Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-03 11:39:05
Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyi tərəfindən elan edilən, 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinə layihə təkliflərinin qəbul müddəti təşkilat komitəsinin qərarına əsasən 10 gün uzadılıb.

Nazirlikdən AzEDU-ya verilən məlumata görə, layihə təklifləri martın 16-sı saat 18:00-dək qəbul olunacaq.

Məlumatda bildirilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Müsabiqə doqquz mövzu - təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodik bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastrukturun formalaşması və inkişafı; istedadlı uşaqların aşkarlanması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili üzrə keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti üç aydan az, 12 aydan çox olmamalıdır.