https://www.zirve.edu.az/ #
2021-04-19 15:31:00
Heydər Əliyev və Azərbaycan iqtisadiyyat... - UNEC professoru yazır  

Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim iqtisadi yolumuzdur

Heydər Əliyev
Ümummilli lider

 

Milli-mənəvi dəyərlər və azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq, tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət – ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda ulu öndər gənclərimizi, xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “… Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

 

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən – nəsilə ötürmüşdür. Heydər Əliyev Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova Sosialist Əməyi  Qəhrəmanı adı verilməsinə nail oldu. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkəşli mərhələlərində belə mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək onlara həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.”

 

Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin qorunub saxlanması üçün böyük fədakarlıq göstərirdi.

 

Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.

 

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun xalqa mənən bağlılığını və İslami dəyərlərə sədaqətini göstərən parlaq dəlillərdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən, Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən ulu öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Islamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızn öz milli və dini ənənələrinə sadəqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb struktura malik olan milli-mənəvi dəyərlər sistemində onun üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil, din və adət-ənənə.

 

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət – ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi-dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

 

Ümummilli lider nəinki konsepsiyanı yaratdı, həm də çox böyük müdrikliklə, səbr və təmkinlə həyata keçirtdi. “…Fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyən ulu öndər bütün həyatı boyu mənəvi- əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

 

Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi, cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət, hər şeydən əvvəl, öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə, bəlkə də, maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərmağan edilməlidir.

 

Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun büyük sərvətidir. Heç vaxt iki xalq bir – birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

 

Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq İslam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi insanların həyatında mühüm rol oynamışdır.

 

Xalqımızın mənəvi inkişafında, gənclərimizin əxlaqının formalaşmasında azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində İslamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. Islamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi- nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını qeyd etmişdir.

 

Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha çox birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.

 

Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqlara öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini sevməyi, qorumağı və onları zənginləşdirməyi tövsiyə etmişdir.  Bu baxımdan ümummilli lider türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir. Abayın yubileyində bütün türkdilli ölkələrə milli-mənəvi dəyərlərin qorunması barədə  müraciət etmişdir.

 

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

 

Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmışdır. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır.

 

Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və İttifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi, informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəliri kəskin azalmışdı. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün ömrünü xalqa həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt  ulu öndər hakimiyyətə qayıtmasaydı, indi  Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.

 

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

 

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq təcrübəyə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Milli iqtisadi inkişaf konsepsiyamızı yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Beynəlxalq maliyyə institutları ilə əlaqələr yaradıldı, onların rəhbərləri  Bakıya dəvət olundu.

 

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

 

Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrikliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya, xalçaçılıq və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

 

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

 

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.

 

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqısı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. 1993-cü ildə ölkənin valyuta ehtiyatları 8 milyon ABŞ dolları idi. Hazırda isə bu rəqəm 39 milyard ABŞ dolları təşkil edir.

 

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

 

Ölkəmizin son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

 

Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  yaxından iştirakı ilə   qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Məhz Ulu Öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.

 

Heydər Əliyev müasir tariximizin çətin və kəşməkəşli bir dönəmində xalqın tələbi ilə dərin keçid böhranı yaşamış, iqtisadi potensialının yarıdan çoxunu itirmiş, kütləvi yoxsulluq və səfalətin tüğyan etdiyi boş xəzinəsi olan bir ölkəyə rəhbər gətirilmişdir. Qısa müddətdə ölkədə dövlətçiliyin əsası olan ictimai-siyasi sabitlik bərpa olunmuşdur. Bu əsas amil bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda zəruri islahatların həyata keçirilməsinə zəmin yaratmışdır. Aparılan ardıcıl iqtisadi islahatlarla qısa zamanda ölkədə makroiqtisadi sabitliyin əsası qoyulmuş, qiymətlərin sabitliyinə nail olunmuş, ölkənin zəruri valyuta ehtiyatı yaradılmışdır.

 

Umummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, bank sektorunun formalaşması və inkişafında da dönüş nöqtəsi olmuşdur. Heydər Əliyevin birbaşa diqqət və dəstəyi ilə bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirilmişdir.

 

Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda siçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırmışdır. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında yeni inkişaf modelini həyata keçirən, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin qurulması istiqamətində 2003-cü ildə bəyan edilmiş hədəflər artıq günümüzün reallığına çevrilmişdir. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.

 

İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir. Bunun üçün Mərkəzi Bank orta müddətli dövrdə çevik pul və məzənnə siyasətini yürüdəcəkdir. Maliyyə sabitliyi də Mərkəzi Bankın ən mühüm strateji hədəflərindən biridir. Bu mənada makro və mikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcəkdir.

 

Bank sektorunun əsas hədəfi yaxın 10 ildə maliyyə dərinliyini Ümumi Daxili Məhsula nisbətdə 100 faizə çatdırmaqdan ibarət olacaqdır. Bank biznesinin daha da müasirləşməsi, elektronlaşması və optimizasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir. Bank filiallarının, mikromaliyyə institutlarının regionlara intensiv istiqamətlənməsi, kənd bankçılığının inkişafı istiqamətində zəruri fəaliyyət təmin ediləcəkdir. Maliyyə dərinliyinin böyüməsində ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi mühüm rol oynayacaqdır. Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə köklü islahatların aparılması, iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində gördüyü misilsiz xidmətlər vardir.

 

Muasir dövrdə  başlıca strateji baxış mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam şəkildə təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabət qabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bankxidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təminediləcəkdir.

 

Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır.  Nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacaq.

 

2020-ci ilə Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu olkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas mənbəyi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlmişdir.

 

Azərbaycan Respublikası iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəldilməsi reallaşdırılacaqdır. Bu məqsədlə əlverişli coğrafimövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

 

Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosialiqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulacaqdır.

 

Digər tərəfdən  istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilənmərhələyə keçidin təmin olunmasıhədəflənir.

 

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi  kimi istiqamətləri özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçidin həyata keçirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəflənir.

 

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qorumaq, rəqabətqabiliyyətliliyini yüksəltmək və ixrac imkanlarını genişləndirməkdən ibarətdir. İxrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

 

Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından tam şəkildə istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi, bölgələrin inkişafının diqqət mərkəzində saxlanılması, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla regional inkişaf mərkəzlərinin formalaşdırılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulur.

 

İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya kommunikasiya texnologiyalarını inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması və həmçinin, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılmasıvə eləcə də, e-dövlət xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanın müasir dövlət kimi formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olacaqdır.

 

İstənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. Bu baxımdan əsas prioritetlərindən birini sosial sahələrin və insan kapitalının inkişafı təşkil edir. Təhsil və səhiyyədə keyfiyyətin artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir. Yoxsulluq məsələsi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraq “çoxfaktorlu yoxsulluq” anlayışı müstəvisində dəyərləndirilir. Azərbaycanda son on ildə yoxsulluğun köklü şəkildə azaldılması istiqamətində danılmaz nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə “mütləq yoxsulluq”probleminin həll edilməsi, yəni qəbul edilmiş meyarlar çərçivəsində yoxsulluq kateqoriyasına düşən insanların və ailələrin sayının kəskin azaldılması aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Hazırda “Azərbaycanda “mütləq yoxsulluq” problemi yenə də daim diqqət mərkəzində olacaqdır, bununla yanaşı, ölkədə əhalinin orta təbəqəsinin genişlənməsi, bu təbəqənin rolunun gücləndirilməsi başlıca məqsədlərdən biridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqə güclü olan ölkələr həm siyasi, həm də iqtisad, sosial və s. aspektdən daha dayanıqlı olur və daha yüksək inkişaf potensialına malik olur.

 

Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementlərini təşkil edir və Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il ortahesabla 1,1 faiz artaraq, 2021-ci ildə təxminən 10,2 milyon nəfər təşkil edəcəyi gözlənilir. Nəzərdə tutulmuş hədəflərin reallaşdırılması məqsədilə qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.

 

Mədəni irsin qorunub saxlanılması, onun səmərəli idarə olunması, yeni yaradıcılıq nəticələrinin qorunması və zənginləşdirilməsi, ətraf mühit və ekologiya problemləri də Konsepsiya çərçivəsində əsas prioritet kimi qəbul edilmiş və bu sahələrdə müvafiq siyasət tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

 

Yüksək rəqabət gücünə malik iqtisadiyyata doğru iqtisadi modelin formalaşması

 

Qarşıya qoyulan sosial-iqtisadi hədəflərə nail olunması yüksək səmərə ilə fəaliyyət göstərən, dünya çapında yetərli rəqabət gücünə malik iqtisadi sistemin formalaşmasını şərtləndirir. Tarixi və müasir təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində yer ala bilər. Bununla bərabər, iqtisadi və sosial sahələrdə davamlı yüksək artım templərinin təmin olunması bazar iqtisadiyyatı şəraitində dövlət tənzimləməsinin adekvat şəkildə qurulmasını, qlobal dünya iqtisadiyyatındakı son meylləri və istiqamətləri nəzərə almaqla bu tənzimləmənin daha da təkmilləşdirilməsini tələb edir.

 

Azərbaycanda keçid dövrünün başa çatması və yetkin bazar münasibətlərinin formalaşması şəraitində dövlət tənzimləmə və idarəetmə funksiyaları əsasən makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə işgüzar mühitin təkmilləşdirilməsi və sərbəst rəqabətin təmin olunması, yerli və xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tənzimləmə tədbirləri, investisiyalar və geniş miqyasda infrastruktur layihələrinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin səmərəli təşkili istiqamətlərində həyata keçiriləcəkdir.

 

Makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasətiaparılacaqdır. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək alətlər yer alacaqdır. İnflyasiya hədəfinə uyğun olaraq iqtisadiyyatın pula tələbatının ödənilməsinə xüsusi diqqət yetiriləcək, monetar idarəetmənin institusional bazası təkmilləşdiriləcəkdir.

 

Büdcə resurslarının formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsi, vəsaitlərin düzgün bölüşdürülməsi və xərclərin səmərəliliyinin artırılmasına  xüsusi diqqət yetiriləcəkdir. Müxtəlif büdcə riskləri (xarici, maliyyə, kənarlaşma, əməliyyat riskləri və s.) üzrə çevik qiymətləndirmə aparılacaqdır. İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.

 

Neft və qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdiriləcəkdir. Karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiya olunmasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçiriləcək və bu sahədə hazırda aparılan işlər intensivləşdiriləcəkdir.

 

Ölkənin tədiyyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır.

 

Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir. Qanunların davamlı və ədalətli şəkildə tətbiq edilməsi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.

 

Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünun artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata  eçiriləcəkdir.

 

Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir.

 

Eyni zamanda gömrük, miqrasiya və prosedurlarının təkmilləşdirilməsi, həmçinin investorları yerli bazarlara daxil olmaqdan çəkindirən amillərin aradan qaldırılması üçün səylər səfərbər ediləcəkdir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçirilməsi, qanunların dünya ticarət sistemində tətbiq edilən praktikaya uyğunlaşdırılması son nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır.

 

Bununla yanaşı, vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələr) optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.

 

Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlər davam etdiriləcəkdir. Antiinhisar qanunvericiliyi və praktikası təkmilləşdiriləcək, ticarətdə tətbiq edilən qeyri-tarif əngəllərinin aradan qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.

 

İstehlakçıların hüquqlarının müdafiə edilməsi işi gücləndiriləcək, məhsulların keyfiyyətinə səmərəli nəzarət mexanizmləri yaradılacaq, keyfiyyətə nəzarət üzrə milli standartlar hazırlanacaq və sertifikatlaşdırma sistemi təkmilləşdiriləcəkdir.

 

Sahibkarların ictimai birliklərinin, o cümlədən, peşə assosiasiyalarının yaradılması və inkişafı dəstəklənəcək, sahibkarlığın inkişafını əngəlləyən amillərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə müntəzəm monitorinqlər həyata keçiriləcəkdir.

 

Muasir  dövrdə həyata keçiriləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcəkdir. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq, tikinti-əmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcəkdir.

 

Elektron ödəniş, poçt əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcəkdir.

 

Sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrar sığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi ölkədə sığorta bazarının inkişafına yol açacaqdır. Kənd təsərrüfatı istehsalının sığortalanmasını stimullaşdırmaq məqsədilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. Habelə, lizinq xidmətlərinin göstərilməsi üçün qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi lizinq təşkilatlarının inkişafına və onların bazara daha asan daxil olmasına imkan yaradacaqdır ki, bu da lizinq təşkilatlarının infrastruktur və investisiya layihələrinin icrasında, kənd təsərrüfatının texnika təminatının daha münasib şərtlərlərə yaxşılaşdırılmasında mühüm maliyyə mənbəyi kimi lizinqin payını artıracaqdır.

 

Müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıistiqamətində mühüm addımlar atılacaq, qiymətli kağızlar üzrə qeyri-mütəşəkkilbazarın məhdudlaşdırılması, bazarın investorlar üçün cəlbediciliyinin artırılmasıməqsədilə sistemli tədbirlər həyata keçiriləcək, bazarın peşəkar iştirakçılarının fəaliyyətini və onlara nəzarət mexanizmlərini tənzimləyən qanunvericilik təkmilləşdiriləcəkdir.

 

Qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması və iqtisadi layihələrin maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəliinvestisiya vəsaitlərindən istifadənin genişləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün və ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması məqsədilə müvafiq şəraitin formalaşdırılması daim diqqət mərkəzində olacaqdır.

 

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Bu İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.

 

Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.(Modern.az)

 

Elnur Sadiqov

Azərbaycan Dövlət İqtisad Universitetinin,

UNEC Maliyyə və maliyyə institututlari kafedrasinin professoru, i.e.d.,

YAP idarə heyətinin uzvu