçün  müsabət  rəy  verməsi  tələb  olunurdu. Bütün  bunlar  isə  zaman  aparırdı. 5 müəllim  və  məktəb  rəhbərliyi  bu  müsabiqədə  iştirak  etməyim  üçün  mənə  dəstək  oldular,hər  birinə  öz  təşəkkürümü  bildirirəm. İki  ingilis  dili  müəllimi  isə  qeydiyyat  zamanı  tərcümənin  düzgün  alınması  üçün  mənə  çox  böyük  dəstək  göstərdilər, demək  olar  ki, iki  gecə  yatmadım. Səhərə kimi  oyaq  qalaraq  bütün  məlumatlarımın  dəqiqliklə  ingilis  dilinə  tərcüməsinə  çalışdım”.

 

Müəllim, göndərdiyi  məlumatların  münsiflər  tərəfindən  maksimum  balla  qiymətləndirildiyini  qeyd  edib:

 

“Bu  müddətdə  qeydiyyat  bitənə  kimi  çatdıra  bilməcəyimi  düşünüb  həyəcan  keçirirdim.Ancaq  müsabiqədə  iştirak  üçün  qeydiyyat  müddətinin bir  ay  daha  uzadılmasından  xəbərsiz  idim.Məlumatları  hazırlayıb  göndərdikdən  bir  gün  sonra  cavab  gəldi. Cavabda  göndərdiyim  məlumatların  maksimum, yəni 400 bal, münsiflərin  dəyərləndirilməsi  isə  birlikdə  isə  500  bal dəyərində  qiymətləndirildiyi  qeyd  olunmuşdu. O zaman  bu  müsabiqənin  ilk  100,ya da  50-lik  siyahısına  düşə  biləcəyimə  ümüdüm  yarandı. Amma  müsabiqənin  qaliblərindən  biri  olacağımı  heç  vaxt  ağlıma  gətirmirdim”.

 

Gənc  müəllim  müsabiqədə  müsabiqədə  ona  uğur  qazandıran  məqamlara  vurğulayıb:

 

Həmin  müddətdə  mənim  belə  desək, ölkə  üzrə  kifayət qədər səs  gətirən  “Oxumaq  heç  vaxt gec deyil”  adlı  təhsilsiz  valideynlərə  dərslər  layihəmin  icrası  davam  edirdi. Düşünürəm  ki, o layihəmin  müsabiqədə  uğur  qazanmağımda  böyük  rolu  oldu. Çünki  bu  müsabiqədə  daha  çox  ucqarlarda  işləyən, təhsil  üçün  yenilik edən, xüsusi  ilə  kənd  məktəbində çalışan və işini  sevən  müəllimlərə  üstünlük  verilirdi. Düşünürəm  ki, bu  müsabiqədə  mənə  uğur  qazandıran  ən  əsas  məqamlardan  birincisi  qızların  təhsil  almasına  şərait  yaratmaq, ucqar bir  kənd  məktəbində  şagirdlərin  hazırlığında  tətbiq  etdiyim  öyrənmə  metodları  oldu. Nəticələrin  açıqlandığını  dünən  öyrəndim. Hələ  də  inana  bilmirəm  ki, o  müsabiqənin  qaliblərindənəm”.

 

Aynur  İbrahimova  uğur  qazanan  müəllimlərin  təmsil  etdiyi  ölkələr  siyahısında  Azərbaycan  adının  çəkilməsinin  qürurvercii  olduğunu  qeyd  edib:

 

“Müsabiqə  artıq  4  ildir  ki, keçirilir. Hər  il   6 qitədən,100  ölkədən,  200 mindən  çox  müəllim  bu  müsabiqəyə  qatılır.Burada  bir  çox  ölkələr, hətta  bizim  bədnam  qonşumuz, düşmənimiz  olan  Ermənistandan  da  qatılan  müəllimlər  var  idi. Çox  sevinirəm  ki, bu  müsabiqənin  qalibləri  siyahısında  azərbaycanlı  müəllimlər  də  var,bu  bizim  üçün  böyük  bir  uğurdur. Hər  il  müsabiqənin  mükafatlandırma  mərasimi  Hindistanda  maraqlı  şəkildə  təşkil  olunurdur, ancaq  pandemiya  səbəbi ilə  bu  il  virtual  keçiriləcək. Qaliblərə  bildiyim  qədəri  ilə  müsabiqənin  sertifikatı, döş  nişanı, medal və  kubok  təqdim  ediləcək,göndəriləcək. Bütün  hallarda  Azərbaycan  təhsilini  dünya  səviyyəsində  təmsil  etmək  mənim  üçün  böyük  bir  uğurdur. Çünki  burada  qalib  gələn  müəllimlərin  xüsusi  tanıtım  mərasimi  keçiriləcək, uğur  qazanan  müəllimlərin  təmsil  etdiyi  ölkələr  siyahısında  Azərbaycan  adının  çəkilməsi  qürurvericidir. Gələcəkdə  də  müəllimlərlə  bağlı  beynəlxalq  müsabiqələrdə  iştirak  etməyi  düşünürəm. Qeyd  edim  ki, 2022-ci  ilin yanvar  ayında  Dubayda  keçiriləcək  belə  bir  festivala  da  artıq  dəvət  aldım və  orada  da  öz  şansımı  sınayacam”.

 

Hər  iki  müəllimi  təbrik  edir, sonrakı  fəaliyyətlərində  uğurlar  arzulayırıq!