Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 12:00:00
11 ildir kənd məktəbində çalışan müəllim – “Buradakı şagirdlər şəhərdəkilərdən daha şanslıdır”

AzEdu.az bölgələrdə çalışan müəllimlərin fəaliyyətini işıqlandırmağa davam edir. Bu dəfəki həmsöhbətimiz Şabran rayon Hacıqaraqaşlı kənd ümumi orta məktəbinin fizika müəllimi Şəlalə Məcidovadır. O, kənd məktəbinə təyinatı, kənd və şəhər müəllimlərinin bilik səviyyələri, həmçinin özünün fəaliyyəti ilə bağlı fikirlərini AzEdu.az-la bölüşdü:

 

“11 ildir ki, kənd məktəbində çalışıram”

 

“Sumqayıt Dövlət Universitetinin “Fizika” fakültəsini bitirmişəm. Şəhərdən Şabrana köçməyimin səbəbi ailə qurmağımla bağlıdır. Hazırda Şabran rayon Hacıqaraqaşlı kənd ümumi orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərirəm. 11 ildir ki həmin məktəbdə çalışıram. Həmçinin riyaziyyat fənnindən də şagirdlərə köməklik göstəririrəm”.

 

Şəlalə müəllim kənd və şəhər məktəblərinin bilik səviyyəsi ilə bağlı bunları qeyd etdi:

 

“Kənd və şəhər müəllimlərinin bilik səviyyəsində müəyyən fərq özünü göstərir. Belə ki, şəhər məktəblərində çalışan müəllimlər davamlı özlərini inkişaf etdirirlər. Çünki şagird sayı çox olur və bu, elmi müzakirələrinin artmasına səbəb olur. Kənd məktəbində isə şagird sayı azlıq təşkil edir və müəllimə az sual ünvanlanır. Həmçinin şəhər müəllimlərinin təlimlərə, seminarlara qatılmaq biliklərini təkmilləşdirmək şansları kənddəkilərlə müqayisədə artıqdır”.

 

O, kənd məktəblilərinin şəhərdəkilərinə nisbətən daha şanslı olduğunu düşünür:

 

 “Kənd məktəblərində təhsil alan şagirdlərin şəhərlə müqayisədə daha şanslı olduğunu düşünürəm. Sinifdə şagird sayı az olduğu üçün savadlı, məsuliyyətli müəllim təhsilə can atan şagirdə dərs müddətində daha artıq zaman ayıra bilir. Bu baş verdikdə şagirdin repetitor yanına getməyə ehtiyacı da qalmır. Məsələn, 45 dəqiqəlik dərs müddətində həm şagirdlərimə yeni mövzu izah edir, həm hər birini sorğu-sual edir, həm də çalışmalar işlədirəm”.

 

“Qrupda izahlar tam təmənnasız şəkildə edilir”

 

Gənc müəllim DİQ müsabiqəsi ilə bağlı qatıldığı qrupdakı fəaliyyətindən danışdı:

 

“Direktorların İşə Qəbul müsabiqəsində iştirak etməyi düşünürəm. Bu səbəbdən həmin müsabiqəylə bağlı bütün xəbərlər, yeni informasiyalarla maraqlanıram. Bir müəllim yoldaşım mənə bildirdi ki, votsap üzərindən DİQ müsabiqəsində iştirak edəcək namizədlərə kömək məqsədilə qrup yaradılıb. Qrupda müəllimlər müxtəlif suallar paylaşırlar, təcrübələrini bölüşürlər. Mən də qoşuldum və belə qərara gəldik ki, məntiqi izahlarla bağlı yeni qrup yaradılsın. Məntiq qrupunda sualların cavabını səsli izah edirdim. Hətta texniki fənləri sevməyən müəllimlər belə izahlarımı bəyənib, dinləyirlər. Bu proses davam etdikcə qrupa qoşulan müəllimlərin sayı artdı və bildirdilər ki, “kaş ki  məntiq fənni müsabiqədən çıxarılsın”. Onlara asan olması üçün hər gün məntiqdən 1 mövzunu izah edirəm. Mövzuları asan dildə, müxtəlif çalışmalar göstərməklə anladıram. Bu da müəllimlərin rəğbətini qazanmağıma səbəb oldu. Qeyd edim ki, qrupda izahlar tam təmənnasız şəkildə edilir. Müəllimlərdən bu cür müsbət reaksiyaları gördükcə bu işə daha həvəslə yanaşıram”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları