Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 14:40:13
Akademiklərdən Akif Əlizadənin 5 illiyinə “beş”- “O, cavan oğlan kimi çalışır”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin fəaliyyətinin 5 ili tamam olur. Akif Əlizadə Azərbaycanın görkəmli geoloq alimi və əməkdar elm xadimidir, eyni zamanda Geologiya və Geofizika İnstitutunun direktorudur.

1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub. 4 Mart 2013-cü ildən etibarən, AMEA-a rəhbərlik edir. Bəs onun bu illər ərzindəki fəaliyyəti AMEA-ya nə kimi müsbət və mənfi təsir göstərib?

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AzEDU.az-a açıqlamasında bildirib ki, AMEA-da 2013-cü ildən bu yana geniş islahatlara start verilib:  

“Ölkə başçısının müəyyən etdiyi strateji xətt əsasında akademiya klassik modeli saxlamaqla, lazımı istiqamətdə yeniləşmə, modernləşmə işini həyata keçirir. Bu yöndə bir çox yeni işlər görülüb. Cənab prezidentin xüsusi sərəncamı ilə yaradılan Xüsusi Texnologiyalar Parkı akademiya tarixində tamamilə yeni hadisədir. Bu yüksək texnologiyalı park akademiyada elmi tədqiqatlar sahəsində əldə olunan ən böyük işlərin istehsalata tətbiq olunmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə böyük meydan açır. Eyni zamanda, AMEA-da Təcrübə Sənaye Zavodunun yaranması da aparılan yeni islahatların bir addımıdır. Artıq AMEA-nın bu zavodunda istehsal olunan məhsullar ölkə bazarında öz yerini tutmağa başlayıb. Həmçinin, həmin məhsulların xarici bazarlara çıxışı üçün də yollar axtarılır. Bir çox xarici şirkətlər artıq akademiya zavodunda hazırlanan məhsullar üçün müraciət edib. Həmçinin, birgə əməkdaşlıqla bağlı təkliflər də var.Yaxın zamanlarda bu zavodun Azərbaycan cəmiyyətinə gətirdiyi yeniləşmə, tutduğu yol diqqəti geniş mənada cəlb edə biləcək.

Eyni zamanda, son beş ildə AMEA-da müxtəlif bölmələr üzrə bir neçə yeni institut yaradıldı: Elm Tarixi, Qafqazşünaslıq, Molekulyar Biokimya, Biofizika İnstitutları var. Təbiət Tarixi Muzeyi də yenidən qurulub. Qafqazşünaslıq İnstitutu yeni yaradılan elmi qurum kimi artıq özünü təsdiqlədə bilib. İnstitutun bazasında Azərbaycan elm tarixində ilk dəfə olaraq qafqazşünasların birinci forumu keçirildi. Orada Qafqaz respublikalarından görkəmli alimlərin iştirakı ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış qafqazşünaslar da iştirak edirdilər. Onların materialları forumla bağlı tərtib edilən külliyyatda çap olundu. Bu, Azərbaycan tarixində qafqazşünasların sanballı əsərlərindən ibarət ilk külliyyatdır. İnstitut bu gün Gürcüstan, Şimali Qafqaz regionlarını, ən əsası isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş tədqiqatlar aparılır. Məsələlər geosiyasi, dünya qafqazşünaslığı prizmasından öyrənilir. Müxtəlif dilləri- gürcü, erməni, Şimali Qafqazda yaşayan xalqların dillərini bilən mütəxəssislər burada cəmləşib. Azərbaycan üçün taleyüklü məsələlərin daha dərindən öyrənilməsi üçün bu institutun fəaliyyəti çox faydalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru, Aşqarlar Kimyası İnstitutunun direktoru  Vaqif Fərzəliyev qeyd edib ki, AMEA Akif Əlizadənin idarəçiliyi altında xeyli inkişaf edib:

“Akif Əlizadə AMEA-nın fəaliyyətini yüksəltmək üçün bir çox islahatlar aparıb. Elm və təhsilin inteqrasiyası məsələsində yüksək səviyyədə irəliləyiş əldə olunub. Elm və istehsalat vəhdəti də möhkəmlənib. Ümumilikdə isə elm, təhsil, istehsalat sahəsində bir çox işlər görülüb. AMEA-da magistratura pilləsi yaradıldı, bir sözlə, fasiləsiz təhsil təmin edildi. AMEA-nın son 5 ildəki fəallığını əla qiymətləndirmək olar”. Kimyaçı alim, akademik Adil Qəribov AMEA-nın son 5 illik fəaliyyətini –Akif Əlizadə dönəmini yüksək qiymətləndirir: “Akif Əlizadə yaşından asılı olmayaraq cavan oğlan kimi çalışır. Onun fəaliyyəti dövründə bir çox islahatlar aparılıb, uğurlar əldə edilib. Təbii ki, söhbət savadlı beyin istehsalından getmir. Bu sahədə nələrisə dəyişdirmək olduqca çətindir. Ümumilikdə isə Akif Əlizadənin rəhbərliyi ilə AMEA-nın fəaliyyətində müsbətə doğru bir çox şeyin dəyişdiyini söyləmək olar”.

Akademik, fizika-riyaziyyat elmləri doktoru Hatəm Quliyev də həmkarları kimi Akif Əlizadənin bu illərdəki fəaliyyətini qənaətbəxş sayır:

“2013-cü ildən böyük islahatlara başlanılıb və dövlət üçün xüsusi əhəmiyyət kəsb edən vacib institutlar yaradılıb. Eyni zamanda, AMEA-da magistratura pilləsi təsis edilib. Burada, başqa universitetlərdən fərqli olaraq sırf elmi kadrlar hazırlanır. Bundan əlavə, texnopark formalaşdırılıb, AMEA-da əldə olunan naliyyətlərin ictimaiyyətə çatdırılması istiqamətində də ciddi işlər görülüb. AMEA-da Təhsil və Səhiyyə nazirliyi ilə birgə keçirilən kollegiya iclaslarının nəticəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə aparıcı institutlarında baza kafedraları yaradılıb. Bütün bunların hamısı Akif Əlizadənin adı ilə bağlıdır”.

Nəzrin RÜSTƏMOVA