Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 12:07:33
Fransada oxumaq istəyənlərin axtardığı  bütün suallar  və qaydalar AzEdu.az-da – DELFlə Parisə   

AzEdu.az  xaricdə təhsil məsələləri ilə bağlı silsilə yazılarını davam etdirir.

Bu dəfə daha bir mühüm, beynəlxalq statuslu DELF və DALF  imtahanlarından danışacağıq: 

Bu imtahanlar fransız dilində təhsil almaq istəyən və ya fransız dili sənədi tələb olunan yerlər üçündür. 

DELF (Diplôme d’études en langue française/Fransız dili öyrənilməsi Diplomu) ana dili fransız dili olmayanlar üçün Fransa Təhsil Nazirliyinin Beynəlxalq Pedaqoji Təhsil Mərkəzi (CIEP) tərəfindən təsdiqlənən dil sertifikatıdır.  Bu sənəd A1, A2, B1, B2 olmaqla, ilk 4 dil səviyyəsini əhatə edən 4 ayrı diplomdan ibarətdir. Daha yuxarı səviyyələr olan C1, C2 diplomları isə DALF imtahanı ilə əldə olunur. 

DELF imtahanı 3 hissədən ibarətdir: “DELF Prim” orta məktəb şagirdləri (yalnız A1 səviyyəsi), “DELF Junior et Scolarire” yuxarı siniflərdə oxuyanlar üçün nəzərdə tutulub. Üçüncü mərhələ olan “DELF Tous Publics” isə digər şəxslər üçün nəzərdə tutulub. DELF nəticəsi müddətsizdir. 

İmtahan haqqında 

DELF imtahanı dinləmə, oxu, yazı və danışıq olmaqla 4 hissədən ibarətdir. 

Birinci hissədə namizədlər müxtəlif mətnlərə qulaq asaraq, onlara müvafiq müəyyən suallara cavab verirlər. A1-dən B1-ə qədər olan səviyyələrdə hər mətnə 2 dəfə qulaq asılır  və A1 səviyyədə maksimum 3 dəqiqəlik, B1 səviyyədə isə 6 dəqiqəlik mətnlər olur. B2 imtahanında namizədlər cəmi 2 mətnə qulaq asır. Birinci mətn 2 dəfə, ikinci  isə yalnız bir dəfə dinlənilir və mətnlərin  ümumi həcmi 8 dəqiqəlik olur. 

Oxu mərhələsində iştirakçıların oxuma bacarıqlarını yoxlamaq üçün kiçik yazılar  təqdim olunur və müxtəlif üsullarla düzgün cavabı yazmalıdırlar. A1 və A2 səviyyələrində müxtəlif qısa mətnlər və işarələr təqdim olunur.  B1 və B2 səviyyələrində isə namizədlərə daha uzun mətnlər verilir. 

Üçüncü hissədə isə namizədlərin yazı bacarıqları yoxlanılır və hər səviyyəyə uyğun mövzular dəyişir.

A1 səviyyəsində birinci tapşırıq, tələb olunan şəxsi məlumatları doldurmaqdır. İkinci tapşırıq isə gündəlik həyata aid sadə mətn yazmaqdır. 

A2-də birinci tapşırıq qısa hadisəni və ya təcrübəni təsvir etmək, ikinci isə hər hansı dəvət, təbrik, qəbul, məlumatverici  mətn yazmaqdır. 

B1səviyyəsində inşa, məktub və ya məqalə şəklində verilmiş vəziyyətə şəxsi fikrinizi yazmaq tələb olunur.

B2-də şifahi anlama təqribən, 30 dəqiqə davam edir və ümumilikdə, 25 ballıq şkala ilə qiymətləndirilir. Bu hissədə namizədin həm qısa, həm uzun mətnləri şifahi üsulla başa düşmək qabiliyyəti yoxlanır. 

Yazılı anlama təqribən, 1 saat davam edir və ümumilikdə, 25 ballıq şkala ilə qiymətləndirilir. Bu hissədə namizədin yazılı mətnləri başa düşmək qabiliyyəti yoxlanır. Yazılı anlama imtahanı da 2 tapşırıqdan ibarətdir: 

Tapşırıq-1 - Fransa və ya Frankofon dünyası barədə informativ mətn; 

Tapşırıq- 2 -  Hər hansı arqumentasiyalı  mətn xarakteri daşıyır. Hər 2 mətn 500 və ya daha çox sözü əhatə edir. Hər bir mətn üzrə namizədə 10 sual verilir və hər tapşırığın dəyəri 12-13 bal olur; 

Yazılı ifadə  1 saat davam edir və bu hissədə namizəddən 1 mövzu ətrafında 250 sözdən ibarət arqumentasiyalı yazı yazmaq tələb olunur. Təqdim olunan mövzu hər hansı aktual mübahisəli məsələ, rəsmi məktub, tənqidi məqalə və s. ola bilər. Yazacağı məqalədə namizəddən müəyyən mövqe tutmaq və onu müdafiə etmək tələb olunur. 

Bu tapşırığın qiymətləndirilməsi müəyyən kriteriyalar əsasında aparılır: 

1) mətnin məzmununun tələb olunan situasiyaya uyğunluğu, söz sayının uyğunluğu;

2) mətnin üslubunun və dil səviyyəsinin verilən situasiyaya uyğunluğu;

3) fakt, hadisə və halların dəqiq və aydın ifadəsi;

4) vacib məqamları və ağılabatan detalları vurğulamaqla arqumentlərin dəstəklənməsi;

5) ifadə olunan fikirlərin bir bötüv olaraq əlaqələndirilməsi. 

Şifahi ifadə təqribən, 20 dəqiqə davam edir və ümumilikdə 25 ballıq şkala ilə qiymətləndirilir. Bu hissədə namizədin verilmiş qısa mətn barədə öz baxış bucağını təqdim və müdafiə etmə qabiliyyəti yoxlanır. Əvvəlcə mövzu təqdim olunur və namizədə hazırlaşmaq üçün yarım saat vaxt verilir. Sonra namizəd jüri qarşısında monoloqla çıxış edir. Monoloq bitdikdən sonra interaktiv debat başlayır. Namizəd jüri tərəfindən ona verilən suallara məntiqi və əsaslı cavablar verir. 

A1 səviyyəsi üçün  40, A2 üçün 60-80 söz, B1 üçün 160-180 və B2 üçün isə minimum 250 söz yazmaq lazımdır. 

Danışıq hissəsində A1, A2, B1, B2 səviyyələrində namizəd hər hansı bir fikri müdafiə etməlidir. 

Bütün səviyyələr üzrə DELF qiymətləndirmə sistemi eynidir. Hər hissə 25 bal olmaqla, cəmi 100 baldır. Keçmək üçün minimum hər hissədən  5, cəmi 50 bal toplamaq lazımdır. 

Daha yüksək səviyyələr üçün verilən DALF diplomu C1 və C2 olmaqla iki yüksək dil səviyyəsi üçün verilir. C2 ən yüksək səviyyə hesab olunur və fransız dilinin mükəmməl mənimsənilməsini göstərir. 

DALF C1

DALF C1 imtahanı 4 hissədən ibarətdir. Hər bir hissə 25 olmaqla cəmi 100 baldan ibarətdir. İmtahanı keçmək üçün hər birindən minimum 5 bal və cəmi 50 bal yığmaq lazımdır. 

