Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-28 11:48:00
Pandemiya təhsilimiz üçün də sınaq, dərs idi - Sədr müavini

Aldığımız dərsləri diqqətlə öyrənməli, yeni çağırışlara köklənməliyik...

“Vəziyyətin normal axara düşəcəyindən asılı olmayaraq, təhsilimiz yeni çağırışlara hazır olmalıdır. Biz bunu pandemiya dövründə daha yaxşı anladıq”.

 

 Bu sözləri 2020-2021-ci tədris ilinin yekunları ilə bağlı məsələyə münasibət bildirərkən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

Ekspert bildirib ki, bu hal təkcə bizim üçün xarakterik olmadığından, ilk dövrdən pandemiyanın yaratdığı fəsadlarla bağlı beynəlxalq təşkilatlarda növbəti belə halların yaşanacağı təqdirdə onun qarşısını almaq üçün yeni metod və vastələr hazırlanır. Bununla bağlı Azərbaycanda da müvafiq işlər aparılır. Düzdür, ilk vaxtlar pandemiya dövründə məsafədən təhsilin tətbiq edilməsi cəmiyyətdə heç də hamı tərəfindən rəğbətlə qarşılanmadı. Bu da təbiidir. Bununla belə, onlayn təhsilin tədrisin keyfiyyətinə təsirsiz ötüşməməsi birmənalı olsa belə, bu məsələyə yanaşmada keyfiyyət amilini qabartmağı heç bir halda ədalətli mövqe hesab etmək doğru olmaz.

 

Dövlətimiz və müvafiq əlaqədar qurumlar pandemiya dövründə təhsilin davamlılığını və dayanaqlılığını təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etdi. Biz də qəbul edirik ki, distant adlandırdığımız məsafədən təhsilalma forması ənənəvi təhsilin yerini verə bilməz. Bu cür təhsil forması daha çox ali təhsil üçün xarakterikdir. Orta təhsildə bunun tətbiq edilməsi üçün uyğun metodologiyaların hazırlanması zəruridir.Təkcə, onu xatırlatmaq kifayətdir ki, bu müddət ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə telekanallarında yayımlanan "Dərs vaxtı” verilişinin 10 minə yaxın buraxılışı efirə gedib. Ən iri milli platforma  olan "Virtual məktəb”də tədris ilinin sonlarına qeydiyyatdan keçmiş şagirdlərin sayı 1,5 milyona müəllimlərin sayı 130 minə çatıb.

Hətta mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsinin distant formada təşkil edilməsini, pandemiya şəraitində məsafədən təhsilin şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış olduğunu nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutuldu ki, böyük marağa səbəb olan və geniş auditoriyanı əhatə edən bu proses bu gün də davam etməkdədir.

Onu da nəzərdən qaçırmamalıyıq ki, bizi qəfildən yaxalayan pandemiya təhsilimiz üçün də bir sınaq dərsi idi. Ekstremal situasiyada əsas vəzifə təhsildə fasiləsizliyi təmin etmək, təhsilimizin ayaq üstə saxlanılmasını qorumaq idi ki, bu vəzifənin öhdəsindən gəlmək üçün, situsiyanı nəzarətdə saxlamaq, gedişata lokal xarakterli diferensial yanaşma, hibrid forma tətbiq etmə kimi alternativ çıxış yollarına əl atmaq zərurəti yaratmışdı.

Nobel Sülh Mükafatı laureatı Teodor Ruzveltin belə bir kəlamı var: “Harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.“Biz də vəziyyətə və şəraitə uyğun olaraq məsafədən və üz-üzə təhsili növbələşdirərək əlimizdəkilərlə nə edə biləcəkdiksə etdik, bəlkə də bir az da artıq... Görülən davamlı işlər bir daha göstərdi ki, ən çətin şəraitdə belə, təhsil bizim üçün prioritet sahə olaraq qalır.  İstənilən halda, aldığımız dərslər diqqətlə öyrənilməli, ciddi şəkildə təhlil edilməli, özümüzü yeni çağırışlara kökləməliyik.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları