Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-16 13:13:00
Azərbaycan məktəbinin QƏHRƏMAN MÜƏLLİMLƏRİ  

Ceyhun Məmmədov “Cəsur döyüşçü”, Anar Qaçayev isə “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilib

 

 

Bu dəfə iki qəhrəman müəllim qonağımızdır. İkisi də Salyanda doğulub. İkisini birləşdirən, sadəcə müəllim olmaları və Salyanda doğulub orada  işləmələri deyil, həm də Vətənə, torpağa bağlılıqları, millətinə olan sevgiləridir. Bu sevgi onları tarixi torpaqlarımıza uzun illərdən sonra ilk dəfə ayaq basanlardan biri edib. İkisi də şagirdlərinin qarşısına medalla qayıdıb.

 

Ceyhun Məmmədov “Cəsur döyüşçü” medalı, Anar Qaçayev isə “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilib. Yaş fərqləri olsa da, ikisi də fevral ayında anadan olub.  Ceyhun Məmmədov 1977-ci ildə Salyan rayonunun Yuxarı Noxudlu kəndində, fevralın ilk günü doğulub. Elə həmin kənddə də məktəbə gedib, kitab açıb, dəftər yazıb, səhvi-düzü tanıyıb. Yeniyetmə çağlarına çatanda gələcəyi ilə bağlı qərar verib: müəllim olacaq: “Nümunəvi sagird olmuşam, nümunəvi də tələbə. Ali məktəbdə həm ictimai fəallıq göstərir, həm də yaxşı oxuyurdum. 1994-cü ildə Azərbaycan Dillər Universitetinə qəbul olunmuşdum. Ancaq hərb sənətinə də marağım olduğu üçün 1995-ci ildə yenidən ali məktəblərə qəbul imtahanında iştirak edib bu dəfə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini seçdim. İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsində təhsilimi 1999-cu ildə tamamlayıb kəndimizdə hərbi rəhbər vəzifəsində çalışmağa başladım”.

 

“Zabit olan yetirmələrim mənim ən böyük nailiyyətim, qazancım və fəxrimdir”

1999-cu ildən müəllimlik fəaliyyəti ilə məşğul olan Ceyhun Məmmədovun müəllimliyə və hərb sənətinə olan sevgisi öz bəhrəsini verib: “Müəllim olduğum müddətdə vətənpərvərlik mövzusunda çox həssaslıq nümayiş etdirdim. Şagirdlərimin şəxsiyyət kimi formalaşmasında vətənpərvər yetişmələrinin əhəmiyyətini bilirəm. İşimi elə qurdum ki, onlara ölkəmizin sərhədlərinin qorunmasının önəmini düzgün izah edim. İnsan vətənini sevməlidir ki, nailiyyəti də sadəcə onun yox, millətinin, vətəninin, dövlətinin rifahına xidmət etsin. Görünür, məqsədimə nail olmuşam, şagirdlərimə bunu izah edə bilmişəm ki,  25 şagirdim hərbçi olmağa qərar verib. Hazırda zabit olan yetirmələrim mənim ən böyük nailiyyətim, qazancım və fəxrimdir”.

 

 

 

 

“Xalqımızın dəstəyi gücümüzə güc qatırdı”

 

Ceyhun müəllim deyir ki, 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə ön cəbhədə qulluq edirdim: “Goranboyda, Murovda xidmət etdiyim mövqe Kəlbəcərlə üzbəüz idi. Tarixi torpaqlarımıza həsrətlə uzaqdan baxırdıq. Tağım komandiri olaraq bunun nə qədər ağır olduğunu ilk dəfə o vaxt hiss etdim. İnsanın qürurunu əzir”.

 

...və müharibə

 

2020-ci il idi. Hər bir Azərbaycan övladı kimi o da əmrə uyğun olaraq silahını götürüb cəbhəyə yollanıb. Müharibədə iştirakı Xocavənddən başlayıb: “Dağlar və adsız yüksəkliklər uğrunda döyüşlərdə iştirak etdim. Noyabrın 9-da döyüş zamanı minamyot partlayışı nəticəsində zərbə dalğası güclü oldu və bədənimdə şiddətli ağrılar hiss etdim. Ona görə məni döyüş bölgəsindən uzaqlaşdırdılar. Bir neçə gün Füzuli rayonundakı hərbi hospitalda müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdım”.

 

Müharibədə gördüyü ruh yüksəkliyi, torpağa sevgi, döyüşçü qardaşlığı və milli həmrəylik indi də xatırladıqca onu qürurlandırır: “Döyüş varsa, şəhid də, yaralı da olacaq. Bu, qaçılmazdı. İtkilərimizə baxmayaraq, bu savaşdan qalib çıxdıq. Döyüşçülərimiz yaralandıqdan sonra da savaşır, döyüşü tərk etmək istəmirdilər. Yarası ağır olanları belə çətinliklə uzaqlaşdırırdıq. Sarğı qoyulduqdan sonra yenidən döyüşə qayıdanlar yarası yoxmuş kimi döyüşürdü. Biz məhz bu qətiyyətin sayəsində qalib gəldik. Arxa cəbhədən gələn kömək, xalqımızın verdiyi dəstək də gücümüzə güc qatırdı”.

 

Xıdırlının vətənpərvər müəllimi

Anar Qaçayev isə Salyan rayonunun Xıdırlı kəndində, 1989-cu il fevralın 2-də doğulub. Xıdırlı kənd tam orta məktəbinə gedib. Məktəbə başladığı elə ilk günlərdən müəllimləri onun istedadının fərqinə varıblar. Yaşıdlarından üstün bacarıqları onu dərhal fərqləndirib. Məktəbdən valideynlərinə təklif ediblər ki, III sinif şagirdi Anar Qaçayev imtahan verərək birbaşa V sinfə keçirilsin. Ancaq atası razı olmayıb. Anar da məktəbi sinif sırasını pozmadan adi qaydada tamamlayıb. Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində Texnologiya ixtisası üzrə təhsil alıb.

 

Uşaqlığından musiqiyə çox böyük həvəsi olsa da, bu istiqamətdə təhsil ala bilməyib. Öz üzərində işləməklə kifayətlənib və indi rayonunun həm də tanınmış nağara ifaçısıdır: “Yaxşı nağara çalıram. Zərb alətlərinə olan marağım sayəsində bu bacarığımı inkişaf etdirdim. Müəllimlikdən əvvəl nağara ifaçılığının şöhrətini qazandım. Rayonumuzda məni tez-tez toylara dəvət edirdilər”.

 

Anar müəllim deyir ara-sıra mahnılar da yazır: “Mahnılarım da var. Vermişəm müğənnilər oxuyur”.

 

Universiteti 2010-cu ildə bitirərək Naxçıvanda həqiqi hərbi qulluğa gedib. Bir il Azərbaycan əsgəri kimi vətənin keşiyində durub. Deyir, hərbi xidmətdən sonra vətənpərvərlik hissləri daha da güclənib: “Vətənpərvərlik hissləri güclü olan biriyəm. Həqiqətən ölkəmi, millətimi çox sevirəm. Bu hisslərim o qədər güclüdür ki, Qarabağ məni daim düşündürən məsələlərdən biri olub”.

 

Vətənpərvərlik hissləri onu məktəbə hərbi rəhbər kimi qaytarıb. 2018-ci ildən bir vaxtlar şagirdi olduğu məktəbdə - Xıdırlı kənd tam orta məktəbində bu vəzifədə çalışır:  “Uşaqlığımdan bəri hərbə çox böyük marağım vardı. Şagirdlərlə işləmək də çox xoşuma gəlir. Yeni nəsil də vətənpərvər olsun istəyirəm. Bunun üçün əlimdən gələni edirəm. Məktəbimizin yaxınlığında hərbi hissə var. Şagirdlərimi həmin hərbi hissəyə aparıram. Həm hərəkət edir, əsgərlərlə münasibət qurur, həm də silah söküb-yığırlar”.

 

“Müharibənin iştirakçısı olduğum üçün  xoşbəxtəm”

 

Vətən müharibəsi iştirakçısı olan Anar Qaçayev qürurludur: “Qarabağ uğrunda müharibənin iştirakçısı kimi nə qədər xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Bunun üçün də əlimdən gələni etdim. Müharibə başlayanda adımı yazdırmaqla kifayətlənmədim, gedib-gəldim. Hər gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ayaq döydüm, zəng elədim. Hətta Xidmət  rəisi  dedi ki, sən bizə burada lazımsan. Ancaq mən əl çəkmədim. Nəhayət, məni də müharibəyə göndərdilər. Oktyabrın 9-dan başlayaraq düz 82 gün işğaldan azad edilən Cəbrayıl və Zəngilanda vətənimə xidmət etdim”.

 

Müharibədə önəmli missiyaya xidmət edib: “Bizim əsas vəzifəmiz erməni işğalçılarından alınan torpaqların müdafiəsini təmin etmək, erməni kəşfiyyatçılarının, diversiya qruplarının təxribatlarının qarşısının alınması idi. Ümumiyyətlə, müharibə dövründə xüsusilə fəallaşan erməni kəşfiyyatçıları ilə bağlı, demək olar ki, hər gecə hadisə baş verirdi. Gözümüzə yuxu da getmirdi. Çünki hər an erməni kəşfiyyatçıları ilə, ya da onların yaratdığı problemlə qarşı-qarşıya qala bilərdik. Ona görə də hər an ayıq-sayıq olmalıydıq”.

 

Müharibənin ən böyük çətinliklərindən biri də əsgərlərin ailə özləmi olub. Anar müəllim deyir ki, xüsusən azyaşlı uşaqları olanlar bunu daha dərindən hiss ediblər: “Ərazi minalı olduğundan müəyyən edilmiş sərhədlər çərçivəsində hərəkət edirdik. Mən də musiqi bacarığımdan istifadə edib əsgərlərin ovqatını daha da qaldırmağa çalışırdım. “Zəngilan qayaları”nı ifa etdim, əsgərlər əyləndi. Həmin əyləncəmizin videosu da yayılmışdı. Bilmirəm kim çəkib paylaşmışdı, ancaq o görüntülər həmin günlərdə çox məşhurlaşdı”. (Azərbaycan müəllimi)