https://www.zirve.edu.az/ #
2021-03-19 17:12:00
“Müəllim təkcə bilik bələdçisi deyil, həm də dəyərlər daşıyıcısıdır”  

Rusiyanın ən yaxşı müəllimi: “Bildiyiniz, bacardığınız və cəsarət edə biləcəyiniz hər şeyi paylaşın”

 

 

Rusiyada ənənəvi olaraq hər il keçirilən “İlin müəllimi” müsabiqəsinin qalibi elan olunub. Dünyanı bürümüş pandemiya səbəbindən builki müsabiqədə ölkənin bütün regionları əhatə olunmaqla müxtəlif yaş qruplarından olan müəllimlər iştirak edib. Ölkənin “Ən yaxşı müəllimi” mütləq qalibi adına Rostovdan olan riyaziyyat müəllimi Mixail Qurov layiq görülüb.   M.Qurov 21 yanvar 1988-ci ildə anadan olub. 2009-cu ildə Cənub Federal Universitetini bitirib, fizika-riyaziyyat elmləri namizədidir. On ildir dərs deyir, bir  sıra regional müsabiqələrin laureatıdır. İlin müəllimi kimi Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsovun ictimai müşaviri olacaq. M.Qurov Rostov şəhərindəki Klassik elitar təhsil liseyində çalışır. Onun yetirmələri hazırda Rusiya və dünyanın nüfuzlu universitetlərində təhsil alır.  M.Qurov “Azərbaycan müəllimi”nə müsahibəsində müəllimlərin bilik və təcrübə yarışmasından qazandığı təəssüratları, öz uğur hekayəsini bölüşüb. 

 

“Yenilikləri tətbiq edirəm”

 

- “İlin müəllimi” müsabiqəsi müəllimlər üçün çətin vaxta təsadüf etdi. Proses necə keçdi?

- Deyə bilərəm ki, “İlin müəllimi” kimi əhəmiyyətli bir müsabiqənin mütləq qalibi olmağın mənasını yalnız  indi başa düşdüm. Bir az dayanmaq və hər şeyi yenidən anlamaq istəyirəm. “İlin müəllimi” müsabiqəsində də özümü qismən yoxlamaq üçün iştirak etmək qərarına gəldim. Bu, təkcə müsabiqə deyil, ölkənin ən güclü müəllimlərinin pedaqoji təcrübə mübadiləsi üçün bir meydançadır. Həmkarlarımın fəal şəkildə bölüşdüyü yeni faydalı təcrübə axını altında rəqabət sözü belə yox oldu. Müsabiqə iştirakçılarının səviyyəsi məni çox təəccübləndirdi.  Onlar  son dərəcə parlaq, həvəsli,  fərqlidirlər, həm də  hamısı ən yüksək səviyyəli mütəxəssislərdir, öz işləri ilə yaşayan, gözlərində atəş olan, öz nikbinliyini və pozitivliyini  ətrafdakılara yoluxduran müəllimlərdir.

 

Çıxışıma gəldikdə, deyim ki, xüsusilə ustad-dərslər yaddaqalan oldu. Baxmayaraq ki, mövzu haqqında uzun müddət qərar verə bilmədim. Artıq həm metodik seminar, həm də “açıq dərs” (müsabiqənin birinci turunun sınaqları) hazır idi, ustad dərslər hələ də rəsmiləşdirilməmişdi. Mən pedaqogika və psixologiya ilə bağlı bir çox əlavə məlumatları yenidən işləyirdim. Axtarış zamanı çox sadə bir fikrə rast gəldim - “tənbəl beyin”. Beynin bu xüsusiyyəti ustad dərsin əsasını təşkil etdi. 

 

Nəticədə hazırladığın “Qaydalar və münasibətlər” adlı ustad dərsim dinamikliyi ilə tamaşaçılar üzərində güclü təəssürat yaratdı. Zal, münsiflər heyəti və fokus qrupu bunu nəzərə almadan ən mürəkkəb riyazi vəzifələri, o cümlədən imtahanın son vəzifələrini həll etdilər və bundan zövq aldılar. Düşünürəm ki, mənim qələbəmin açarı məhz ustad dərsim oldu. Maksimum hədəf müsabiqənin ikinci mərhələsinə çıxmaq idi. Çünki heç vaxt özəl təhsil müəssisəsinin nümayəndəsi 15 laureat arasına  daxil olmamışdır. Zərfdən mənim adımın olduğu bir blank çıxanda çiyinlərimə böyük bir məsuliyyət yükü düşdüyünü hiss etdim.

 

- Adətən, müəllimlər şagirdlərinin hər uğurundan məmnun olurlar. Qalib müəllim kimi  şagirdlərinizlə görüşə hansı hisslərlə gəldiniz?

- Birincisi, müsabiqədəki qələbəmdən sonra uşaqlar çox narahat oldular ki, mən yeni təkliflər alıb liseyi tərk edə bilərəm. Ona görə də əsas iş hamını sakitləşdirmək, izah etmək idi ki, onlarla olacağam və heç bir yerə getməyəcəyəm. İkincisi, müsabiqədə hər biri ən yüksək səviyyəli peşəkar olan həmkarlarımdan bir çox maraqlı fikir və pedaqoji yeniliklər öyrəndim. Artıq yenilikləri aktiv şəkildə təhsil prosesinə  tətbiq edirəm.

 

“Müəllimin şəxsi nümunəsi...”

 

- Pandemiya dövrü müəllimlik fəaliyyətinizə necə təsir etdi?

- Pandemiya, özünütəcrid və uzaqdan təlim dövrü mənim üçün olduqca çətin başladı. Evdən işləmək, xüsusən də ailədə azyaşlı uşaq olanda (ailəmdə 2 yaşı yenicə tamam olmuş qızım Mariya var) çox çətindir. Bundan əlavə, şagirdlərin cavab reaksiyasını məsafədən almaq daha çətindir. Hər şeyi daha ətraflı izah etmək lazımdır. Əminəm ki, distant əyani təhsili əvəz edə bilmir. Sistem belə formalaşıb ki, təhsil prosesinin mərkəzində müəllimin şəxsiyyəti dayanır. Buna görə də canlı ünsiyyət, müəllimin şəxsi nümunəsi çox vacibdir. Əlbəttə ki, indi distant format gündəlik həyatımıza bu qədər kəskin şəkildə inteqrasiya olunub, ondan tamamilə imtina etmək mümkün deyil  və buna ehtiyac da yoxdur. Bir sıra təhsil tapşırıqları var ki, onları distant formatında həll etmək çox rahatdır. Buna görə də inteqrasiya bundan sonra da davam edəcək.

 

- Fikrinizcə, uzun karantin dövrü təhsildə hansı problemləri aşkar edib? Riyaziyyat müəllimi kimi  pandemiya sizə hansı yeni imkanlar açdı?

- Ən qabarıq problemlərdən biri pedaqoji heyətin yeni informasiya texnologiyalarını mənimsəməyə hazır olmamasıdır. Bir tərəfdən, şagirdlə qarşılıqlı əlaqənin yeni formatına belə qəfil, kəskin keçid səbəbindən, bu gözlənilən idi.  Digər tərəfdən, hamımız gördük ki, məktəbdə pedaqoji heyətin informasiya savadlılığının artırılması üçün əlavə formal olmayan tədbirlər görmək lazımdır.

 

Distant təhsil rejiminə keçid mənim peşəkar inkişafıma yaxşı təkan verdi.  Mən əvvəllər də xüsusi  proqram təminatından,  məsələn, təqdimatların, mətni düzəltmək üçün proqramların yaradılması üçün istifadə edirdim, distant formata keçidlə  bu bacarıqlarımı təkmilləşdirmək üçün əlavə vaxt qazandım  Zaman, istək və ən başlıcası, tələbat ortaya çıxdı. Mən uşaqlarla maraqlı metodik işlər, paylama materialları, gözəl təqdimatlar aparırdım - bütün bunlar distant təhsilə keçid sayəsində mümkün oldu. Bu müddət ərzində mən müasir texnologiyalarla əlaqəli olan  bilik və bacarıqlarımı inkişaf etdirdim.

 

“Əsas bacarıq daim öyrənmə qabiliyyətidir”

 

- Sizcə, ən yaxşı müəllim kimdir?

- Müəllim bu gün sadəcə savadlı mütəxəssis deyil, ilk növbədə şəxsiyyətdir. Özünü daim inkişaf etdirən, ruhlandıran və motivasiya edən şəxsiyyətdir müəllim. Lider şəxsiyyətdir. Hesab edirəm ki, yalnız lider insan müasir cəmiyyətdə müəllimin çətin vəziyyətində özünü uğurlu hiss edə bilər. Bu gün özünü uğurlu və iş yerində inamlı hiss etməyən pedaqoq şagirdlər tərəfindən hörmətə bel bağlaya bilməz. Razılaşın ki, uşaqlar tez-tez müəllimlərini həm peşəkar, həm də mənəvi-psixoloji cəhətdən “möhkəmliyini sınamağı” sevirlər.

 

Bundan əlavə, müəllim təkcə bilik bələdçisi deyil, həm də tərbiyəçi - dəyərlər daşıyıcısıdır. Cəmiyyətin yeni üzvünü tərbiyə etməyin ən asan yolu isə, mənə elə gəlir ki, bu gün tamhüquqlu bir vətəndaşın zəhmətkeş, prinsipial və dürüst, fəal həyat mövqeyi olan, ətrafındakıların və bütövlükdə cəmiyyətin problemlərinə biganə olmayan, humanizm ideyasına sadiq olduğunu şəxsi nümunədə göstərməkdir.

 

Müəllim uşaqlar arasında sözsüz nüfuza malik olmalıdır. Şəxsiyyətin mənəvi-etik əsasının formalaşmasına təsir göstərməklə, şagirdlərini  arzu və xəyallara həvəsləndirməyi bacarmalıdır. Əgər müəllim öz dünyasında yaşayır və böyüyən nəslin həyatından tamamilə uzaqlaşırsa, bütün bunlar mümkün deyil. Müəllim müasir insan olmalıdır, özünün hansı dünyada yaşadığını və şagirdlərinin hansı dünyada yaşayacağını yaxşı anlamalıdır. Məhz buna görə də fikrimcə, müəllimin seçdiyi təhsil formatı böyük əhəmiyyət kəsb edir.

 

Fikrimcə, müasir müəllimin və ümumiyyətlə, peşəsində müəyyən uğur qazanmaq istəyən hər bir insanın ən əsas bacarığı daim öyrənmə qabiliyyətidir.

 

“Nailiyyətlərimi  və uğursuzluqlarımı şagirdlərimlə bölüşürəm”

 

- Sizin pedaqoji kredonuz.  Dərslərinizi necə qurursunuz? Şagirdlərin motivasiyasını necə dəstəkləyirsiniz?

- Pedaqoji kredom “İlin müəllimi” müsabiqəsində səsləndirilən fikrə tamamilə uyğundur - “Bildiyiniz, bacardığınız və cəsarət edə biləcəyiniz hər şeyi paylaşın”. İşimdə əsas məqsəd mövzuya marağı oyatmaqdır. Mən  bir  neçə motivasiya üsulunu hazırladım və sınaqdan keçirdim: Birincisi, bu, materialın adaptasiyasıdır. Mən kifayət qədər tez-tez uşaqların sevdiyi filmlərə, video oyunlara, kitablara  əsaslanan tematik tapşırıqları testlərə daxil edirəm. Bu yanaşma nəzarət gərginliyini aradan qaldırmağa, beyni boşaltmağa, şagirdin yaradıcılıq potensialını aktivləşdirməyə imkan verir. Həm də tez-tez mətn tapşırıqlarını təklif edirəm ki,  bu tapşırıların əsas qəhrəmanları buna psixoloji cəhətdən daha çox hazır olan uşaqlar, bəzən isə hamının sevdiyi lisey müəllimləridir.