Dinləmə imtahanı təqribən 40 dəqiqə davam edir. Namizədlər 2 səs yazısına qulaq asır və onlarla bağlı sualları cavablandırırlar. Birinci audioyazı təqribən 8 dəqiqəlik konfrans, dərs, müsahibə və s. ola bilər və 2 dəfə dinləmə şansı verilir. Sual kitabçasında təqribən 15 sual olur və onlar həm qapalı , həm də açıq suallar ola bilər. Açıq suallar qiymətləndirilərkən namizəddən yazmağı tələb edilən cavabın yalnız məzmununa diqqət edilir. İlk dinləməyə başlamazdan əvvəl suallara göz gəzdirməkçün 3 dəqiqə vaxt verilir. Dinləmə prosesində namizədə təqdim olunan sual kitabçasının səhifələrinin sağ tərəfində ayırılmış hissələrdə qeydlər götürmək sərbəstdir. Dinlədikdən sonra əlavə 3 dəqiqə də cavabları yazmaq üçün verilir. Bundan sonra eyni audiomaterialı ikinci dəfə dinləmə şansı verilir və cavabları tamamlamaq üçün 5 dəqiqə ayrılır. Dinləmə imtahanının ikinci hissəsi isə adətən hər biri 2 dəqiqə olmaqla ümumilikdə 10 dəqiqə çəkən bir neçə qısa səsdən: xəbər, anket, reklam mətnindən və s. ibarət olur. Bunlara yalnız 1 dəfə qulaq asmaq imkanı verilir. Bu hissədə suallara göz gəzdirmək üçün 20–50 saniyə vaxt ayrılır. Audioyazını dinlədikdək sonra 1–5 saylı qapalı suallara (questions aux choix multiples) cavab vermək üçün 30–60 saniyə vaxt verilir. İmtahanın bu bölməsi 25 ballıq şkala ilə qiymətləndirilir.

 

Oxuma mərhələsi təqribən 50 dəqiqə davam edir və namizədlər 1500–2000 sözdən ibarət 1 ədəbi və ya publisistik mətnə əsasən təqribən 10 sual cavablandırırlar. Suallar qapalı test, cədvəl və açıq sual tiplərində ola bilərlər. Bu bölmədə də maksimum bal 25 - dir

Yazı mərhələsi 2 saat yarım davam edir və 2 hissəyə bölünür. Birinci hissədə namizəddən bir neçə yazılı mətn əsasında 1000 sözdən ibarət  yazı tələb olunur. İkinci hissədə isə arqumentasiyalı esse yazmaq lazımdır. Namizədin essenin sahəsini seçmə şansı var: ədəbi və humanitar elmlər, yoxsa elm. İmtahanın bu bölməsi də 25 ballıq şkala ilə qiymətləndirilir.

Danışıq hissəsi 30 dəqiqə davam edir və şərti olaraq təqdimat və sual-cavab hissələrinə bölünür. Namizədə bir neçə yazılı sənəd təqdim olunur və onlarla bağlı təqdimat etməsi üçün 1 saat hazırlıq vaxtı verilir. Təqdimatdan sonra jüri namizədə suallar verir. Burada da iştirakçının essenin sahəsini seçmə şansı var. İmtahanın bu bölməsində də digərləri kimi maksimum bal 25- dir.

DALF C2 

DALF C2 imtahanı 2 hissədən ibarətdir. Hər hissə 50 baldan ibarət olmaqla cəmi 100 baldır. İmtahanı keçmək üçün hər hissədən minimum 10 bal və cəmi 50 bal toplamaq tələb olunur.

Şifahi hissədə 15 dəqiqəlik mətnə 2 dəfə qulaq asmaqla jüri üzvləri  ilə təqdimat və müzakirəyə 1.5 saat vaxt verilir. (1 saat hazırlıq, 30 dəqiqə imtahan vaxtı)

Yazılı hissədə isə təxminən 2000 sözlük mətnlərin əsasında mətn yazmaq tələb olunur. (3 saat 30 dəqiqə)

İmtahan Bakıda hər il 3 dəfə keçirilir: noyabr, fevral və mayın ortaları. İmtahanda iştirakhaqqı təqribən 110-120 manat olur və bu tariflər hər il tənzimlənir, yəni müəyyən dəyişikliklər ola bilər. Qeydiyyat  imtahandan 5-6 həftə əvvəl başlayır. İmtahanları IFA təşkil etsə də, yoxlanması və sertifikatların verilməsi hüququ CIEP-yə məxsusdur.

İmtahan nəticələrini əks etdirən sertifikat 2 həftə ərzində təqdim olunur. Universitetlərə isə sertifikatın əslini yox, surətini göndərmək lazımdır.