Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 14:14:00
Fuad Hacıyev: “Türkiyədə qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınmır”

İyunun 9-da Türkiyənin və dünyanın ən böyük sənaye universitetlərindən olan Ostim Texnik Universitetinin Bakı ofisinin açılışı baş tutub. Ostim Texniki Universitetinin Azərbaycan ofisinin direktoru Fuad Hacıyev bununla bağlı APA-nın suallarını cavablandırıb:

- Tez-tez “Attestatla Türkiyədə təhsil” başlıqlı reklamlarla qarşılaşırıq, attestatla təhsil leqaldırmı?

  • Əlbəttə ki, leqaldır. Bildiyimiz kimi, xarici vətəndaşlar da Azərbaycan universitetlərində attestatla təhsil ala bilir. Eyni şəkildə Azərbaycan vətəndaşları da attestatla Türkiyə universitetlərində təhsil ala bilir. Sadəcə, bəzi univesitetlər qəbul şərtlərini çətinləşdirmək üçün imtahandan keçməyi tələb edir ki, hər kəs rahat şəkildə qəbul ola bilməsin. YÖS, SAT kimi imtahanlar var ki, universitet prestijinə uyğun olaraq bu imtahanları tələb edir. Əgər, tələbə seçdiyi ixtisası başqa universitetdə oxumaq istəyirsə, o zaman imtahan verməyinə ehtiyac qalmır. Bu tələbənin seçimindən asılıdır.

- Attestatla sadəcə özəl, yoxsa dövlət universitetlərinə də qəbul olmaq olur?

  • Türkiyənin bir çox dövlət və bütün özəl universitetinə qəbul mümkündür. Sadəcə bəzi ixtisaslar var ki, onların qəbul şərtləri fərqlidir. Məsəl üçün, attestatla Türkiyənin Bahçeşehir Universitetinin maliyyə fakültəsinə qəbul mümkündür, ancaq tibb fakültəsinə attestatla qəbul mümkün deyil. Bu fakultə üçün daha çox rəqabət var. Bir çox bölgə universitetləri attestatla qəbula daha maraqlıdır. Əksər insanlar böyük şəhərlərdə təhsil almağı üstün tutur. Artıq İzmirdə yerləşən “9 Eylül” və Eskişehirdə yerləşən Anadolu, Osman Qazi Universiteti də attestatla tələbə qəbulunu həyata keçirir.

- Azərbaycanda qəbul imtahanından kəsilmiş şagird vaxt itirmədən həmin il Türkiyə universitetinə müraciət edə bilərmi?

  • Bəli, attestatında 2 yoxdursa, qəbul üçün müraciət edə bilər. Bizdə isə qəbul olmaq daha çətindir, təhsil prosesi isə nisbətən asandır. Türkiyədə təhsil daha yüksək səviyyəli olduğu üçün təhsil prosesi çətin olur. Universiteti bitirmək üçün daha əzmli çalışmaq lazım olur. Qəbul isə azərbaycanlı tələbələr üçün asandır.

- Türkiyədə təhsil alan tələbənin diplomu Azərbaycanda tanınırmı? Onlar işə qəbul zamanı hər hansı bir problemlə üzləşirlər?

- Türkiyədə əyani oxuyan tələbələrin diplomları 100% tanınır. Ancaq Azərbaycanın Təhsil Nazirliyi Türkiyədə qiyabi təhsil alan tələbələrin diplomlarını hazırda tanımır. Bu barədə öncədən insanları xəbərdar etmək lazımdır. Böyük ehtimal yaxın zamanlarda qiyabi təhsil alan tələbələrin diplomu da tanınacaq, çünki dünya artıq distant təhsil sisteminə keçib.

- Bəs Türkiyə universitetlərində təhsil haqları necədir?

  • Türkiyədə təhsil haqları baha deyil. Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin tələbələri Türkiyədə pulsuz təhsil alır. Digər tələbələr üçün qiymətlər seçdiyi bölgədən, universitetdən və fakültədən asılı olaraq təxmini 300-1000 manat arasında dəyişir. Daha ucuz təhsil təklif edən universitetlər də var.

- Bəzən tələbələr təhsili başa vurduqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bəs işə qabul zamanı orada Türkiyə vətandaşları ilə eyni haqlara sahib olurmu?

- Bəli, eyni haqlara sahib olurlar. İşə qəbul sırf tələbənin potansialından asılıdır. Məsəl üçün OSTİM Texnik Universiteti var ki, Ankara şəhərində yerləşir. Universitetin yaradılma səbəbi Türkiyə sənayesində işləyən mühəndisləri özlərinin yetişdirmə istəyidir. Universiteti yaxşı nəticələrlə bitirən tələbələr işlə təmin edilir. Fərqi yoxdur Azərbaycan vətandaşı və ya Türkiyə vətandaşıdır.