Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 16:17:00
“Yaxınlığımdakı partlayış məni qayaya çırpdı”-Fəal müəllim

Qazi Akif Quliyev: “Məktəbdə yetişən vətənpərvər gənclər döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi”

 

 

Vətən müharibəsinin qazisi Akif Quliyev 21 ildir müəllimdir. Elə doğulub boya-başa çatdığı Siyəzən rayonunda hərbi rəhbər kimi ad alıb, hörmət qazanıb. Yolu müharibənin od-alovundan keçib. 36 şagirdi ilə birlikdə gedib müharibəyə. Sadəcə müəllim kimi yox, zabit kimi də özünü göstərib. Azərbaycan Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Müharibəyə leytenant kimi gedib, baş leytenant olaraq qayıdıb. Ancaq medal və rütbə ilə bərabər, yara da alıb. Vətəni kimi, indi onun da yaraları yavaş-yavaş sağalır.

 

Fəal müəllim

 

Düz 21 ildir şagirdlərinə sağlam bədəndə sağlam ruh prinsipini aşıladığı Mikayıl Müşfiq adına 2 nömrəli Siyəzən şəhər tam orta məktəbin, Akif müəllimin rəhbərlik etdiyi gənc xilasedicilər komandası dəfələrlə ölkə birincisi olub.

 

Akif Quliyev 1977-ci ildə Siyəzən şəhərində müəllim ailəsində doğulub. Məktəb yaşı çatanda ailəsi onu daha yaxşı təhsil alması üçün Bakıya gətirib 4 nömrəli Ərəb-fars təmayüllü internat məktəbinə (hazırda S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası - red.) qoyublar. Ancaq 1990-cı ilin yanvarında Bakıda baş verənlər ailəni övladı ilə bağlı qərarlarına yenidən baxmağa məcbur edib. V sinif şagirdi Akif Quliyev təhsilinə Siyəzən şəhər 3 nömrəli tam orta məktəbində davam edib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində hərbi fakültədə təhsil alıb. Hərbi və fiziki təlim müəllimliyi ixtisası üzrə təhsilini leytenant rütbəsində tamamlayıb. 1999-cu ildə doğulduğu rayona qayıdıb. Təyinat aldığı 2 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi kimi işə başlayıb. 2007-2009-cu illərdə Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Quru qoşunlarında tağım komandiri leytenant Akif Quliyev ordudan tərxis olunan kimi məktəbə qayıdıb. O vaxtdan X-XI siniflərdə həm fiziki tərbiyə, həm də hərbi rəhbər olaraq fəaliyyətini davam etdirib: “Məktəbdə dərsdən yayınmağa çalışan, dəcəl, oxumağı sevməyən şagirdlərlə daha çox işləyirdim. Bir müəllim kimi yaxşı da nəticələr əldə elədim. Təhsil almağa marağı olmayan uşaqları idmana və hərbi dərslərə cəlb elədim. Məktəbimizdə komanda yaradıb bir çox ölkə əhəmiyyətli yarışlara qatıldıq. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışının 4 il dalbadal qalibi olmuşuq. FHN buna görə 2015-ci ildə məni təltif də edib. Rayon İcra Hakimiyyəti də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də fəaliyyətimi dəfələrlə qiymətləndirib. Ümumiyyətlə, məktəblərdə xilasedici komandamız məşhurdur. Bakı şəhərindəki istənilən məktəbdə bizim gücümüzü bilir”.

 

36 şagirdi ilə müharibədə

 

Akif müəllim minlərlə azərbaycanlı kimi general Polad Həşimovun şəhidlik xəbərindən təsirlənərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Müraciətində hər an torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşmağa hazır olduğunu bəyan edib: “Bir neçə müəllim yoldaşımla birlikdə gedib müraciət etdik. Alnımızdan bu qara ləkəni təmizləməliydik. Bunu biz eləməsək, övladlarımızın boynunda qalacaqdı.  2020-ci il sentyabrın 25-də zəng gəldi. Təlimlərə cəlb olunacağımızı bildirərək “hazırlaşın”, dedilər. Mən də hər zaman hazır olduğumu söylədim. Ayın 28-də səhər saat 5-də çoxdan gözlədiyim o zəng gəldi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi hissəyə 36 şagirdimlə birlikdə yola düşdük”.

 

Füzulidən başlayan döyüş yolu

 

“Ən ağır döyüşlər Füzuli istiqamətində olub”, - deyir.  41 günlük döyüş yolunun 24 gününü Füzuli uğrunda döyüşüb: “Füzuli uğrunda döyüşlərdə itkimiz çox olsa da, nailiyyətlərimiz də böyük oldu. Şəxsi heyətin istifadə etdiyi və döyüşdə sıradan çıxan hər silahımızın yerinə ermənilərdən 4-5 yeni silah götürürdük. Qənimət olaraq ələ keçirdiyimiz həmin silahların böyük əksəriyyəti təptəzəydi”.

