Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 11:35:00
“STEAM Azərbaycan”: Azərbaycanın 2030-cu ilə qədər inkişaf prioritetləri işığında

Fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədinin təsdiq olunması barədə sərəncam imzalayıb.  Azərbaycanın təhsil sisteminin nümayəndələri kimi,   “STEAM Azərbaycan” yenilikçi hərəkatının bütün hazırkı və gələcək iştirakçıları fəxrlə və sevinclə təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün belə çətin və həlledici məqamda Azərbaycan Prezidenti tərəfindən qəbul olunmuş həyati əhəmiyyətli və humanist qərarların həyata keçirilməsində  təhsilin və “STEAM Azərbaycan” layihəsinin rolunu və əhəmiyyətini dərk edirlər. 

 

Belə bir çətin dövrdə Azərbaycanın sağlam və xoşbəxt inkişafı üçün bu yenilikçi və əsaslı proseslərin bir hissəsi olmaq bizi nəinki ölkəmiz üçün qürurlandırır, həm də şərəf və böyük məsuliyyət hissi aşılayır. Vaxtında düzgün və vacib qərarlar qəbul etmək, təhsil nümayəndələri olaraq bizə bu hərəkatın bir hissəsi olmağımız üçün fürsət və şərait yaratmaq  insanlığın və humanizmin ən yüksək təzahürüdür.

 

Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş inkişaf prioritetləri işığında STEAM təhsilin  Azərbaycan təhsil sistemində vaxtında tətbiqini minnətdarlıq hissi ilə dərk edirik.

 

STEAM təhsilinin əsasını  təhsilalanların yaşadıqları cəmiyyətin gerçək problemlərini həll edərək lazımi bilik, səriştə və bacarıqlara yiyələnməsi təşkil edir.

 

Beləliklə, erkən yaşdan başlayaraq uşaqlarımız məktəbdə yalnız gələcəkdə faydalı olacaq  bilik əldə etməyəcəklər, həm də artıq  məktəbli partasından dünyanı və cəmiyyəti başa düşmək, bu və ya digər problemin səbəbini tanımaq,  həll etmək yollarını necə axtarmağı öyrənəcəklər.

 

Və ən əsası,  STEAM təhsili şagirdlərin özləri tərəfindən ortaya qoyulan və ya kəşf edilən, real problemləri həll etmək yolu ilə öyrənmədir, bu yanaşma ilə onlara lazım olacaq biliklər şüurlu, motivasiya ediləcək və qısa müddətli bir təqdimat deyil, möhkəm  bilik bazası yaradacaqdır.

 

Və çox vacibdir ki, bu yanaşma ilə gələcək peşəni, ictimai həyatda rolunu seçmək onlar üçün şüurlu və könüllü seçim məsələsinə çevriləcəkdir.

 

2019-2020-ci tədris ilinin əvvəlindən STEAM təhsilin (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) Azərbaycan təhsil sistemində tətbiqinə başlanılmışdır. STEAM təhsil bir sıra inkişaf etmiş ölkələrin təhsil sistemində mühüm yer tutur. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə 21-ci əsrin əsas bacarıqlarını - yaradıcı düşüncə, əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə, müxtəlif proqramlaşdırma dillərinin öyrənilməsi və tətbiqi hesabına innovativ texnologiyalardan istifadə etmək qabiliyyətini inkişaf etdirməyə yönəlib, sahibkarlıq düşüncəsinin inkişafına da töhfə verir.

 

Biz həm beynəlxalq əməkdaşlığımız çərçivəsində, həm də təhsilalanların gələcək peşəkar inkişafı, onların həyat yollarını müəyyənləşdirmək üçün hazırladığımız STEAM-təhsil proqramının aktuallığına çox diqqətlə yanaşırıq.

 

STEAM təhsilin sürətlə yayılması və inkişafı ixtisaslaşdırılmış heyətin olmasını tələb edir. Bu baxımdan şagirdlər gələcəyi planlaşdırmalı və yaşadıqları dövrə uyğun ixtiralar etməyə hazır olmalıdırlar. Məlumdur ki, bəşəriyyətin intellektual elitası müəyyən edilmiş alqoritmdən kənara çıxıb istənilən zaman və hər vəziyyətdə qeyri-standart düşünə bilən istedadlı insanlardan ibarətdir.

 

Öz bacarıqlarına uyğun olaraq, onlar  təhsil aldıqdan sonra inkişaf və tərəqqi istiqamətini, təkamül prinsiplərini və onun tempini müəyyənləşdirirlər. Bu baxımdan xüsusi qabiliyyəti və istedadı olan uşaqlarımız milli intellektual elitanın nəinki daşıyıcıları və tükənməz resursları, həm də milli sərvətimizin və gələcəyimizin təminatçılarıdır.

 

İnanırıq ki, bugünkü şagirdlər - STEAM-layihə iştirakçıları gələcəkdə ölkəmizi yüksək texnologiya istehsalçısına çevirə biləcəklər.

 

İlkin mərhələdə 2-14 sentyabr 2019-cu ildə Təhsil Texnologiyaları Mərkəzində “STEAM Azerbaijan” layihəsi çərçivəsində təlimlər keçirilib. Təlimlərdə 42 məktəbdən 104 müəllim iştirak edib. Təlimlər  zamanı  Layihə Əsaslı Öyrənmə (PBL), Mikrobit, 3D Cad Modelləşdirmə modulları tədris olunub.

 

2019-cu ilin oktyabrında ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-ın tədrisinə start verilib. İlkin mərhələdə STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. 2020-ci ildən regionların da plana uyğun şəkildə STEAM layihəsinə qoşulması həyata keçirilir.

 

Əgər  ötən tədris ilində layihə yalnız Bakı şəhəri üzrə 42 məktəbi əhatə edirdisə,  2020-2021-ci tədris ilindən STEAM layihəsi Bakı şəhəri ilə yanaşı Azərbaycanın müxtəlif  bölgələrində  - Gəncə, Şirvan, Qax, Qəbələ, Sumqayıt, Lənkəranda reallaşdırılacaq.  Biləsuvar, Quba, Mingəçevir, Şamaxı, Zaqatala və digər rayonlar da daxil olmaqla ölkənin 45 regionunun 147 məktəbində, eyni zamanda 8 kənd məktəbindən 25000 şagird layihənin iştirakçıları olacaqlar.

 

2020-ci il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma “STEAM Azərbaycan” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb.

 

Fevralın 1-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

 

Ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-lisey ölkədə sayca 3-cü, Abşeronda isə birinci tədris müəssisəsidir ki, 6-11 yaşlı şagirdlər də daxil olmaqla, STEAM təhsil metodunun tətbiqinə başlanılır.

 

Fəaliyyət planına uyğun olaraq növbəti 2021-2022-ci tədris ilindən etibarən layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, ötən tədris ilinin VI sinif proqramına “STEAM-a giriş”, “Rəqəmsal incəsənət”, “Tinkercad və 3D çap”, müxtəlif mühəndis modulları (Mexanika, Ekologiya, Elektrotexnika), birplatalı mini-kompüterlərdə kodlaşdırma (Micro: bit) kimi modullar daxildir. Bu tədris ilində modul- 3-D-qələm əlavə olunub.

 

Hazırda VII siniflər üçün “Aerokosmik texnologiyalar” - pilotsuz uçan aparatlar (PUA), “Lazer kəsmə” - CNC dəzgahlarını da əhatə edən bir proqram hazırlanmışdır. Bundan əlavə, Biotexnologiya, Nanotexnologiya modulları hazırlanaraq proqrama əlavə olunub.

 

VIII siniflər üçün STEAM proqramının hazırlanması da layihənin inkişafının prioritetlərindən biridir. Layihənin genişləndirilməsi cəmiyyətin müasir tələblərinə uyğun olaraq yeni yaradıcı nəslin formalaşmasına kömək edəcək. Növbəti tədris ilinin məqsədlərindən biri məktəblər və şagirdlər, layihə iştirakçıları üçün vahid elektron platforma yaratmaqdır. Bir sıra məktəblərin beynəlxalq STEAM şəbəkələrə qoşulması planlaşdırılır. Müxtəlif yaş qruplarından (STEAM Kids, Junior, Senior) olan şagirdlərin istifadə etmələri üçün STEAM mərkəzləri yaradılır.

 

 

Azərbaycan müəllimi