 

İkincisi, şəxsi  nümunəmlə motivasiya yaradıram. Özümü, biliklərimi, bacarıqlarımı və səriştələrimi  sınamağı çox sevirəm. Mən müəllimlər üçün nəzərdə tutulan müxtəlif olimpiadalarda fəal iştirak edirəm. Məsələn, ötən ilin dekabrında Rusiyanın cənubunda keçirilən riyaziyyat müəllimlərinin illik müsabiqəsinin qalibi oldum. Nailiyyətlərimi və uğursuzluqlarımı şagirdlərimlə bölüşürəm, müsabiqədə mənə verilən məsələlər üzərində birgə düşünməyi şagirdlərimə təklif edirəm. Əgər onlar mənim bacarmadığımı həll edə bilsələr, yalnız sevinc hissi keçirirlər. Məlum olur ki, şagird  müəllimlə bir səviyyədədir! Bu, inkişaf üçün ən yaxşı motivasiya deyilmi? 

 

Və nəhayət, rahat mühitdə işləmək. Bu gün uşaqlarımız üçün rahat mühit internetdir. Sosial şəbəkələrin platformalarında uşaqlar və onların valideynləri günün istənilən vaxtı gecə-gündüz mənə sual verə bilərlər. Əlbəttə ki, bu motivasiya üsulları xarici xarakter daşıyır. Lakin onlar əsas vəzifəni yerinə yetirirlər - şagird riyaziyyatdan qorxmağa son qoyur.  Bu cür mühit problemin həllinə yumorla yanaşmaq və müəllimlə yarışmaq imkanı verir. Müəllim qarşıda duran tapşırığa qarşı şagirdin dostuna çevrilir.

 

“STEAM yanaşma mənə çox yaxındır”

 

- Son illərdə STEAM yeni fenomen kimi çıxış edir. Riyaziyyatın populyarlığı artır. Bu yanaşmada riyaziyyatın rolunu necə qiymətləndirirsiniz?

- STEAM yanaşma mənə çox yaxındır. Dərslərimdə həmişə öyrənilən hər mövzu üzrə geniş tarixi fleşbek (geridönüş təklif edirəm və əlbəttə ki, biz bütün nəticələrin tətbiqlərini ətraflı müzakirə edirik. Gələcəkdə uşaqlarla digər fənlərin qovşağında tətbiqi xarakterli elmi layihələrin yaradılmasını sınamaq istərdim. Ancaq ümumiyyətlə, riyaziyyatın bəzi spesifik xüsusiyyətlərə sahib olduğunu unutmaq olmaz. Riyaziyyat nədir? Riyaziyyat bütün qabaqcıl fundamental tədqiqatlar üçün bir vasitədir. Təmiz fundamental riyaziyyat uzaq perspektivə, yəni gələcək üçün işləyir. Hansı riyazi nəzəriyyələrin sabah  biomühəndislik,  informatika və s. üçün ən işlək vasitə olacağını biz haradan bilək? Buna görə də riyaziyyat məhz fundamental elm kimi inkişaf etməlidir.

 

- Mütləq qalib kimi bir il ərzində maarif nazirinin müşaviri olacaqsınız. Siz nazirə hansı sualları çatdırmağı planlaşdırırsınız?

- İlk addım müəllimin iş şəraitini yaxşılaşdırmaqdır. Müəllimlik peşəsi daim inkişaf etməyi və özünü təkmilləşdirməyi tələb edir. 

 

Ölkəmizdə ümumi təhsil sisteminin əsas problemi kadr heyətinin qocalmasıdır. Rusiyada müəllimin orta yaşı 50-dir. Gəncləşmə məktəbə hava kimi lazımdır. Gələcək müəllimlərin hazırlıq keyfiyyətini artırmaq lazımdır. Universitetlər tərəfindən toplanmış yenilikçi təcrübə gənc nəslin təlim-tərbiyəsi və inkişafında səmərəli istifadə olunmalıdır. Əlbəttə ki, peşənin nüfuzunu artırmaq lazımdır. Bundan əlavə, xarici həmkarlarımızın məktəblərə gənc kadrların cəlb edilməsi təcrübəsindən yararlanmaq faydalı olardı.

 

Oruc MUSTAFAYEV