Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 10:48:00
Peşə təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı aparılır  

Peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsində müsabiqədən uğurla keçənlərin qeydiyyatı aparılır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, peşə məktəblərinə qəbul olanlar avqustun 30-u saat 18:00-dək qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 

- attestatın əsli;

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə məktəbində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-21-də elektron qaydada keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas üzrə aparılıb. Elektron sistemdə qeydiyyatdan keçənlərdən 14 min 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26 faiz artıb.

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi edə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.