 

Sonra Hadrut, Qubadlı, Şuşa uğrunda döyüşlərdə iştirak edib: “Hadrut, Narlıq uğrunda döyüş əməliyyatlarına qatıldım. Narlıq uğrunda döyüş çox ağır oldu. 20-dən çox yaralımız oldu həmin döyüşdə. Beton istehkamları yarmaq çətin idi. Ancaq ruhdan düşmədik. Qoyulan tapşırığı yerinə yetirdik. Öndə xüsusi təyinatlılar, onların arxasınca biz gedirdik. “Üçtəpə” ərazisinin də alınmasında iştirak etdim”.

 

Daşaltıda partlayan minamyot yolunu kəsdi

 

Nəhayət, Füzulidən başlayan döyüş yolunu Daşaltıda minamyot partlayışı dayandırıb: “Topxana meşəsindən keçib Şuşanı işğaldan azad etməliydik. Tapşırığa görə biz Daşaltı kəndini götürüb Şuşaya giriş-çıxışı bağlayacaqdıq. Həmin əməliyyatda yaralandığım üçün axıra qədər iştirak edə bilmədim. Yaxınlığımda baş verən partlayış məni qayaya çırpdı. Huşumu itirmişdim. Məni döyüş bölgəsindən xüsusi təyinatlıların şəxsi heyəti çıxarıb. Başımda qəlpə yaraları vardı. Qayaya çırpıldığımdan onurğam da zədələnmişdi. Kəllə-beyin travması almışdım. Bir ay danışa bilmədim”.

 

“Yara aldıqlarını gizlədirdilər ki, döyüşdən çıxarılmasınlar”

 

Qəhrəman müəllim döyüşdə dəfələrlə ölümlə burun-buruna gəlib. Şəhid olan, yaralanan döyüşçü dostlarını indi adı ilə yox, qəhrəmanlıqları ilə xatırlayır: “Şəhidimiz, yaralılarımız çox oldu. Ancaq bu müharibə millətimizin necə qəhrəman oğullara sahib olduğunu bir daha göstərdi.  Müharibədə bir daha şahid oldum ki, dəcəl, ipə-sapa yatmaz uşaqları fiziki və hərbi hazırlıq dərslərinə cəlb etməklə indiyədək doğru yolda olmuşam. Vətənpərvər yetişdirmək üçün illah da kitabı sevən uşaqlar seçməyimizə ehtiyac yoxdur. Məktəbdə yetişən vətənpərvər gənclər döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Yaralanır, amma yara aldıqlarını gizlədirdilər ki, döyüşdən çıxarılmasınlar. Minalanmış ərazidə döyüşçülərimizdən biri minaya düşdü. Ayaqları qopmuşdu, amma sağıydı. Ona köməyə getmək istəyənlərə “Gəlməyin” deyə qışqırırdı. Bilirdi ki, onu xilas etməyə getmək ölmək deməkdir. Onu ərazidən çıxarmağa getməsinlər deyə özünü vurdu”. 

 

Xəstəxana otağına sızan qələbə xəbəri

 

Danışa bilməsə də, qələbə xəbərini paylaşmaq üçün özünü danışmağa, gülməyə, düşüncələrini deməyə məcbur edib: “Psixoterapiyada yatırdım. Ən sevincli xatirələrimdən biridir qələbə xəbərini eşitdiyim o anlar. Gecə saat 3 olardı. Otağıma gəlib Ermənistanın məğlub olduğunu xəbər verdilər və məni də təbrik etdilər. O an keçirdiyim hissi sözlə ifadə eləmək olmur. Danişa bilməsəm də, fikrimi ifadə eləməyə, sevincimi paylaşmağa çalışırdım”.

 

Beləcə, qələbə sevincindən sonra da müalicəsi davam edib qazi müəllimimizin: “41 gündə yaxınlığımda çox mərmi partlamışdı. Hər dəfə həkimə müraciət etmirdim. Son partlayışın nəticəsi bir az da bu səbəbdən ağır olmuşdu. Həkim dedi mənə də. Vaxtında müraciət etmədiyimi söylədilər. Müalicəm fevral ayında bitdi. Fevralın 8-də Şuşadaydım. Döyüş yoldaşlarım da ordaydı. Amma çox qalmadım. Tərxis olundum və fevralın 9-da geri qayıtdım”.

 

Qələbəmiz yaralarımıza məlhəm olacaq

 

Ara-sıra müalicəsi davam edəcək Akif müəllimin. Müharibədən aldığı yaraların yeri bəlkə hələ çox sızıldayacaq. Ancaq bu sızıltı birlikdə getdiyi 36 şagirddən müharibədə qalanların yeri qədər dərin olmayacaq. Sızıldayan hər yaraya MİLLƏT OLARAQ qazandığımız qələbəmiz, bitməyən sevgimiz, tükənməyən qayğımızla məlhəm olacağıq.

 

Ruhiyyə DAŞSALAH, Azərbaycan müəllimi