Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-22 16:20:00
“Bəzi müəllimlər dolma bükərkən belə dərs keçirdilər” -Psixoloq

 

 

18 fevral tarixindən ölkə ərazisində  I-IX siniflər üçün tədris mərhələli şəkildə bərpa edilir.   Lakin sosial şəbəkələrdə müəllimlər dərslərin açılmasından gileyli paylaşımlarına rast gəlinir.

 

Onlar ya virus təhlükəsindən, ya da yenidən qapanmaların olmasını səbəb göstərərək dərslərini bərpasını istəmirlər.

 

Mövzu  ilə bağlı  AzEdu.az-a açıqlama verən psixoloq Aytən Əliyeva müəllimlərin dərsə adaptasiyada çətinliklərinin səbəblərini izah etdi:

 

“İnsan gündəlik həyatında nəyə adət edirsə, ona da öyrəşir. Bu səbəbdən də ənənəvi dərslərin bərpası bəzi müəllimlərdə adaptasiya problemi yarada bilər. Onlayn tədris  zamanı bir sıra müəllim  dərslərini keçərkən, eyni zamanda, gündəlik işlərini də həll edə bilirdilər. Hətta bəzi müəllimlər dolma bükərkən belə dərs keçirdilər. Bu müəllimin adına yaraşmayan haldır.  Təbii ki, bütün müəllimlərə bunu aid etmək olmaz. Burada söhbət sosial şəbəkələrdə xoşa gəlməz səs yazıları, videoları yayılan müəllimlərdən gedir.

 

Onlayn dərslər şagirdlər üçün tam faydasız keçdi də demək olmaz. Onların kompüter biliyi onlayn dərslər dövründə inkişaf etdi. Bu gün yazıb oxumağı düzgün bilməyən şagird kompüter proqramlarını, xüsusilə də çətin oyunlarının öhdəsindən asanlıqla gəlir. Hətta bəzən biz böyüklər kompüter sahəsində onlara müraciət edirik”.

 

“Çox xırda metodlardan istifadə edərək bu çətinlikləri aradan qaldıra bilərlər”

 

A.Əliyeva açıqlaması zamanı adaptasiya problemlərinin həlli metodlarından da söz açdı:

 

 

“Bütün bunlara baxmayaraq, ənənəvi tədris  şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynayır. Onlayn tədrisdə müəllimlər dərslərin mənimsənilməsində böyük çətinliklər yaşayırlar. Bizə müraciət edən müəllim və valideynlər uşaqların diqqətini cəmləyə bilməməkdən gileylənirlər. Şagirdlər daim dərsi qarışdırmağa çalışırlar. Diqqətin olmadığı yerdə dərsin mənimsənilməsindən danışmaq olmaz.

 

Ənənəvi  dərslərə qayıtdıqda müəllimlər, əlbəttə ki, müəyyən adaptasiya problemləri yaşacaqlar. Çox xırda metodlardan istifadə edərək bu çətinlikləri aradan qaldıra bilərlər.  Hər müəllim öz psixologiyasını daha yaxşı tanıyır. Özünə uyğun proqram quraraq və sadə motivasiyalardan istifadə edərək adaptasiya problemlərini qısa bir zamanda həll edə bilər”.

 

 “Onlayn dərslər hər nə qədər pandemiya dövründə köməyimizə gəlsə də,  fəsadsız ötüşmədi”

 

Psixoloq Elnur Rüstəmov da açıqlamasında onlayn dərslərin gətirdiyi çətinliklərdən söz açdı:

 

“Ümumiyyətlə,  tədris prosesi uzun müddətdir ki, onlayn formada həyata keçirilir.  Yenidən ənənəvi tədrisə qayıtmaq həm müəllim, həm şagirdlər, həm də valideynlər üçün  adaptasiya problemləri yaradacaq.

 

Lakin biz ənənəvi təhsilə tez zamanda qayıtmalıyıq.  Onlayn dərslər hər nə qədər pandemiya dövründə köməyimizə gəlsə də,  fəsadsız ötüşmədi. Əsas çətinliyi isə ənənəvi tədrisə adaptasiyada görürük. Bu problem təhsilalanlarla yanaşı müəllimlərdə də müşahidə olunur. Bəziləri bunu yoluxma təhlükəsinin olmasında, digər bir qisim yenidən karantin və qapanmaların olması təhlükəsilə əsaslandırırlar.  Bütün bunlara baxmayaraq, müəllimlər ənənəvi dərslərin bərpasına təşviq edilməlidir”.

 

“Məktəb rəhbərliyi və məktəb psixoloqlarının üzərinə iş düşür”

 

Yaranan çətinliyin aradan qaldırılması yollarından danışan psixoloq, bu sahədə məktəb rəhbərliyinin rolunu xüsusi qeyd etdi:

 

“Müəllim və təhsilalanların yenidən ənənəvi tədrisə adaptasiyasında  məktəb rəhbərliyi və məktəb psixoloqlarının üzərinə iş düşür. Adaptasiyada çətinlik çəkən müəllim və şagirdlərlə fərdi söhbətlər, treninqlər aparılmalıdır. Ümumiyyətlə, ənənəvi tədrisə öyrəşmək 2 həftə zaman alacaq. Daha sonra, həyat öz axarına qayıdacaq”.