https://www.zirve.edu.az/ #
2021-04-19 10:00:00
Məleykə Abbaszadə  bitməyən müzakirələrə aydınlıq gətirdi 

Çağdaş zamanda ali təhsil müəssisələrinə qəbulla bağlı dünyada fərqli təcrübələr mövcuddur. Elə zamanda yaşayırıq ki, internet resursları bu təcrübələrlə hər kəsin tanış olmaq imkanını əlçatan edib. Bu, istənilən halda müsbət haldır.

 

Ancaq bəzən ali təhsillə bağlı qərarların verilməsində insanların təcrübələrə, gerçəkliklərə deyil, emosiyalara söykənməsi arzuolunan nəticə vermir.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Modern.az saytı və AzEdu.az təhsil portalı vasitəsilə imtahan və qəbul sisteminə aid suallara aydınlıq gətirir.

 

Sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.

 

Beləliklə, Məleykə Abbaszadənin əməkdaşlıq çərçivəsində cavabladığı və aktuallığı ilə seçilən  növbəti maraqlı tezisləri təqdim edirik: 

 

- Mərkəzi imtahan sistemi nəyə görə zəruridir?

 

- Almaniyanın Münxen Universitetinin professoru Ludger Woessmann tərəfindən həyata keçirilən ATƏT üzvü olan ölkələri və Almaniyanın əyalətlərini əhatə edən araşdırmanın nəticələri göstərir ki, mərkəzləşmiş imtahan sistemi olan ölkələrdə məktəblilərin fənlər üzrə bilikləri qeyri-mərkəzi sistemli ölkələrə nisbətən daha yüksəkdir. Müəllifin fikrincə bu fərq orta hesabla bir illik tədris fərqinə bərabərdir. Eyni araşdırmaya əsasən mərkəzləşmiş sistemlərdə imtahan vermiş gənclər gələcəkdə əmək bazarında da daha çox uğur əldə edirlər. Digər tərəfdən Rusiya Ali İqtisadiyyat Məktəbi (AİM) tərəfindən keçmiş sovet respublikalarının imtahan sistemlərinin təhlilinə həsr olunmuş 2020-ci ildə nəşr olunmuş tədqiqatda mərkəzləşdirilmiş imtahan sisteminin ali məktəblərə qəbul prosesində korrupsiyanın qarşısını almaq və aşağı sosial-iqtisadi statusa malik ailələrdən olan abituriyentlərin ali təhsilə əlçatanlığını təmin etmək üçün səmərəli vasitə olduğu qeyd olunur.

 

Bəzi tədqiqatçılar mərkəzi qiymətləndirmə sisteminin əsas çatışmazlığı kimi müəllimlərin təşəbbüs və yaradıcılıq qabiliyyətini zəiflətməsini və onların tədris prosesini imtahanlarda nəticə alınacaq şəkildə qurduğunu irəli sürürlər. Lakin, bu da bir həqiqətdir ki, müəllimlərin fərdi qiymətləndirmələri öz subyektiv yanaşması və konkret sinfin səviyyəsi əsasında formalaşır ki (psixologiyada bu fenomen “balaca göldə böyük balıq effekti” adlanır), bu da bir çox halda milli standartlardan uzaq olur və ölkə üzrə real müqayisə aparılmasına əngəl törədir.

 

Ümumiyyətlə imtahanların təhsil prosesinə təsiri məsələsi bütün dünyada elmi ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəbə olur və bu barədə hələ ki, vahid fikir formalaşmayıb. Bəzi alimlər yüksək əhəmiyyətli imtahanların istər-istəməz müəllimlərin və tələbələrin tədris yanaşmasına təsir etdiyini və onların daxili öyrənmə motivasiyasını zəiflədərək xarici motivasiyasını, yəni imtahandan yüksək nəticə almaq xatirinə öyrəndiyini irəli sürür. Digərləri isə ümumiyyətlə mərkəzləşmiş imtahanların üzərinə belə bir missiya qoymağın düzgün olmadığını qeyd edir. Belə ki, bu imtahanların məqsədi sadəcə seçmə həyata keçirməkdir. Onların fikrincə bu halda bütün günahı imtahanların üzərinə atmaqdansa diqqəti müəllim və valideynlərin mentaliteti üzərində işləməyə yönəltmək lazımdır. Təbii ki, tələbələrin imtahanların formatı ilə tanış olması onların imtahan zamanı özlərini rahat hiss etmələri baxımından faydalıdır. Lakin bu heç də o demək deyil ki, dərslər yalnız imtahan testləri üzərində qurulmalıdır. Bütün proses iştirakçıları bilməlidirlər ki, imtahanda tədris prosesində əldə olunmuş bilik və bacarıqlar müəyyən bir forma (test) çərçivəsində qiymətləndirilir və əsas olan bu forma yox, əldə olunan bacarıqlardır. O, da qeyd olunmaldır ki, uşaqlara mövzuların bütün aspektlərinin öyrədilməsi, onlarda mürəkkəb idraki qabiliyyətlərin və davamlı öyrənmə vərdişlərinin formalaşdırılması yüksək dərəcədə zehni əmək və peşəkarlıq tələb edən prosesdir. Peşəkarlıq səviyyəsi və motivasiyası aşağı olan bəzi müəllimlərin bu uzun və zəhmətli prosesi keçmək əvəzinə qısa yoldan gedərək tədris prosesini test sualları üzərində qurmağa üstünlük verməsi ehtimalını da nəzərə almaq lazımdr.

 

- Test imtahanları repetitorluğun artmasına səbəb olurmu?

 

- Nə qədər qəribə səslənsə də, bu da qlobal tendensiyadır. Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir. Bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur. Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər öz övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu sadəcə ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7.1% böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı, şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur.

 

- Universitetlər öz tələbələrini özləri seçsə, daha yaxşı olmazmı?

 

- Bu arqumenti gətirənlər ölkəmizdə mərkəzləşmiş qəbul sisteminin tətbiqinin əsas səbəblərini unudurlar. Belə ki, bu sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi. Qeyd olunan neqativ hallarla yanaşı, sistemin mahiyyətindən irəli gələn vahid standart və meyarların olmaması da qeyri-obyektiv qiymətləndirməyə və nəticə etibarı ilə ədalətsizliklərə səbəb olurdu. Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə asan yolla öz istəklərinə nail olmaq istəyən insanlar sistemdəki boşluqları sürətlə müəyyən edir və ondan istifadə edirlər. Bu cür boşluqları olan sistemdə cəmi bir-neçə pis niyyətli şəxsin olması kifayətdir ki, bütün akademik ictimaiyyətin etibarını şübhə altına qoysun və vətəndaşların dövlətə olan inamını zədələsin. İnsan faktorunun təsirini minimuma endirən, aydın standartlara əsaslanan avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları demək olar ki, tamamilə ortadan qaldırdı.

 

Ümumiyyətlə, təcrübə göstərir ki, yaxşı planlaşdırılmış mərkəzləşmiş sistemlərin tətbiqi yerlərdə korrupsiyanın qarşısını almaq və vahid xidmət standartların tətbiqi baxımından səmərəli yanaşmadır. Buna ən uğurlu nümunələrdən biri kimi ASAN Xidməti göstərmək olar. İlk baxışdan bir-birindən tamamilə fərqli olan orqanların üst-üstə düşən funksiyalarının bir xidmət çərçivəsində birləşdirilməsi xidmət səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb oldu. Burada həm ideyanın mükəmməlliyini həm də effektiv keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqini qeyd etmək lazımdır.