Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-15 13:12:00
“Son zəng” günü bir video ilə məşhurlaşan müəllim: “Xaricdə yaşayan tələbəm dedi ki, gündəmdəsən”  

Ötən gün “Son zəng” tədbirində rəqs edən şagirdlərini kənardan müşaiət edən müəllim bir anda sosial şəbəkədə məşhurlaşdı.

 

AzEdu.az xəbər verir ki, həmin şəxs Əməkdar artist, müəllim Elçin Allahverdiyevdir. 

 

O, 10 yaşından rəqslə məşğuldur:

 

“İlk dəfə 1981-ci ildə “Cücələrim” rəqs ansamblında müəllim kimi fəaliyyətə başladım. 1994-cü il “Səyyah” rəqs kollektivi, 2013-cü ildən isə həm Uşaq Filormoniyası, həm də “Səma” rəqs ansamblında çalışmışam. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında milli rəqslərimizin metodikası ilə bağlı dərs deyirəm, eyni zamanda, “Səma” rəqs ansamblında rəqslərə quruluş verirəm”.

 

Elçin Allahverdiyev 2018-ci ildə Əməkdar artist adını aldıqdan sonra Bakı Xoreoqrafiya Akademiyasına dəvət alıb.

 

O, ötən gün sosial şəbəkələrdə yayılan videosundan da danışıb.

 

“Dünəndən hamı mənə zəng edir və o videodan danışırlar. Yolda gələndə məni göstərib, bax, o müəllimdir deyirlər. Hətta hazırda xaricdə yaşayan tələbəm də mənə yığdı, videodan danışdı və dedi gündəmdəsən (gülür)”.

 

E.Allahverdiyev qısa zamanda tədbirdə şagirdlərin rəqs etməsi barədə də məlumat verib:

 

“Mənə zəng etdilər ki, “Son zəng” tədbiri üçün rəqs qurmaq lazımdır. Siz, bacararsınız? Dedim gələrəm görərsiniz. İki gün ərzində rəqsi hazırladıq. Əvvəlcə şagirdlərin ritm duyma qabiliyyətlərini yoxladım. Sonra birlikdə rəqsi qurduq.

 

Tədbirdə mən uşaqlara göstərirdim ki, fasilədə hərəkətləri düzgün etsinlər. Nəticədə gözəl çıxış etdilər. Mən hər zaman çalışmışam ki, Azərbaycan xalqının övladları milli rəqslərimizi sevə-sevə öyrənsinlər”.

 

Həmsöhbətimiz qeyd edib ki, rəqs öyrənən zaman əsas ritmi tutmaq lazımdır:

 

“Əgər sən ritmi duyub, qamətini şux saxladınsa, o zaman rəqs etməyi öyrənə bilərsən. Ritmi bilməyən insan heç vaxt rəqs edə bilməz. Rəqs aləmi böyük elmdir. Hər hərəkətin sayı var. Milli rəqslərin sayı cütdür. Hər bir hərəkətin baş hərfi var.

 

Məsələn, “S” hərfi ilə - “süzmə”, “sürmə”, “sındırma” hərəkətləri var. Mənim üçün rəqs - gözəlliyi yaşamaq və yaratmaqdır. Mən bütün ömrümü rəqsə bağlamışam. Hər zaman yenilik axtarıram ki, gözəl rəqslər qurum”.

E.Allahverdiyev təmənnasız şəkildə valideynləri tərəfindən atılan uşaqlara milli rəqslərimizi öyrədib:

 

“Mən illərcə ard-arda uşaq evlərində körpələrimizə milli rəqslər öyrətmişəm. Bundan ailəmin də xəbəri olmayıb. Mən əhd etmişdim ki, müəllim olsam valideyn himayəsindən məhrum olmuş uşaqlara rəqs etməyi öyrədəcəyəm. Hər həftənin şənbə, bazar günləri gedib uşaqlara rəqs öyrədirdim.

 

Mənə evdə deyirdilər ki, qonaqlığa gedək. Deyirdim ki, siz gedin, mən gələcəyəm. Mən uşaqlara rəqs öyrədəndən sonra işlərimin arxasınca gedirdim. Uşaq evləri arasında festivallar keçirilirdi, orada mən hazırlayan uşaqlar yer tuturdular. Xalq artistimiz Təranə Muradova ilə “Ümid evi”ndə biz uşaqlara rəqs öyrətdik. Oradan yeddiyə yaxın uşaq Bakı Xoreoqrafiya Akademiyasına dəvət edildi, indi onlar işləyir, hətta Fransada, Türkiyədə yaşayanlar da var”.

 

O qeyd edib ki, milli rəqs edən zaman incəlikləri bilmək lazımdır:

“Hər kəs toyda rəqs edən zaman elə bilirlər ki, bununla iş bitir. Bu belə deyil. Rəqsi hiss etmək lazımdır. Əslində rəqsə beş yaşdan başlamaq lazımdır. Amma elə insanlar var ki, özü üçün öyrənmək istəyir”.

O qeyd edib ki, milli rəqs edən zaman incəlikləri bilmək lazımdır:

“Hər kəs toyda rəqs edən zaman elə bilirlər ki, bununla iş bitir. Bu belə deyil. Rəqsi hiss etmək lazımdır. Əslində rəqsə beş yaşdan başlamaq lazımdır. Amma elə insanlar var ki, özü üçün öyrənmək istəyir”.

 

E.Allahverdiyevin tələbələri arasında Xalq artisti, Əməkdar artist olanlar da var. (Oxu.az)